Məhkəmə qərarları › İş №2-1(114)-1379/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1379/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1379/2020 29.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin halları: İddiaçı (bundan sonra məntdə iddiaçı) xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddia qaldırmazdan eyni tələblə əvvəl cavabdehə orqana müraciət etsə də, qanunvericilikdə göstərilən müddətdə iddia qaldırılmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya yardım göstərilərək, yeni inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatı təqdim etmək hüququ izah olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehin xx.xx.2020-ci il tarixli 1/A-9267 nömrəli imtinasını məhkəməyə təqdim etmişdir. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hərbi mükəlləfiyyətli kimi 1993-cü ildə Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə çağrılmışdır. Silahlı Qüvvələrin N saylı hərbi hissənin 5-ci batalyonunun (batalyon komandiri Xəqani müəllim) tərkibində xx.xx.1994-cü ildə Kəlbəcər əməliyyatında (Zod yolunun bağlanması uğrunda) təxminən 20-25 gün gedən şiddətli döyüşlərdə bilavasitə iştirak etmişdir. 1994-cü ildə atəşkəs imzalandıqdan sonra Murovdağ silsiləsinə göndərilmiş və “Yol evi” adlanan yerdən postlara çıxaraq xidmətini davam etdirmişdir. Sonra isə Azərbaycan Respublikası Müdafiə nazirinin əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Bununla bağlı ona Azərbaycan Mübariz Müharibə Veteranları Birliyi tərəfindən 1859 nömrəli 16 avqust tarixli “Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib və AMMVD-nin üzvüdür” vəsiqəsi verilmişdir. Lakin sonradan ona məlum olmayan səbəblərdən həmin vəsiqənin hüquqi qüvvəsi dayandırılmışdır. O, xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə yazaraq, ona “Müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsini xahiş etmişdir. Sonuncu tərəfindən ona ünvanlanan xx.xx.2020-ci il tarixli 1/A-4041 nömrəli məktubda qeyd edilir ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-2671 nömrəli arayışına əsasən xx.xx.1994-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına və hərbi hissəni özbaşına tərk etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Odur ki, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixli 9/2-2671 nömrəli arayışa əsasən xx xxxxx 1994-cü il tarixdən sonrakı xidməti barədə məlumat aşkar olunmadığından və hərbi hissəni özbaşına tərk etdiyinə görə inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İşin müəyyən edilmiş faktiki hallarına əsasən və mübahisənin maddi hüquqi əsasları baxımından cavabdeh hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar rəsmi aktlarla təsdiqlənmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Sadalanlardan göründüyü kimi, iddiaçının döyüş əməliyyatların iştirak etməsi işin faktiki halları ilə təsdiqini tapsa da, xx.xx.1994-cü il tarixdən sonrakı xidməti barədə təsdiq edən sübut mövcud deyildir. Həmin hallar iddiaçının tələblərinin təmin edilməməsi üçün əsaslardır. Belə olan halda iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina barədə cavabdehin hərəkəti qanunauyğun olmuşdur. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, NZ3969472 nömrəli hərbi bilet, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 1/A-4041 nömrəli və xx.xx.2020-ci il tarixli 1/A-9267 nömrəli imtina məktubları, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 418 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-2671 nömrəli arayışı, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 11/3976 nömrəli etirazı və N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 115 nömrəli əmrindən çıxarış əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Məhkəmə əvvəl onu qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi hal-hazırda mübahisələndirilmir. Belə ki, həmin halı cavabdeh də qəbul edir. İddiaçının hərbi biletinin surətində 6-cı səhifədə onun xx.xx.1993-cü il tarixli 85 nömrəli əmrlə N nömrəli hərbi hissəyə daxil olması, xx.xx.1995-ci il tarixli N nömrəli əmrlə həmin hərbi hissədən təxris olunması barədə qeydlər olsa da, həmin qeydlər hərbi hissə komandirinin imzası və möhürü ilə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi Ş.Məmmədov tərəfindən imzalanmış və SHXÇ üzrə DX-nın Şəmkir rayon şöbəsinin möhürü ilə təsdiqlənmişdir. Göründüy kimi, iddiaçı hərbi biletində onun xidmət etdiyi hərbi hissədən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması barədə xx xxxxxx 1995-ci il tarixli N nömrəli əmrə istinad etmişdir. Lakin işdəki arxiv arayışından görünür ki: -iddiaçı bir aydan çox fərarilik etdiyinə etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 115 nömrəli əmri ilə bütün növ təminatlardan azad edilərək, ştatdan kənar kimi qeydə alınmışdır. -Hərbi hissəni özbaşına tərk etdiyinə və yuxarı yaş hədli iddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N nömrəli əmrilə şəxsi heyətin siyahısından azad edilmişdir. Odur ki, iddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması təsdiq edilmir. xx xxxxxx 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3- cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə çağırılması, xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3- cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Əsasnaməyə görə müharibə veteranı adının verilməsi döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması aidiyyəti dövlət orqanının arayışı (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında verildiyindən və belə arayış və əmrlər olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar