Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1374/2022 01.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı Məmədov Bilal Əhməd oğlunun, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Məmədov Bilal Əhməd oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmək haqqının indeksləşdirilərək verilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Məmədov Bilal Əhməd oğlu cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, fövqəladə vəziyyət şəraitində xidmət etdiyi xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək olan 30 ay 05 gün üçün ona verilməmiş yarım oklad vəzifə əmək haqqının və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona ödənilməsi, müharivə şəraitində xidmət etdiyi xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək olan 5 ay 5 gün müddət üçün ona verilməmiş pul vəsaitinin ikiqatının indeksləşdirilərək ödənilməsi, xx.xx.1992-ci ildən indiyədək 27 il, 28 il, 29 il stajla ona verilmiş pensiya məbləği ilə 30 il staja görə verilməli olan pensiya məbləği arasındakı fərqin indeksləşdirilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci ildən 06 iyul 1992-ci il tarixə kimi Qazax rayon Daxili İşlər şöbəsinin Ağstafa Milis bölməsinin rəisi vəzifəsində, Ağstafa müstəqil rayon olduqdan sonra Ağstafa rayon Polis şöbəsinin rəisi vəzifəsində işləmişdir. O, nazirin əmri ilə 16 fevral 1988-ci ildən 01 aprel 1992-cı il tarixə kimi 49 ay 14 gün fövqəladə vəziyyət şəraitində, 01 aprel 1992-ci ildən 06 iyul 1992-ci il tarixə kimi 3 ay 6 gün müharibə şəraitində işləmiş, 06 iyul 1992-ci ildə vəzifədən çıxarıldıqdan sonra isə 02 dekabr 1992-ci ilədək 4 ay 25 gün polis orqanının tərkibində nazirliyin sərəncamında, müharibə elan edilmiş döyüş bölgəsi olan Ağstafa şəhərində olmuşdur. Ona ilk dəfə pensiya təyin edilərkən təqvim hesabı ilə faktiki xidmət illərinə görə 27 il 5 ay 10 gün staj hesablanaraq 27 il xidmətə görə pensiya təyin edilmiş, fövqəladə vəziyyət və müharibə şəraitində işlədiyi müddət üçün əlavə edilməli olan güzəştli şərtlərə görə xidmət illərinə heç bir müddət əlavə edilməmişdir. Onun çoxsaylı şikayətləri nəzərə alınaraq nazirliyin kadrlar idarəsində xidmət illəri yenidən hesablanmış, bu dəfə fövqəladə vəziyyət şəraitində işlədiyi 49 ay 14 günün 30 ayı üçün güzəştli şərtlərlə 910 gün, yəni 15 ay 10 gün əlavə müddət hesablanmış, həmin müddət xidmət illərinə əlavə edilərkən 15 ay xidmət illərinə əlavə edilmiş, 10 gün xidmət illərinə əlavə edilməmişdir. Eyni zamanda, 49 ay 14 günün 19 ay 14 gününə güzəştli şərtlərlə əlavə edilməli olan 9 ay 22 gün xidmət illərinə əlavə edilməmiş, bu variant üzrə xidmət illəri 09 ay 22 gün azaldılmışdır. 01 aprel 1992-ci ildən 02 dekabr 1992-ci il tarixə kimi 08 ay 01 gün müharibə dövrü üçün xidmət illərinə güzəştli şərtlərlə 6 ay 02 gün əlavə edilməli olduğu halda kadrlar idarəsi onun xidmət illərinə 3 ay 01 gün əlavə edərək xidmət müddətini 03 ay 01 gün azaltmışdır. Kadrlar idarəsi onun stajını ümumilikdə 12 ay 23 gün azaltmaqla 29 il 09 ay 11 gün hesablayaraq 29 il xidmətə görə ona pensiya təyin etmişdir. Daha sonra pensiyanın təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin verilməsi tələbi ilə iddia qaldırmış, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş, onun 01 aprel 1992ci il tarixdən 01 sentyabr 1992-ci il tarixədək, yəni 05 ay döyüş əməliyyatlarında iştirak müddəti 15 ay kimi nəzərə alınması, 15 ayın 05 ay staj kimi hesablandığından, 10 ay onun stajina əlavə edilməsi və həmin ayların onun stajına hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur. Sözügedən qərardan verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2-1(102)-276/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. İddiaçıya məhkəmə tərəfindən lazımi hüquqi yardım göstərilərək iddia ərizəsində qeyd olunan cavabdehlərin müştərək hüquqi maraqlara malik olmadığına görə prosessual həmiştirakçı kimi çıxış edə bilmədiklərindən yeni iddia ərizəsi təqdim edilməsi tövsiyyə edilmiş, iddiaçı tərəfindən yeni iddia ərizəsi təqdim edilmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə iddia tələbi “xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək olan 30 ay 5 gün üçün verilməmiş yarım oklad vəzifə əmək haqqının və yarım oklad rütbə pulunun, xx.xx.1992-ci ildən xx.xx.1992ci ilədək olan 5 ay 5 gün müddət üçün verilməmiş pul vəsaitinin indeksləşdirilərək verilməsi, fövqəladə vəziyyət şəraitində xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək olan 90 gün xidmətə görə güzəştli şərtlərlə 45 gün, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək olan 51 gün xidmətə görə 102 gün, ümumilikdə 147 günün sosial sığorta stajına əlavə edilməsi və artırılmış staj ilə bağlı məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı Məmədov Bilal Əhməd oğlu məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin vəkili X2 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçının hazırki işdə tələb etdiyi yeni məlumat vərəqəsi Daxili İşlər Nazirliyi tərəfindən hazırlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Cavabdeh Daxili İşlər Nazirliyinə qarşı "yeni məlumat vərəqəsinin verilməsi" barədə tələbi cavabdeh tərəfindən icra edildiyi üçün iddia mümkünsüz sayılmalıdır. İddiaçının eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-276/2022 nömrəli qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra olunmuş qərarı mövcuddur. Belə olan halda məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş DİN xx.xx.1994-cü il tarixli, 257 nömrəli əmrindən görünür ki, Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli sərəncamına uyğun olaraq daxili işlər orqanlarında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin qorunması dövründə daxili işlər orqanlarında xidmətin bir ayı ik ay kimi güzəştli hesablanmalıdır. - surəti işə əlavə edilmiş SSRİ DİN-in xx.xx.1990-cı il tarixli, 022 nömrəli əmrindən görünür ki, fövqəladə vəziyyət elan olunan ərəfədə ictimai təhlükəsizliyin təmin olunmasına cəlb olunmuş daxili işlər orqanlarının əməkdaşlarına münasibətdə həmin müddət bir ay əvəzinə bir ay yarım kimi və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak müddətinin bir ayı üç ay kimi hesablanmalıdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminatxərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin(bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 30 ay 5 gün üçün verilməmiş yarım oklad vəzifə əmək haqqının və yarım oklad rütbə pulunun, 5 ay 5 gün müddət üçün verilməmiş pul vəsaitinin indeksləşdirilərək verilməsi, fövqəladə vəziyyət şəraitində 90 gün xidmətə görə güzəştli şərtlərlə 45 gün, 51 gün xidmətə görə 102 gün, ümumilikdə 147 günün sosial sığorta stajına əlavə edilməsi və artırılmış staj ilə bağlı məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsini tələb etməkdə haqlıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək olan 30 ay 5 gün üçün verilməmiş yarım oklad vəzifə maaşının və yarım oklad rütbə pulunun, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 5 ay 5 gün müddət üçün verilməmiş pul vəsaitinin indeksləşdirilərək verilməsi, fövqəladə vəziyyət şəraitində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 90 gün xidmətə görə güzəştli şərtlərlə 45 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan 51 gün xidmətə görə 102 gün, ümumilikdə 147 günün Məmədov Bilal Əhməd oğlunun sosial sığorta stajına əlavə edilməsi və artırılmış stajla bağlı məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1374/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1374/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver