Məhkəmə qərarları › İş №2-1(114)-1381/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1381/2020

11.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1381/2020 11.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı Ələsgər oğlunun iştirakı ilə İddiaçı Ələsgər oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialına qarşı xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək Gəncə şəhər X1 işlədiyi illərin sosial sığorta stajına daxil olunaraq yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Ələsgər oğlu (bundan sonra mətndə iddiaçı) xx.xx.1955-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. İddiaçı xx.xx.1975-xx.xx.1976, xx.xx.1976-xx.xx.1980, xx.xx.1980-xx.xx.1988, xx.xx.1988-xx.xx.1994, xx.xx.1994-xx.xx.1997, xx.xx.1998xx.xx.2000, xx.xx.2001-xx.xx.2003 və xx.xx.2005-xx.xx.2005-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı **********0 nömrəli xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək Gəncə şəhər X1, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək Gəncə “Elxan” firmasında, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Gəncə şəhər “Yaraşıq” kiçik müəssisəsində işlədiyi illərin qarşılıqlı yoxlamaq mümkün olmadığı üçün həmin dövrlər sığorta stajına daxil edilməmiş və iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə təminat vermədiyindən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qocalığa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı “tələbin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək Gəncə şəhər X1 işlədiyi illərin sosial sığorta stajına daxil olunaraq yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə Məhərrəm oğlu iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək Gəncə şəhər X1, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək Gəncə “Elxan” firmasında, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Gəncə şəhər “Yaraşıq” kiçik müəssisəsində işlədiyi illərin qarşılıqlı yoxlamaq mümkün olmadığı üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 912 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsi təsdiq edilmişdir. İş materiallarında olan: - İddiaçıya məxsus İT-İ 15555092 nömrəli xx.xx.1975-ci il tarixlu əmək kitabçasına əsasən sonuncu xx.xx.1975-xx.xx.1976, xx.xx.1976-xx.xx.1980, xx.xx.1980-xx.xx.1988, xx.xx.1988-xx.xx.1994, xx.xx.1994-xx.xx.1997, xx.xx.1998-xx.xx.2000, xx.xx.2001xx.xx.2003 və xx.xx.2005-xx.xx.2005-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli 1/136 nömrəli məlumatına əsasən Gəncə şəhər X3 xx.xx.1996-cı il tarixində “Statistik vahidlərin Dövlət reyestri”nə daxil edilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2020-ci il tarixli 735/3 nömrəli məlumatına əsasən Gəncə şəhər X2, 01. Gəncə “Elxan” firmasının, Gəncə şəhər “Yaraşıq” kiçik müəssisəsinin arxiv sənədləri Dövlət Arxivinin Gəncə filialına təhvil verilməmişdir. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********883300 nömrəli məlumatına əsasən Gəncə şəhər X2 1988-1994-cü illərdə, “Elxan” firmasının 1997-1998-ci illərdə, “Yaraşıq” kiçik müəssisəsinin 2000-2001-ci illərdə fəaliyyət göstərməsi barədə heç bir məlumat aşkar edilməmişdir. -“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 18/158-06 nömrəli və xx.xx.2020-ci il tarixli 18/196-02 nömrəli məktublarına əsasən Gəncə X2 1988- 1994-cü illərə aid kadrlara dair arxiv sənədi təhvil verilən arxiv sənədlərində aşkar edilməmişdir. - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının yalnız xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək Gəncə şəhər X1, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək Gəncə “Elxan” firmasında, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Gəncə şəhər “Yaraşıq” kiçik müəssisəsində işlədiyi müddət sosial sığorta stajına daxil edilmir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması. İddiaçının xx.xx.1955-ci il tarixdə doğulması, xx.xx.2019-cu il tarixdə pensiya yaşına çatması işin mübahisəsiz hallarıdır. Mübahisəli hal iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək Gəncə şəhər X1 işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, həmin kitabçada aparılan qeydlərin yerində qarşılıqlı yoxlanması mümkün deyildir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X5) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1988-1994-cü illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı xx.xx.1988-xx.xx.1994-cü illərdə işləməsi barədə əmək kitabçası təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1988-1994-cü illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq Məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə tərəfindən Gəncə Şəhər X2 arxiv sənədləri ilə əlaqədar Dövlət Arxivinin filialına və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sorğu göndərilsə belə, həmin idarəyə dair arxiv sənədlərinin təhvil verilmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə şəhər X1 işləməklə, həmin illər üzrə 05 il 05 ay 09 gün sosial sığorta stajı qazanmışdır. Bundan başqa iddiaçının xx.xx.1975-xx.xx.1976, xx.xx.1976-xx.xx.1980, xx.xx.1980xx.xx.1988, xx.xx.1994-xx.xx.1997, xx.xx.1998-xx.xx.2000, xx.xx.2001-xx.xx.2003 və xx.xx.2005-xx.xx.2005-ci illərdə (cəmi 18 il 01 ay 05 gün) əmək fəaliyyəti ilə məşğul olması və xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olması həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun tələblərinə uyğun olaraq ümumilikdə 20 il 01 ay 07 gün sosial sığorta stajı qazanması cavabdeh tərəfindən mübahisələndirilmir. Beləliklə, iddiaçının Gəncə şəhər X1 işlədiyi 05 il 05 ay 09 gün müddət daxil olmaqla, ümumilikdə 25 il sığorta stajı vardır. Göründüyü kimi, ƏPQ-nun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – 64 yaş həddi və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə pensiya təyin olunmasını tələb etməkdə haqlıdır. İddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə şəhər X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə şəhər X1 işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar