Məhkəmə qərarları › İş №2-1(114)-1388/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1388/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1388/2023 19.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı cavabdeh Ağstafa Bələdiyyəsinə qarşı borcun silinməsi edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Ağstafa Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağstafa Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 08 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 2-1(114)- 1388/2023 saylı sərəncamları ilə cavabdehi dəqiq göstərməklə, Ağstafa Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 08 saylı qərarının mübühisə predmeti ola bilmədiyini, hansı tarixli və hansı nömrəli qərarının ləğv edilməsini dəqiq qeyd etməklə, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçıya izah olunmuşdur. İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə eyni məzmunlu ərizə göndərərək Ağstafa Bələdiyyəsi tərəfindən onun barəsində yazımış 362,53 manat borcun silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağstafa Bələdiyyəsi ondan 362,53 manat məbləğində əmlak və torpaq vergisinin ödənilməsi üçün xx.xx.2022-ci il tarixdə 08 saylı qərar qəbul edərək Ağstafa rayon İcra və Probasiya şöbəsinə müraciət etmişdir. Ərizəsində qeyd etmişdir ki, torpaq sahəsi paylı mülkiyyətdir, torpaq sahəsi mübahisəli olduğundan o, ondan istifadə etməmişdir. Qeyd edilənləri əsas gətirib barəsində yazılmış borcun silinməsinə dar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 19 dekabr 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı və cavabdehin məhkəməyə müraciət edərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişlər. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Ağstafa Bələdiyyəsinin 20 dekabr 2021-ci il tarixli 155/21 nömrəli məktubun surəti; - Ağstafa Bələdiyyəsinin 06 may 2022-ci il tarixli 68/22 nömrəli məktubun surəti; - Ağstafa Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 08 saylı tələbin icraya yönəldilməsi qərarının surəti; - Ağstafa Bələdiyyəsi tərəfindən verilmiş (1 ədəd) tədiyyə bildirişinin surəti; - 14.02.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin çıxarışı; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Ağstafa Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli 68/22 nömrəli məktub göndərilərək ona bildirilmişdir ki, Ağstafa şəhəri R.Alıcanov küçəsi və 33-cü məhəllə, Aeroport şossesi küçəsində yerləşən mülkiyyəində olan torpaq sahələri və qeyri-yaşayış binaları ilə bağlı vergi borcları yaranmışdır və iddiaçıdan məktuba əlavə edilmiş tədiyyə bildirişində göstərilən borcun məktubu aldığı tarixdən 10 gün müddətində bələdiyyənin hesabına ödənilməsi tələb edilmişdir. Əks təqdirdə aidiyyəti qurumlara müraciət olunacağı qeyd edilmişdir.Həmçinin müəyyən edilmişdir ki, Ağstafa Bələdiyyəsi iddiaçı tərəfindən borc ödənilmədiyindən tələbin icraya yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli 08 saylı qərar qəbul edilmiş və icra olunması üçün Ağstafa rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin qərarı araşdıran zaman qərarın qəbul edilməsi üçün əsas olmuş bələdiyyə qərarı qeyd edilməmiş, məhkəmənin sorğusu əsasında isə cavabdeh orqan qeyd edilən qərarla birgə tədiyyə bildirişin surətini və iddiaçıya ünvünlanmış məktubların surətlərinin göndərilməsi ilə kifayətlənmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 59.1. Yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 13.1. Yerli vergi və ödənişlərin ödəyiciləri, vergi agentləri, habelə bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 17 iyun 2003-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə : 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Məhkəmə qeyd etmək istəyir ki, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunu ilə müəyyən edilmiş əsaslarına, prinsiplərinə və prosedur qaydalarına riayət edib-edilməməsi mütləq şəkildə nəzərə alınıb araşdırılmalıdır. “İnzibati icraat haqqında” Qanunun preambulasında deyilir ki, “Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir”. Başqa sözlə inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsasları, prinsipləri və prosedur qaydaları “İnzibati icraat haqqında” Qanunla müəyyən edilir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə adıçəkilən qanunun tələbləri çərçivəsində hərəkət etməlidirlər. Hazırki işin hallarından məlum olur ki, cavabdeh tərəfindən adıçəkilən qanunla müəyyən edilmiş əsaslara, prinsiplərə və prosedur qaydalara riayət olunmamışdır. Belə ki, icraatın aparılması, icraat barədə rəsmi məlumatın verilməsi imperativ qaydada nəzərdə tutulmuş, lakin hazırkı icraat zamanı iddiaçıya məlumat verilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddiaçıya yalnız borc barədə məktub göndərməklə kifayətlənmiş və sonradan tələbin icraya yönəldilməsi barədə qərar qəbul etmişdir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin qeyd edilən müddəalarından göründüyü kimi bələdiyyə tərəfindən vergi borcunun tutulması ilə bağlı qərarın qəbul edilməsi nəzərdə tutulmamış, yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilərək bələdiyyənin sədrinə (yaxud onun müavininə), surətinin isə ödəyiciyə təqdim edilməsi, ödəyici tərəfindən aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə yazılı etirazını bildirmədikdə müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyənin öz vergi xidməti orqanının aktına baxaraq ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət olunması barədə qərar çıxarılması və ya belə qərarın çıxarılmasından imtina edilməsi müəyyən edilmişdir. Lakin iş üzrə cavabdeh yuxarıda sadalanan normaların tələblərinə əməl edilməmiş, iddiaçının inzibati icraatda iştirakı təmin olunmamış, onun mülahizələri dinlənilməmiş, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərilməmiş, ümumiyyətlə adıçəkilən əsasnaməyə riayət edilməmişdir. Bununla yanaşı cavabdeh tərəfindən vergi borcunun hesablanması zamanı maddi hüquq normalarının müddəaları da düzgün tətbiq edilməmişdir. Belə ki, yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir və həmin vergilər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bələdiyyələrə ödənilir. Belə olan halda həmin vergilərin ümumi əsasları, ödənilməsi, yığılması qaydaları və müddətləri də Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: - 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 85.1-ci maddəsinə əsasən hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. - 85.2-ci maddəsinə əsasən vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. - 85.3-cü maddəsinə əsasən vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddia təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar