Məhkəmə qərarları › İş №2-1(114)-1380/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1380/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1380/2023 25.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi, işə bərpa və.s tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin may ayında gizir rütbəsində xidmətdə olarkən hazırda "Tərtər işi" kimi tanınan iş çərçivəsində dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. 21 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 25 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti təyin olunmaqla şərti tətbiq edilmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 4-cü taborunda tağım komandiri müavini vəzifəsində, gizir rütbəsində olarkən 02 aprel 2018-ci il tarixli əmrlə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndi (xidməti uyğunsuzluğa görə) əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. 17 dekabr 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin və qanunsuzluqların yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı məlumat vermişdir. Nəticədə cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 05 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 28 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılmışdır. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında" xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş CM-nin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iddiaçıya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü (329.2.1-ci maddəsinə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. Qeyd edilən xitam qərarı iddiaçıya 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra 10 oktyabr 2022-ci il tarixdə Müdafiə Nazirliyinə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğy edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, eyni zamanda əmrin verildiyi tarixdən, yəni 02 aprel 2018-ci ildən həmin dövrdə imzaladığı müqavilənin sonuna, yəni 2021-ci ilin oktyabrına qədər olan dövr üçün, yəni məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir, cavabdeh isə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Republikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 081gm nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 11 aprel 2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. Məhkəmənin 25 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-25-11/2-1981/2023 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçı barəsində qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. İddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli müvafiq əmrilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının xidməti vərəqəsində qeyd olunmuş cəzalar hissəsindən görmək olar ki, ona aşağıda qeyd olunanlara görə "şiddətli töhmət"lər verilmişdir: xx.xx.2016, xx.xx.2016, xx.xx.2017-ci ildə (verilən tapşırıqlara səhlənkar yanaşdığına görə), xx.xx.2017-ci ildə (yanvar ayı ərzində döyüş hazırlıq nizamı-intizamı və qoşun xidmətinin təşkilində zəif göstəricilər əldə etdiyinə görə), xx.xx.2017-ci ildə (təftiş yoxlaması zamanı nöqsanlar olduğuna görə), xx.xx.2017-ci ildə (hərbi əmlakın qorunub saxlanılmasına zəif nəzarət etdiyinə görə), xx.xx.2018-ci ildə (döyüş hazırlıq, nizam-intizam və qoşun xidmətinin təşkilində nöqsanlara yol verdiklərinə və elləcə də zəif nəticələr göstərdiklərinə görə, xx.xx.2018-ci ildə (hərbi hissəni özbaşına tərk etdiyinə, məzuniyyətdən, hospitaldan, gecikdiyinə və xidmət yerinə vaxtında gəlmədiyinə görə), xx.xx.2018-ci ildə (dəfələrlə şəhər yerbəyerinə gecikdiyinə görə). İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması üçün 2018-ci ilin fevralında raport verilmişdir. İddiaçının ehtiyata xidməti uyğunsuzluqla buraxılmasına münasibəti öyrənilmiş və onunla aparılmış söhbətləşmə vərəqəsində nöqsanlarını etiraf etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı hərbi qulluqçuya yaraşmayan, hərbi qulluqçu adına xələl gətirən hərəkətlər etmişdir. Çünki, hərbi qulluqçunun xidmətdə və gündəlik həyatda nümayiş etdirdiyi hərəkətlər qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini özündə ehtiva etməsidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xx.xx.2022-ci tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı hərbi qulluqçunu döyməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə istintaq olunan hissəsinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, İddiaçı X4 təhqir etməsi xüsusatına Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. -surəti işə əlavə edilmiş Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 mart 2018-ci il tarixli 081gm nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 mart 2018-ci il tarixli 081gm nömrəli əmrinə əsasən iddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, qeyd olunan əmr qanunsuz olduğundan ləğv edilməli, o əvvəlki işə bərpa edilməli, itirilmiş illəri əmək stajına hesablanmalı və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ödənilmədir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 mart 2018-ci il tarixli 081gm nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xx.xx.2022-ci tarixli qərarından görünür ki, istintaq zamanı müəyyən edilmişdir ki, “İddiaçı 17 aprel 2017-ci il tarixdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində yerləşən həmin hərbi hissənin ərazisində təlim keçirilən zaman saat N radələrində həmin hərbi hissənin komendant tağımının komendant manqa komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən X1 bir şillə zərbəsi vuraraq və onun ünvanına nalayiq sözlər deyərək sonuncunu təhqir etmişdir.” Göründüyü kimi İddiaçı bu hərəkətləri hərbi qulluqçunu təhqir etmə cınayətinin tərkibini yaratmış, bununla da İddiaçı Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı barəsində başlamış cinayət işi üzrə icraata qismən bəraətverici əsaslarla xitam verilsə də, digər xüsusat üzrə CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan əlavə iddiaçının xidmət dövrünə nəzər yetirdikdə müəyyən olunur ki, xidmətində yol verdiyi nöqsanlara görə (verilən tapşırıqlara səhlənkar yanaşdığına, hərbi hissəni özbaşına tərk etdiyinə, məzuniyyətdən, hospitaldan, gecikdiyinə və xidmət yerinə vaxtında gəlmədiyinə və.s görə) dəfələrlə intizam cəzalarına məruz qalmışdır. Beləliklə məhkəmə qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilmiş olsa da qeyd olunan hal iddiaçının müvafiq Nizamnamənin tələbərini pozmadığına dəlalət etmir, əksinə mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2:- -1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. -2-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. -3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinəmətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. İstinad olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Mübahisələndirilən əmrin məzmunu ilə müəyyən olunur ki, iddiaçı Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata ehtiyata buraxılmışdır. İşin halları ilə də təsdiq olunur ki, həqiqətən iddiaçının törətdiyi əməllər onun xidməti vəzifəsi ilə bir araya sığmayan hərəkətlərdir və bu səbəbdən də o, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 mart 2018-ci il tarixli 081gm nömrəli əmri verilərkən qanun pozuntusuna yol verilməmiş, əmr qanuni və əsaslıdır. Mübahisələndirilən əmr qanuni olduğundan tələbin digər hissələri də əsassız hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi, işə bərpa və.s tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar