Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-137/2024 06.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci il tarixdə Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olmuş, 2012-ci il tarixdə Akademiyanı bitirmiş, Dövlət Sərhəd Xidmətinin Aviyasiya dəstəsində pilot qismində işləyərək xidmət etmişdir. 2017-ci il tarixdə hərbi xidmət zamanı paraşütçü hazırlıq kursu və praktiki tullanışları təlimində paraşütdən tullanış yerinə yetirən zaman xəsarət almışdır. Aldığı travma ön çarpaz bağının qopması, medial minsik arxa buynuzunun 2-ci dərəcəli yırtığı, həmçinin hərbi xidmət zamanı xəstəlik olaraq talessemiya xəstəliyi və qida borusunun yırtığı xəstəliyinə düçar olmuşdur. Bundan sonra, etdiyi müraciətlərdən sonra 2017-ci il tarixdə yekunda ona Həkim Komissiyası tərəfindən aldığı xəsarətin travma olduğu, xəstəliklərin mövcudluğu və travma, o, cümlədən xəstəliklərin hərbi Xidmət dövründə aldığını təsdiqlədikdən sonra ona xx.xx.2019-cu il tarixdən xəstəlik barədə şəhadətləndirmə aparılsa da hələ də əlillik dərəcəsi təyin edilməmişdir. Xəstəlik barədə məlumatı xx.xx.2023-cü il tarixdə elektron olaraq, dəfələrlə şikayətindən sonra əldə etmişdir. Hələ də ona hərbi qulluq dövründə qazandığı, travma və xəstəliklərlə bağlı əlillik dərəcəsinin təyin edilməsi təmin edilməmişdir. Onun xəstəliyi ilə bağlı aparılmış müayinə və müalicələrlə bağlı həkimlər tərəfindən aparılmış müayinə nəticəsində qoyulmuş diaqnozlar ilə bağlı yuxarda qeyd edildiyi kimi sənədləri göndərilsə də ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı hərəkətsizliklə imtina edilmişdir. O cavabdehin imtinasını əsassız hesab etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 06 mart 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, Göygöl rayon sakini xx.xx.1990-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyətini qiymətləndirmək üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 1661 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Anemiya və splenomeqaliya ilə fəsadlaşmış Beta heteroziqot talassemiya funksiyaların mühüm dərəcədə pozulması ilə. Funksiyaların pozulması ilə müşayiət olunmayan diafraqmanın qida borusu dəliyinin birinci tip, birinci dərəcə yırtığı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi və “Sağ diz oynağının ön çarpaz bağının hissəvi qopması və medial meniskinin arxa buynuzunun cırılmasına görə xx.xx.2018-ci il tarixdə aparılmış “Ön çarpaz bağının rekonstruktiv bərpası və artroskopik aşağı ətraf əzələlərinin atrofiyası (2.0 sm) funksiyaların mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda hərəkət məhdudluğundan şikayətlənmiş, talasemiya daşıyıcısı olduğunu bildirmişdir. Müayinə zamanı sağ diz nahiyəsində 5-6 sm ölçüdə keçirilmiş əməliyyata müvafiq yumşaq toxuma çapığı izlənilmiş, sağ dizdə 170-90 dərəcə arası hərəkət müşahidə edilmiş, atrofiya, parez, iflic izlənilməmiş, əzələ gücü və tonus normal, reflekslər canlı, D=Salınmışdır. Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışda qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Təqdim olunmuş, xx.xx.2022-ci il tarixli Sağ diz MR müayinəsinin nəticəsi "Ön çarpaz bağ rekonstruksiya əməliyyatına bağlı sümük dəyişiklikləri izlənilmişdir. Mövcüd dəyişikliklər xaricində sümük strukturlarda bariz görünümdə patoloji əlamət izlənilmədi. Rekonstrukte (yenidən qurulmuş) ön çarpaz bağ yolları dəyərləndirildikdə isə koronal ve sagital kəsimlərdə bariz görünümdə qalın görünümlü rekonstrukte bağ görüntüsü izlənilmişdir. Tərif edilən nəticələr ikinci mərhələdə sprain əlaməti lehinə dəyərləndirildi. Bu baxımdan pasientə kliniki nəticələr ilə birlikdə də dəyərləndirilmə məsləhət görülmüşdür” kimi qeyd olunsa da, əlillik təyinatına əsas verməmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 969 nömrəli Tibbi Rəyində diaqnoz “Talassemiya əlamətlərinin daşıyıcılığı” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « MTE və PAB » PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 864/2023 nömrəli ekspert rəyi, AR ƏƏSMN DTSERA tərəfindən məhkəməyə təqdim edilmiş etiraz, TSEK müayinələrin nəticələri, AR ƏƏSMN DTSERA Tibbi-Sosial Ekspert Komissiyasının qərarları əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş TSEK müayinələrin nəticələrindən görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilən müayinənin nəticəsində İddiaçı “Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, sağ diz oynağının ön xaçabənzər bağının qopması, menisk cırılması. Artroskopik ön xaçabənzər bağın bərpası və meniskektomiya c/ə-dən sonrakı vəziyyət, talassemiya əlamətlərinin daşıyıcılığı” diaqnozu əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir . Məhkəmə qeyd edir ki, İddiaçı barəsində keçirilmiş bütün müayinələrin nəticələsi olaraq onun barəsində əlillik dərəcəsinin təyin olunması cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞnin xx.xx.2023-cü il tarixli, T 864/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, sağ diz oynağının ön xaçabənzər bağının qopması, menisk cırılması (2018), atroskopik ön xaçabənzər bağın bərpası və meniskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət, talassemiya əlamətlərinin daşıyıcılığı” diaqnoz hazırda da əyani müayinədə əlillik təyini səviyyəsində deyildir. Buna görə də, əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Bununla yanaşı iş materiallarına əlavə edilmiş TSEK müayinə nəticələrindən görünür ki, İddiaçı müxtəlif vaxtlarda X1 MMC-də “Talassemiya əlamətləri daşımaq” diaqnozu ilə (klinik diaqnoz XBT kodu 56.3), Milli Hematologiya və Transfuzioloji Mərkəz, Gəncə TTY və ETTOİ-də “Diz oynağının (ön) (arxa) xaçabənzər bağının gərilməsi, cırılması və həddən artıq gərginləşməsi” diaqnozu ilə (klinik diaqnoz XBT kodu 83.5) olmuşdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında Qərarda əlillik təyin edilən xəstəliklərin siyahısında “Talassemiya əlamətləri daşımaq” (klinik diaqnoz XBT kodu 56.3) və “Diz oynağının (ön) (arxa) xaçabənzər bağının gərilməsi, cırılması və həddən artıq gərginləşməsi” (klinik diaqnoz XBT kodu 83.5) diaqnozları göstərilməmişdir. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçının müayinəsi zamanı qoyulmuş diaqnozlar əlillik əlaməti təyin etmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə təyin edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında Qərarda əlillik təyin edilən xəstəliklərin siyahısında mövcud olmadığından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində əlilliyin bərpa edilməməsi mövqeyi haqlıdır və bu səbəbdən iddia təmin edilməməlidir. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.7-ci maddəsinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-137/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-137/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver