Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1372/2020 29.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X2, Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarxli, Ə155-138-20 nömrəli əmrinin ləğv edilərək, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020ci il tarixədək peşə fəaliyyətini icra etmiş, xx xxxxx 2020-ci il tarix Bərdə RPŞ-nin rəisi Muradəli Babayev onu xidməti kabinetinə dəvət edərək heç bir səbəb göstərmədən xidməti vəsiqə və nişanı alaraq onu qovmuşdur. Bundan sonra iddiaçı hansı əsasla işdən çıxarılması və bu barədə əmrin verilməsi üçün müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. Daha sonra vəkil tərəfindən onun iş fəaliyyətinə dair sənədlərin, o cümlədən işdən çıxması barədə əmrin təsdiq edilmiş surətinin verilməsinə dair sorğu göndərilmiş və sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli, 138-15606-1220 saylı məktub göndərilmişdir. Məktubda qeyd olunmuşdur ki, DİN-nin xx.xx.2020-ci il tarixli, Q9-001-20 nömrəli qərarı ilə təsdiq olunmuş “Xüsusi karantin rejimi dövründə tətbiq olunan hərəkət məhdudiyyətlərinə riayət edilməsinə nəzarət Qaydaları”nın tələblərini pozaraq xx.xx.2020-ci il tarixdə xüsusi polis postunda xidmətdə olarkən ciddi nöqsanlara yol verdiyinə, habelə xidməti təhqiqat zamanı qeyri-səmimiliyə yol verdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşlarının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Bərdə RPŞ-nin xx.xx.2020-ci il tarixli, Ə155-138-20 nömrəli əmri ilə iddiaçı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Hesab edir ki, işdən çıxarılması qanunsuz və əsassızdır. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onu xx.xx.2020-ci il tarixdə Cavabdeh rəisi yanına çağırmış və qanun pozuntusuna yol verdiyini bildirmiş, 3-4 gün sonra isə iş yoldaşları ona işdən azad edilməsi barədə məlumat vermişdir, həmçinin rəis onun atasına ismarıc göndərmişdir ki, o, 2 ay evdən çıxmasın. İddiaçının vəkili X4 məhkəməyə iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə iddiaçının adından ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqanın vəkili X3 məhkəmə iclasında müddətin bərpa edilməsinə etiraz edərək bildirmişdir ki, iddiaçının vaxtında iddia qaldırmaq üçün bütün imkanları olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli, Ə155-138-20 nömrəli əmrindən görünür ki, İddiaçı DİN-nin xx.xx.2020-ci il tarixli, Q9-001-20 nömrəli qərarı ilə təsdiq olunmuş “Xüsusi karantin rejimi dövründə tətbiq olunan hərəkət məhdudiyyətlərinə riayət edilməsinə nəzarət Qaydaları”nın tələblərini pozaraq xx.xx.2020ci il tarixdə xüsusi polis postunda xidmətdə olarkən ciddi nöqsanlara yol verdiyinə, habelə xidməti təhqiqat zamanı qeyri-səmimiliyə yol verdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşlarının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən normalarda nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdehnə çağrılaraq şöbənin rəisi ilə olan dialoqdan sonra işdən azad edilməsixidməti hüquq münasibətlərinə xitam verilməsi barədə məlumatlı olmuş və qanunla müəyyən edilmiş müddət ərzində bərpa olunmasına cəhd etməmiş və məhkəməyə müraciət etməmişdir. İddiaçının Bərdə rayonunda fəaliyyət göstərən vəkillərə polis tərəfindən təzyiq ediləcəyi baxımından inam göstərməməsi, bu əsasla da başqa bölgədən vəkil axtarmaq niyyətinin olması, lakin sərt karantin rejiminin buna imkan vermədiyi barədə dəlilləri isə tamamilə əsassızdır. Belə ki, sərt karantin tətbiq edildiyi dövrdə respublikanın bütün ərazisində poçt xidməti fəaliyyət göstərmiş, eyni zamanda vətəndaşların zəruri hallarda sms icazə vasitəsilə hərəkət etmələrinə şərait yaradılmışdır. Odur ki, iddiaçının yuxarıda qeyd olunan səbələrlə bağlı müddəti ötürməsi üzürlü sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1372/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1372/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver