Məhkəmə qərarları › İş №2-1(114)-1379/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1379/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1379/2021 16.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon İcra Hakimiyyətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Cavabdeh başçısının 27.10.2017-ci il tarixli, 307 nömrəli əmrinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 27.10.2017-ci il tarixdən Cavabdeh başçısının Yeni Həyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən öz ərizəsi əsasında azad edilmişdir. İddiaçı cavabdeh Şəmkir rayon İcra Hakimiyyətinə qarşı 14.06.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısının 27.10.2017-ci il tarixli, 307 nömrəli əmrinin ləğv olunması və vəzifəsinə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon İcra Hakimiyyəti başçısının 20 dekabr 2011-ci il tarixli, 151 nömrəli əmri ilə Şəmkir rayon İcra Hakimiyyəti başçısının Yeni Həyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, 6 il ərzində həmin vəzifədə işləmişdir. 2017-ci ilin oktyabr ayında rayona yeni təyin edilmiş icra başçısı Alimpaşa Məmmədov öz müavini vasitəsilə ondan ərizə yazıb vəzifəsindən çıxmağını tələb etmiş və ona bildirilmişdir ki, işdən könüllü olaraq çıxmasa, onu “maddə” ilə çıxarıb əmək kitabçasını korlayacaqlar. İcra başçısının təzyiqləri altında 2017-ci ilin oktyabr ayında guya səhhəti ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olmağı barədə ərizə yazmışdır. Şəmkir rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2017-ci il tarixli, 307 nömrəli əmri ilə tutduğu vəzifəsindən azad edilmiş, təxminən 1 il işsiz qaldıqdan sonra 2018-ci ilin avqust ayında "xxxx" Açıq Səhmdar Cəmiyyətinə işə düzəlib bir müddət orada işləmişdir. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2017-ci il tarixli, 307 nömrəli əmri verildikdən sonra uzun müddət xəstə olmuş və müalicə almışdır. Belə ki, o, 1-ci Qarabağ müharibəsi qazisidir, aldığı xəsarətlərlə bağlı vaxtaşırı müalicələr alır. Buna görə də, qeyd edilən əmrin ləğv edilməsi üçün iddia tələbi ilə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürmüşdür. İddiaçı məhkəmə iclasında iddia ərizəsini və prosessual müddətin bərpasına dair ərizəni müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, işdən azad olunması ona məlum olsa da, icra başçısının onun işləməsinə imkan verməyəcəyini güman etdiyindən, habelə müharibə qazisi olmaqla uzun müddət xəstə olması və müalicələr alması səbəbindən məhkəməyə vaxtında müraciət edə bilməmişdir. Odur ki, prosessual müddətin bərpasına dair ərizənin və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz etdiyi bildirmiş, təmin olunmamasını xahiş etmişdir. Cavabdehə hazırki məhkəmə iclasının vaxtə və yeri barədə məhkəmə bildirişinin təqdim edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Orucov X1 rayon İcra Hakimiyyəti başçısının 20 dekabr 2011-ci il tarixli, 151 nömrəli əmri ilə Şəmkir rayon İcra Hakimiyyəti başçısının Yeni Həyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, Şəmkir rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2017-ci il tarixli 307 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddiaçı əmrin qəbul edildiyi 27 oktyabr 2017-ci il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edərək əsaslar kimi xəstə olmasını, bununla əlaqədar müalicələr almasını, habelə Şəmkir rayon İcra Hakimiyyəti başçısının vəzifədə olduğu üçün həmin vaxt işə bərpa edilməyi ilə bağlı məhkəməyə müraciət etmədiyini göstərmişdir. Məhkəmə iddiaçının prosessual müddətin bərpasına əsas kimi xəstə olmasını və müalicələr almasını göstərsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Belə ki, məhkəmə iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08.05.2019-cu il tarixli 373 nömrəli qərarında iddiaçının 11.08.1997-02.10.1997-ci il, 02.03.1998-19.03.1998-ci il və 01.04.1998-07.05.1998-ci il, 12.06.1998-07.08.1998-ci il, 07.08.1998-07.09.1998-ci il tarixlərində müalicə olunması və xəstəliklərin diaqnozu barədə məlumatlar öz əksini tapmışdır. Həmin qərardakı məlumatlar hazırkı iş üzrə 27 oktyabr 2017-ci il tarixdən sonra iddia müddətinin ötürülməsinin üzürlü hesab edilməsi üçün əsasları özündə ehtiva etmir. İddiaçının müddətin ötürülməsinin digər səbəbi kimi qeyd etdiyi icra başçısının onun işləməsinə imkan verməyəcəyini güman etdiyindən icra başçısının tutduğu vəzifədən azad edilənədək məhkəməyə müraciət etməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının sözügedən dəlilinin heç bir hüquqi əsası yoxdur və bu hal inzibati orqanın inzibati aktlarının məhkəmə qaydasında mübahisələndirilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan müddətdə iddia ərizəsini məhkəməyə təqdim etmək imkanı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair digər əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən, işə bərpa olunması üzrə mümkünlük şərtlərinin yoxlanılması zərurəti aradan qalxmışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Şəmkir rayon İcra Hakimiyyətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar