Məhkəmə qərarları › İş №2-1(114)-1379/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1379/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1379/2024 26.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X3, X12) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inşa etdirdiyi fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş, hal-hazırda Samux rayonu, Sərkar kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçı qeyd edir ki, 2014-cü ildə ünvan 2 sakini X4, bacısının baldızı X5 0.06 ha adı ilə Samux rayon Sərkar kəndindən torpaq sahəsi almışdır. Reyhan isə həmin torpağı ona satmış, lakin pulunu tam ödəmədiyinə görə alqı-satqı etməmişdirlər. Buna baxmayaraq o, evi tikdirməyə başlamış, hörgü işini qurtarıb işi dayandırmışdır. Reyhana torpağın pulunu tam verdikdən sonra alqı-satqı etmişdir. 29 dekabr 2015-ci il tarixdə sənədləşmə torpaq sahəsinin alqı-satqı müqaviləsisini əvvəlki sahibi X14 bağlamışdır. O çıxarış almaq istəsə də bildirmişdilər ki, ev tam hazır olmalıdır, buna görə də sözügedən evi tam inşa etmişdir. Həmin torpağa dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər Reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarış almışdır. 29 dekabr 2015-ci il tarixdə torpaq sahəsinin alqısatqı müqaviləsi əsasında Samux rayonu Sərkar kand sakini X4 fərdi yaşayış evi tikdirmək üçün aldığı 0.0433 ha torpaq sahəsində evin tikintisini başa çatdırdığından o ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək yaşadığı Samux rayonunun Sərkar kəndində yerləşən xüsusi mülkiyyətində olan 0.0433 ha torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində adıma qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin, inzibati orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2023-cü il tarixdə ona 3-21-3- 33/2-1198/2023 saylı məktubla imtina edilmişdir. O cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı bildirir ki, həmin torpağı o xx.xx.2005-ci il tarixdə rəsmi qaydada aldıqda 0.06 ha kimi almışdır, ancaq torpağın 0.0433 ha hissəsi notariusda alqı-satqı edilmişdir. Alqı-satqı ilə aldığı torpaq üzərində də ev tikdirmişdir. 2015-ci ildən hal-hazıradək həmin torpaq və üzərindəki ev onun istifadəsində olub. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X14, X7 və X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışı iclası 26 noyabr 2024-cü il tarixə təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının 62.3-cü maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3- 33/2-0822/2024 saylı etirazda bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənəd üzrə torpaq sahəsinin koordinatları ilə, faktiki torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu, belə ki, sənəd üzrə torpaq sahəsi 0.0433 ha, faktiki torpaq sahəsi isə 0.0657 ha təşkil edir. Həmçinin, tikilinin bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda, yəni fərdi yaşayış evinin 0,0067 kv.m hissəsi Samux Rayon Məhkəməsinin qətnaməsində adları qeyd olunmuş başqa şəxslərə məxsus olan torpaq sahəsinin üzərində inşa edildiyi müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinin 0.0224 ha hissəsi zəbtdir. Əlavə olaraq bidiririk ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarına əsasən Samux rayonu, Sərkar kəndində yerləşən 0.13 ha torpaq sahəsinə dair X8, X2 və X9 adına JN-845F, KOD 50700048 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə tərtib edilmişdir. Samux rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(058)-1121/2015 nömrəli qətnaməsinə əsasən JN- 845F, KOD 50700048 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə iddiaçı X8, cavabdehlər X2 və X9 ümumi birgə paylı mülkiyyətlərində olan 0.13 ha həyətyanı torpaq sahəsinin boş ərazi hissəsindən iddiaçı X11 düşən pay eni 20,7 metr, uzunu isə 21 metr olmaqla cəmi 0,04333 ha torpaq sahəsi cavabdehlərin payından ayrılaraq ayrıca onun mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində adına mülkiyyəti qeydə alınması qət edilmişdir. Qeyd olunan qətnamə əsasında bölgü planı tərtib edilmişdir. Bölgü planı Samux Rayon Məhkəməsinin möhrü və sədrin imzası ilə təsdiq olunmuşdur. Samux rayonu, Serkar kəndində yerləşən 0.0433 ha torpaq sahəsinə dair X8 adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət reyestirdən çıxarış verilmişdir. Gəncə "ASAN xidmət" mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli, 40-3465 reyestr nömrəli "Torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Samux rayonu, Sərkar kəndində yerləşən 0.0433 ha torpaq sahəsi X13 tərəfindən İddiaçı satılmışdır. Samux rayonu, Sərkar kəndində yerləşən 0.0433 ha torpaq sahəsinə dair İddiaçı adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət reyestrdən çıxarış verilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-1198/2023 saylı imtina məktubundan görünür ki, ərizəyə əlavə edilmiş sənəd üzrə torpaq sahəsinin koordinatları ilə, faktiki torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu, həmçinin, tikilinin bir hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda inşa edildiyi müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinin 0.0224 ha hissəsi zəbtdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. -işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 0.0433 ha torpaq sahəsini X14 3000 manata İddiaçı satmışdır. -işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən 0.0433 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. -işə əlavə edilmiş **********959 ərizədən görünür ki, X1 İradə İsa qızının mülkiyyətinə verilmiş **********92 saylı çıxarış və texniki pasportda əks olunan 0.0433 ha torpaq sahəsinin koordinatlarında düzəliş edilmiş və naturaya uyğunlaşdırılmış aktsxemində etdiyi imzanı təsdiq edir, həmin akt-sxemində göstərilənlərə etiraz etmir. -işə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024cü il tarixli, 3-21-3-33/2-0720/2024 saylı məktubuna əlavə edilmiş sənədlərin surəti; - iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-7954/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında olan 127.0 kv.m torpaq sahəsinin 68.0 kv.m hissəsi, **********92 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın A 038140 nömrəli plan və ölçü sənədindəki koordinatlara istinadən, İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir. Sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında olan 127.0 kv.m torpaq sahəsinin 59.0 kv.m hissəsi, JN-845 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən X14, X7 və X9 ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində yerləşir. -işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-10506/2024 nömrəli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı ilə Samux rayonu, Sərkar kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə dair X14, X7 və X9 adlarına JN-845F, KOD 50700048 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin verildiyi müəyyən edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-10645/2024 nömrəli məktubuna əlavə edilmiş sənədlər; Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinəşamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.3-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid edilmişdir. 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş tikililərə dair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd əsasdır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. İş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında olan 127.0 kv.m torpaq sahəsinin 68.0 kv.m hissəsi, **********92 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın A 038140 nömrəli plan və ölçü sənədindəki koordinatlara istinadən, İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir. Sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında olan 127.0 kv.m torpaq sahəsinin 59.0 kv.m hissəsi, JN-845 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən X14, X7 və X9 ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində yerləşir. Beləliklə müəyyən olunur ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi fərdi yaşayış evinin altında olan 127.0 kv.m torpaq sahəsinin 59.0 kv.m hissəsi, JN-845 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən X14, X7 və X9 ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsidir. Göründüyü kimi, tikilinin bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda, yəni başqa şəxslərə məxsus olan torpaq sahəsinin üzərində inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Bu səbəbdən də məhkəmə hesav edir ki, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X3, X12) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar