Məhkəmə qərarları › İş №2-1(114)-1389/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1389/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1389/2025 17.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “mənzillə təmin olunma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2004-cü il tarixdən imtiyazlı (birinci növbədə) mənzil almaq hüququ olan şəxslərin uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 03 yanvar 2002-ci ildə Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xidmət keçmək üçün N saylı hərbi hissəyə göndərilmişdir. N noyabr 2002-ci ildə hərbi xidmət zamanı postda olarkən, xidməti vəzifəni yerinə yetirərkən minaya düşmüş və nəticədə hər iki ayağından ciddi xəsarət almışdır. Ayağından biri amputasiya olunmuşdur. İddiaçı Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasının 18 dekabr 2002-ci il tarixli qərarı 1-ci qrup müharibə əlili statusu almış və şəhadətləndirilmə zamanı əliliyinin səbəbi kimi “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” göstərilmişdir. Cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti başçısının 19 oktyabr 2004-cü il tarixli 360 saylı sərəncamı ilə o vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 32-ci maddəsinə əsasən 1-ci qrup əlil olaraq mənzil növbəsinə götürülmüşdür. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 22 yanvar 2020-ci il tarixli, **********8 saylı məktubu ilə ona bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş 08 aprel 2014-cü il tarixli, 03/224 saylı məktubda onun adı qeyd edilməmişdir. 23 iyun 2023-cü ildə o, cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinin başçısına müraciət etmiş, adının mənzil növbəliyinə dayanmış imtiyazlı şəxslərin siyahısına aid edilib və bu barədə məlumatın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə təqdim edilməsini xahiş etmişdir. Onun bu müraciətinə cavabdeh tərəfindən cavab verilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4862/2023 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı mənzil uçotuna alınma tələbinə dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində icraatda iştirakına xitam verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1005/2024 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı adın yaşayış sahəsinə ehtiyacı olan subyektlərin siyahısına salınması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-499/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1005/2024 nömrəli qərardadı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1389/2025 nömrəli qərardadı ilə, iddia tələbi adının mənzil növbəsinə dayanmış imtiyazlı şəxslərin siyahısına daxil edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1389/2025 nömrəli qərardadı ilə, iddia tələbi “mənzillə təmin olunma vəzifəsinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı mənzil uçotuna alınma tələbinə dair inzibati işlə bağlı bildirilmişdir ki, iddiaçının tələbi əsassızdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, müraciət müəllifi Gəncə Şəhər Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 360 №-li Sərəncamı ilə birinci dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Halhazırda uçot siyahısında 51-ci sıradadır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan vətəndaşlara yaşayış sahələri növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Qeyd edilənlərin nəzərə alınaraq İddiaçı iddiasının rədd edilməsi barədə qərar verilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İşin halları Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 18 dekabr 2002-ci il tarixli 61 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Ağır mina partlayışı yaralanması (20,10.2002-ci il) sağ ayağın və baldırın aşağı 1/3-nin travmatik dağılmasına görə orta 1/3 səviyyəsində amputasiyasından (xx.xx.2002-ci il) sonrakı küdülü. Sol baldır sümüklərinin aşağı 1/3 səviyyəsində köndələn sınığından sonrakı bərkiməmiş sümük döyənəyi. Sol baldırın yumşaq toxumalarının çoxsaylı qəlpə yaralanmasından sonrakı bərkiməmiş dəri çapıqları.” diaqnozu “Hərbi travma hərbi xidməti vəzifələri (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 360 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Kəpəz rayon Dövlət Sosial Müdafiə Fondunun təqaüdçüsü 1ci qrup əlil İddiaçı mənzil növbəsinə götürülmüsi haqqında Həmkarlar Təşkilatının 18 saylı xx.xx.2004-cü il tarixli birgə qərarı təsdiq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsi və növbəyə alınması qanunvericiliyə əsasən rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətlərinə daxildir. Gəncə şəhər İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş xx.xx.2014-cü il tarixli № 03/224 nömrəli məktubda onun adı qeyd edilməmişdir. Həmin məktub və növbəlilik siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı adının mənzil növbəsinə dayanmış imtiyazlı şəxslərin siyahısına daxil edilib bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə təqdim edilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 88 nömrəli arayışından görünür ki, istefada olan əsgər 1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 258 nömrəli hərbi hospitalın xx.xx.2002-ci il tarixli 61 nömrəli xəstəlik haqqında şəhadətnaməsində qeyd edilən diaqnozu: “Ağır mina partlayışı yaralanması (xx.xx.2002) Sağ ayağın və baldırın aşağı 1/3-nin travmatik dağılmasına görə, orta 1/3-nin səviyyəsində amputasiyasından (xx.xx.2002) sonrakı küdülü.” “Hərbi travma hərbi xidməti vəzifələri (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı adına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları üzrə hal-hazırda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 80 nömrəli sərəncamı ilə, ünvan 2 ünvanında qeydiyyatda olan hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar 1-ci dərəcəli əlil İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Ailə tərkibi 2 nəfərdən ibarətdir. Özü və anası X1. Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə əlaqədar İ dərəcə əlil olan İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 12 mart 2024-cü il tarixli 80 nömrəli Sərəncamı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməmişdir. Məlumat üçün bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Odur ki, yuxarıda qeyd olunan imtiyazlı şəxslər barəsində məlumatlar (müvafiq sənədlər əlavə olunmaqla) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Gələcəkdə hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə əlaqədar əlil olan şəxslərlə bağlı mənzil təminatına dair hər hansı göstəriş olduğu təqdirdə həmin siyahının göndərilməsi təmin ediləcəkdir. xx.xx.2024-cü il tarixli Tibbi-Sosial Ekpertiza Müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən müddətsiz Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə əlaqədar, “Mina partlayışı nəticəsində. Sağ ayağın və baldırın aşağı 1/3nin travmatik dağılmasına görə orta 1/3-i səviyyəsindən omputasion güdülü. Sol baldır sümüklərinin aşağı 1/3 i səviyyəsində köndələn sınığından sonra bərkimiş sümük döyənəyi. Sol baldırın yumşaq toxumalarının qəlpə yaralanmasından sonrakı dəri çapıqları.” diaqnozu ilə İ dərəcəli əlillik təyin edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004cü il tarixli 360 nömrəli Sərəncamı ilə ümumi xəstəlikdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən yalnız Azərbaycan Respublikasının ərazi butövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması barədə məlumat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Qeyd olunan sərəncamın ləğv edilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyətində məlumat yoxdur. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 360 nömrəli Sərəncamının yeni redaksiyada verilməsi haqqında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli 5-1/3-2-78/2025 nömrəli Sərəncamına əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar 1-ci dərəcəli əlil İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Ailə tərkibi iki nəfərdən ibarətdir. Özü və anası X1. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2002-ci il tarixli, 61 nömrəli “Xəstəlik haqqında şəhadətnamədə” İddiaçı qoyulmuş diaqnozun hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi travma, hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin olunmuşdur. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 360 nömrəli Sərəncamı ilə ümumi xəstəlikdən əlil kimi, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli 5-1/3-2-78/2025 nömrəli Sərəncamı ilə 360 nömrəli sərəncama qismən dəyişiklik edilərək o, hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə əlaqədar 1-ci dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda hesab edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021- ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Sözügedən Sərəncamların mətninə uyğun olaraq müvafiq kateqoriyada olan şəxslərin (yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020- 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailələrinin) mənzil və ya fərdi evlə təmin edilməsi tapşırılmışdır. Bundan başqa Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında 25 avqust 2021-ci il tarixli 2871 nömrəli Sərəncamda isə Azərbaycan Respublikasının “X4” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirilməsi tapşırılmışdır. Beləliklə, yuxarıda göstərilənlərdən də aydın olur ki, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər 2-1(114)-1389/2025 nömrəli 21 mart 2025-ci il tarixli sorğuda adları çəkilən Sərəncamlara münasibətdə imtiyazlı şəxslər hesab edilmirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43. Mənzil hüququ İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ

2. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.

“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanı 2.3. həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1814/2023 nömrəli qərarı

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan sənədlərdən görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 18 dekabr 2002-ci il tarixli 61 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, İddiaçı “Ağır mina partlayışı yaralanması (20,10.2002-ci il) sağ ayağın və baldırın aşağı 1/3-nin travmatik dağılmasına görə orta 1/3 səviyyəsində amputasiyasından (xx.xx.2002-ci il) sonrakı küdülü. Sol baldır sümüklərinin aşağı 1/3 səviyyəsində köndələn sınığından sonrakı bərkiməmiş sümük döyənəyi. Sol baldırın yumşaq toxumalarının çoxsaylı qəlpə yaralanmasından sonrakı bərkiməmiş dəri çapıqları.” diaqnozu “Hərbi travma hərbi xidməti vəzifələri (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. İddiaçı xx.xx.2007-ci il tarixdən müddətsiz Hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə əlaqədar, “Mina partlayışı nəticəsində. Sağ ayağın və baldırın aşağı 1/3-nin travmatik dağılmasına görə orta 1/3-i səviyyəsindən omputasion güdülü. Sol baldır sümüklərinin aşağı 1/3 i səviyyəsində köndələn sınığından sonra bərkimiş sümük döyənəyi. Sol baldırın yumşaq toxumalarının qəlpə yaralanmasından sonrakı dəri çapıqları.” diaqnozu ilə İ dərəcəli əlillik təyin edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 360 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Kəpəz rayon Dövlət Sosial Müdafiə Fondunun təqaüdçüsü 1ci qrup əlil İddiaçı mənzil növbəsinə götürülmüsi haqqında Həmkarlar Təşkilatının 18 saylı xx.xx.2004-cü il tarixli birgə qərarı təsdiq edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 360 nömrəli Sərəncamının yeni redaksiyada verilməsi haqqında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli 5-1/3-2-78/2025 nömrəli Sərəncamına əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar 1-ci dərəcəli əlil İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Hazırkı iddia tələbi üzrə iddiaçı mənzillə təmin olunma öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Gəncə Şəhər İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi məlumatda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Odur ki, yuxarıda qeyd olunan imtiyazlı şəxslər barəsində məlumatlar (müvafiq sənədlər əlavə olunmaqla) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər qeyd olunan Sərəncamlara münasibətdə imtiyazlı şəxslər hesab edilmirlər. Cavabdeh iddiaçının tələbinin təmin edilməsinin hazırda mümkün olmamasını hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlil olan şəxslərlə bağlı mənzil təminatına dair hər hansı göstəriş olmadığı, olduğu təqdirdə həmin siyahının göndərilməsinin təmin ediləcəyi ilə əsaslandırır. Göründüyü kimi, cavabdeh iddiaçını mənzillə təmin etməkdən tamamilə imtina etməmiş, müvafiq şəraitin yaranacağı təqdirdə iddiaçının mənzillə təmin olunması məsələsinə yenidən baxılacağını bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə cavabdehin iddiaçını mənzillə təmin etmək imkanı təsdiqini tapmır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar