Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1389/2022 04.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) torpaq sahəsinin yerində ölçülməsi, koordinantlarının müəyyən olunması və yerquruluşu xəritəsindən çıxarışın təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu, Köhnəqala kəndində yerləşən və arxiv sənədlərinə əsasən X6 verilmiş 0,04 ha torpaq sahəsinin yerində ölçülməsi, koordinantlarının müəyyən olunması və yerquruluşu xəritəsindən çıxarışın təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, arxiv sənədlərinə əsasən iddiaçının mərhum babası X6 0,30 ha torpaq sahəsi verilmiş, sahə 1942-ci ildən babasının istifadəsində olmuş, torpaq islahatı zamanı sahənin 0,26 ha hissəsi iddiaçıya verilmiş, qalan 0,04 ha hissə isə ona məlum olmayan səbəblərdən verilməmişdir. İddiaçı həmin sahənin vərəsəlik qaydasında əldə edilməsi üçün yerində ölçülməsi və koordinantlarının müəyyən olunması ilə bağlı cavabdehə müraciət etsə də sahə X4 tərəfindən dəmir torla hasara alındığından cavabdeh öz vəzifəsini yerinə yetirməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahədə əvvəllər ona məxsus ağaclar mövcud olmuşdur, 2007-ci ildən isə üçüncü şəxs istifadə edir. Üçüncü şəxsin vəkili X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının hazırki iddianı qaldırmaqla bağlı subyektiv hüququ yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tovuz rayon Dövlət arxivinin xx.xx.2020-ci il tarixli, 142 nömrəli arayışında Tovuz rayon Alakol kənd XDS İK-nin arxivdə saxlanılan təsərrüfatbaşına kitabında təsərrüfatın X3 adına olmaqla İddiaçı S.Hüseynovun nəvəsi olmaqla ailə üzvü kimi göstərildiyi bildirilir. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda bildirilir ki, iddia olunan torpaq sahəsi qonşunun istifadəsində olduğundan və metal hasara alındığından ölçmə işlərinin aparılması mümkün olmamışdır. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, mübahisəli torpaq sahəsi faktiki istifadə vəziyyətində 1085 kv.m təşkil edir və sahə Alakol kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyəti kimi göstərilən torpaq sahəsidir. -surəti işə əlavə edilmiş “Topaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Tovuz rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 30 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün 2600 kv.m torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir.İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iddiaçı babasına məxsus olduğunu iddia etdiyi 0,30 ha torpaq sahəsinin 0,04 ha hissəsinin də qanunla ona məxsus olması əsası ilə sahənin yerində ölçülməsi, koordinantlarının müəyyən olunması və yerquruluşu xəritəsindən çıxarışın təqdim olunmasını tələb edir. Lakin səlahiyyətli orqan tərəfindən verilmiş məlumatda sahənin bələdiyyə mülkiyyətində olduğu, eyni zamanda başqa şəxs tərəfindən istifadə olunduğu bildirilir. Qeyd edilməlidir ki, torpaq islahatı zamanı islahat aparan komissiya iddiaçıya verilməli olan pay torpaq sahəsinin həcmini müəyyənləşdirmiş və rəsmiləşdirmiş, iddiaçı isə həmin dövrdə pay həcmini və istifadədə olan sahənin müvafiq olaraq əvəzləşdirilməsi və yaxud hər-hansı qaydada ona verilməsini tələb etməmiş, nəticə etibarilə mübahisəli sahə bələdiyyə mülkiyyətinə verilmişdir. Həmçinin qeyd edilməlidir ki, mübahisəli sahə iddiaçının özünün də bildirdiyinə görə son 15 ilə yaxın müddətdə üçüncü şəxsin istifadəsində olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlətnəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. -1.2-ci maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. -3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunun 10-cu maddəsinə əsasən torpaqkadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin öhdəliyi kimi müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh orqan digər şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin iddiaçının müraciətinə əsasən ölçmək, koordinatlarını müəyyən etmək və yerquruluşu xəritəsindən çıxarış vermək öhdəliyi daşımır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, cavadeh orqanın imtina aktı əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin yerində ölçülməsi, koordinantlarının müəyyən olunması və yerquruluşu xəritəsindən çıxarışın təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1389/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1389/2022
04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver