Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1378/2021 17.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X5 və X4) qarşı uşaqla ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə qərarın ləğv olunması tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X5 və X4) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən X3 və X2 nəvələri – 27.12.2015-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə, bazar günləri saat 11:00-dan 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə 22 oktyabr 2020-ci il tarixli qərarının qanunsuz və əsassız olduğundan həmin qərarın ləğv edilməsi vəzifəsinin Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Z.Hacıyev küçəsi, ev 75 mənzil 16 A-da yaşayan, iddiaçılar X5 və X4 ona qarşı «uşaqla ünsiyyət hüququnun təmin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X7 ilə cavabdeh İddiaçı birgə nikahından dünyaya gəlmiş nəvələri – 27.12.2015-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə, bazar günləri saat 9:00-dan 21:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2(044)-293/2020 saylı qətnaməsinə əsasən onlara görüş təyin edilmiş, lakin həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. X1 və X4 22 oktyabr 2020-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər və komissiya tərəfindən nəvələri 27.12.2015-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə, bazar günləri saat 11:00-dan 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin qərarı qanunsuz və əsassız hesab edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ilk öncə hazırkı iş üzrə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Məhkəmə qeyd edir ki, mübahisə ilə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməli, iddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Sözügedən maddi hüquq normasından göründüyü kimi, inzibati aktın spesifik əlamətləri mövcuddur ki, bunlardan biri də onun ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi daşıması ilə bağlıdır. Qeyd olunmalıdır ki, inzibati aktın əsas funksiyası onun qəbul edilməsi ilə inzibati idarəçilik qarşısında duran məqsədlərə nail olmaq və vəzifələri yerinə yetirmək üçün inzibati hüquq münasibətinə göstərilən nizamasalma təsirindən ibarətdir. İnzibati akt qəbul edilərkən həmin aktda müəyyən edilən normalar ilk növbədə publik idarəçiliyə öz təsirini göstərir və onu nizama salmağa xidmət edir. Bu zaman cəmiyyətin, dövlətin və vətəndaşın maraqlarının müdafiəsinə xidmət edən inzibati idarəçilik inzibati orqanların məhz publik vəzifələrindən irəli gəlir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 13-cü maddəsində göstərilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. İddiaçının hazırkı iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətini göstərsə də, iddiaçının irəli sürdüyü tələb xüsusi mülki hüquq münasibətlərinə aiddir. Yəni hazırkı iddia tələbi mülki mübahisədir və bu mübahisə publik (ümumi) deyil xüsusi hüquq normaları ilə tənzimlənir. Belə ki, məhkəmə hesab edir ki, qəyyumluq və himayəçilik komissiyasının rəyi əsasında qəbul edilmiş sərəncamı qəbul edən orqan icra hakimiyyəti əlbəttə ki, İnzibati İcraat haqqında Qanun və İnzibati-Prosessual Məcəllənin anlamında inzibati orqan hesab edilirlər. Lakin, məzmun baxımından bu orqan tərəfindən qəyyumluqla bağlı olan qərarın qəbul edilməsi xüsusi hüquq sahəsinə aid olan məsələni həll edir. Yəni burada qəyyumluq və onun şərtləri, himayəçilik, uşağın rifahı və s. bu kimi məsələlər öz həllini tapır. Digər tərəfdən, bu məsələlərlə bağlı xüsusi hüquqda, yəni, Mülki və Ailə Məcəllələrində nəzərdə tutulan xüsusi qaydalar mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. - 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. - 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi mülki xarakterli olduğundan iddia mümkün sayılmamalıdır. Sonda məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırki məhkəmə tərəfindən baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyək lüzümsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X5 və X4) qarşı uşaqla ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə qərarının ləğv olunması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1378/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1378/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver