Məhkəmə qərarları › İş №2-1(114)-139/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-139/2020

14.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-139/2020 14.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsi) qarşı sosial müavinətin ödənilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və onların üzərinə ödənilməmiş 583 (beş yüz səksən üç) manat məbləğində pulun ödənilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2014-cü il tarixədək xx.xx.2019-cu il tarixədək veteran pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə tərəfindən həmin ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi veteranıdır. Ona dövlət tərəfindən verilən veteran pulu xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək verilməmişdir, həmin məbləğ 583 (beş yüz səksən üç) manat təşkil edir. O, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi ilə əlaqədar DSMF-nin Tərtər rayon şöbəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən əmək pensiyasına çıxdığına görə, ona ödənilən müavinət dayandırılmışdır. Buna görə də, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********3 nömrəli məktubundan görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən veteranlığa görə müavinət dövlət qulluqçusu imi yaşa görə əmək pensiyası hesablanmasında nəzərdə tutulmadığı üçün onun əmək pensiyasında müharibə veteranlarına verilən müavinət nəzərə alınmamışdır. - AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubundan görünür ki, müharibə veteranlarına verilən müavinətlər xx.xx.2019-cu il tarixə kimi pensiya və müavinət almadığı təqdirdə ödənilir. İddiaçı xx.xx.2014-c il tarixdən əmək pensiyasına çıxdığına görə ona ödənilən müavinət dayandırılmışdır. - 044043 nömrəli xx.xx.2000-ci il tarixli müharibə veteranı vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən müharibə veteranı statusu verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X3 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçıya xx.xx.2000-ci il tarixdən müharibə veteranı statusu verilmiş və həmin tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət ödənilmişdir. Lakin xx.xx.2014-cü il tarixdən pensiya hüququ yarandığından və pensiya təyin edildiyindən əsaslı olaraq sosial müavinətin ödənilməsi dayandırılmışdır. Başqa sözlə, iddiaçıya 2014-cü ilin noyabr ayından əmək pensiyası təyin edilməsi, ona müharibə veteranı kimi sosial müavinətin ödənilməsini istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə qarşı sosial müavinətin ödənilməsi vəzifəsinin qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar