Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1383/2021 17.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X1, ərizəçi İddiaçı “torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi” tələbi üzrə iddianın mümkülüyü məsələsinə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq Müəyyən etdi: Ərizəçi İddiaçı 24.05.2021-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 1992-ci ildə ona verilən 8 sot torpağın özəlləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə əvvəl iddia ərizəsinin forması ilə bağlı qeyd edir ki, verilmiş ərizə üzrə inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna riayət edilməmiş, məhkəməyə iddia ərizəsi ilə müraciət olunmalı halda “ərizə” təqdim edilmiş, tərəflər qismində “iddiaçı” və “cavabdeh” çıxış etməli olduğu halda isə yalnız ərizə verənin adı qeyd olunmuş, tələbə cavab verməli olan inzibati orqan isə ümumiyyətlə qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın vəzifəli şəxslərinin inzibati orqanın adından etdiyi hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırkı tələbin mahiyyətindən aydın olur ki, iddiaçının əsas məqsədi istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınmasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. - 3.0.18-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək xidmətin vəzifəsidir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, 0,08 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması öhdəliyin icrası haqqında iddia növünə aiddir və bunun üçün ilkin olaraq iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq regional idarəsinə (hazırkı iş üzrə 3 saylı Gəncə Ərazi İdarəsi) müraciət olunmalı, həmin orqan tərəfindən hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina olunduğu halda məhkəməyə müraciət edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi İddiaçı “torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1383/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1383/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver