Məhkəmə qərarları › İş №2-1(114)-1384/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1384/2021

25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1384/2021 25.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinə qarşı 34/k nömrəli 17.05.2021-ci il tarixli əmrin dəyişdirilməsi və birdəfəlik haqqın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinə qarşı 14.06.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 34/k nömrəli 17.05.2021-ci il tarixli əmrin dəyişdirilməsi və birdəfəlik haqqın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12.04.2012-ci tarixində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi yanında X1 Xidmətinin Gəncə regional şöbəsinə aparıcı məsləhətçi vəzifəsinə qəbul olunmuş, 2-ci dərəcəli dövlət qulluqçusudur. 20.05.2021-ci ilədək həmin vəzifədə xidmət etmiş, 08.05.2021-ci tarixində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaların elektron ərizə ilə müraciət edərək 20.05.2021-ci il tarizində 65 yaşının tamam olması ilə əlaqədar dövlət qulluğunda işləmə müddətini bir il müddətinə uzadılmasını xahiş etmiş, cavabdeh orqan müraciətə baxmış və yeni müqavilə bağlanmasından imtina etmişdir. Bununla bağlı məlumat onun elektron poçt ünvanına 18.05.2021-ci il saat 12:54 radələrində daxil olmuşdur. 19.05.2021ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək 20.05.2021-ci il tarixindən dövlət qulluğunda olmanın son yaş həddinə çatdığına görə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin 24.05.2021-ci il tarixində ona məlum olmuşdur ki, cavabdehin 34/k nömrəli 17.05.2021-ci il tarixli əmri ilə dövlət qulluğunda olmanın yaş həddinə çatmağı ilə əlaqədar olaraq 20.05.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. 24.05.2021-ci il tarixində əmr barədə məlumat aldıqdan sonra cavabdehin kadrlar üzrə sektor müdiri ilə telefon əlaqəsi yaradaraq, əmrdən narazılığını bildirmiş, məzuniyyət günlərinin düzgün hesablanmamasını və dövlət qulluğu haqqında qanunun 33.2-ci maddəsinə əsasən 6 aylıq müavinətin verilməməsinin aydınlaşdırılmasını xahiş etmişdir. Ona dövlət qulluğunda olmanın son yaş həddinə çatmağı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmamış, halbuki, yuxarıda da qeyd etdiyi kimi, dövlət qulluğunda olma müddətinin əlavə 1 il uzadılmadığı məlum olan kimi müvafiq ərizə yazmışdır. Cavabdeh isə 17.05.2021-ci il tarixində verdiyi əmri bildirməmiş, belə bir əmrin olması barədə təsadüfən məlumat əldə etmişdir. 34/k nömrəli 17.05.2021 -ci il tarixli əmrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69 və “Dövlət qulluğu haqqında” qanunun 33.1.1 maddəsinin tələbləri nəzərə alınmaqla dəyişdirilməsi və İddiaçıya “Dövlət qulluğu haqqında” qanunun 33.2-ci maddəsinədə nəzərədə tutulmuş birdəfəlik haqqın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyi Yanında X1 Xidmətinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə 25 oktyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında gəlmiş, cavabdeh orqan nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan 13.07.2021-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq iddiaçının dövlət qulluğuna öz arzusu ilə xitam verilməsi ilə bağlı gec- 65 yaşı tamam olduqdan sonra müraciət etdiyini əsas gətirərək iddia tələbinin mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinin 17 may 2021-ci il tarixli, 34/k nömrəli əmri; - iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçının cavabdeh orqana ünvanladığı 19.05.2021-ci il tarixli ərizəsinin surəti; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, məhkəmə iddia ərizəsini araşdırarkən müəyyən etmişdir ki, İddiaçı 12.04.2012-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinə aparıcı məsləhətçi vəzifəsinə qəbul edilmiş, 2-ci dərəcəli dövlət qulluqçusu olaraq 20.05.2021-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Hazırda iddiaçı ondan narazıdır ki, onun tərəfindən pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxması barədə ərizə verilməsinə baxmayaraq cavabdeh tərəf onun ərizəsini nəzərə almadan “Dövlət qulluğu haqqında” Qanununun tələblərini pozaraq onun dövlət qulluğunu 20.05.2021-ci il tarixdən dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilmişdir. İddiaçı əmrlə razılaşmır və qeyd edir ki, onun barəsində qəbul edilmiş 17.05.2021-ci il tarixli 34/k nömrəli əmr, “Dövlət haqında haqqında” Qanununun 33.2-ci maddəsində nəzərdə tutulmuş birdəfəlik haqqın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmaqla, dəyişdirlməsini tələb edir. İş materiallarının və məhkəmə sorğusu əsasında əldə edilmiş sənədləri araşdırarkən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 08.05.2021-ci il tarixdə cavabdeh orqana 65 yaşının tamam olması ilə əlaqədar dövlət qulluğunda işləmə müddətini bir il müddətinə uzadılmasını xahiş etmiş və cavabdeh 18.05.2021-ci il tarixli cavab məktubu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32- 1.5-ci maddəsini əsasən dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməyəcəsini əsas gətirərək, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinin 34/k nömrəli, 17.05.2021-ci il tarixli əmri ilə X1 Xidmətinin Gəncə regional şöbəsində aparıcı məsləhətçisi 2-ci dərəcəli dövlət qulluqçusu vəzifəsinə 20.05.2021-ci il tarixdən dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar xitam verildiyi bildirilmişdir. İddiaçı 19.05.2021-ci il tarixdə yenidən müraciət edərək 20 may tarixində 65 yaşının tamam olmasını bildirərək həmin tarixdən pensiya yaşına çatmasına görə öz arzusu ilə işdən azad olunmasını xahiş etmiş, cavabdeh orqan 19.05.2021-ci il tarixdə tərtib edilmiş məktubun 23.05.2021-ci il tarixdə poçt vasitəsi ilə yola salındığını və cavabdehə 31.05.2021-ci il tarixdə daxil olduğunu və 01.06.2021-ci il tarixdə qeydiyyata alındığını əsas gətirərək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsində nəzərdə tutulmmuş halın iddiaçı barəsində tətbiq edilməsinin mümkün olmaması qənaətinə gəlmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümümi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilir və məbləğdən vergi tutulmur. Maddənin məntində göründüyü kimi, pensiyanın 6 misli məbləğində bridəfəlik haqqın verilməsi üçün iki şərt olmalıdır: dövlət qulluqçusu müvafiq qanunvericiliyə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu) uyğun olaraq pensiya yaşına çatmalı və öz arzusu ilə dövlət qulluğundan çıxmalıdır. Göründüyü kimi, cavabdeh orqanın 17.05.2021-ci il tarixli 34/k nömrəli əmrlə iddiaçının dövlət qulluğuna xitam verilmişdir. Lakin məhkəmə qeyd etmək istəyir ki, idddiaçı İddiaçı dövlət qulluğunda xidmət müddətinin uzadılmasına dair imtina barədə məlumat 18.05.2021-ci il tarixdə daxil olsa da, əmr 17.05.2021-ci il tarixdə qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hüququ kobud surətdə pozulmuşdur. Cavabdeh etiraz ərizəsində iddiaçının gec müraciət etməsini qeyd etsə də, müəyyən olunur ki, həmin orqan iddiaçı barəsində əmri 17.05.2021-ci il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, İddiaçı 34/k nömrəli 17.05.2021-ci il tarixli əmrin dəyişdirilməsi və ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinə üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 34/k nömrəli 17.05.2021-ci il tarixli əmr dəyişdirilsin və ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar