Məhkəmə qərarları › İş №2-1(114)-139/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-139/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-139/2023 13.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Qazax rayon Dövlət Notariat Kontorunun 13 sentyabr 2005-ci il tarixli, 2-V-1-139 N-li “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən Qazax şəhəri, M.Ə.Sabir küçəsi, 117(indiki H.Əliyev pr-ti 117) saylı fərdi yaşayış evi iddiaçının mərhum əri X1 vərəsəlik qaydasında iddiaçının adına keçirilmiş və həmin şəhadətnamə əsasında xx.xx.2005-ci il tarixdə 632 nömrəli “qeydiyyat vəsiqəsi” almış və onun mülkiyyət hüquqları tanınmışdır. Həmin fərdi yaşayış evinin ümumi sahəsi isə 64.7 kv.m kimi qeydiyyata alınmışdır. Bundan başqa, 964 nömrəli “torpaq qeydinə” əsasən Qazax şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 650 kv.m torpaq sahəsi mərhum X2 adına verilmişdir. Həmin torpaq qeydi əsasında cari dəyişiklik formasında iddiaçının adına çıxarış verilərkən torpaq sahəsi də onun adına işlənilməli idi. Mən isə hüquqlarımın təkrar tanıdılması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı qonşunun da torpaq sahəsi daxil olmaqla çıxarış verilməsini tələb edir, ona görə də ərizəsinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı1 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Belə ki, surəti iş materiallarına əlavə olunmuş; -xx.xx.2005-ci il tarixli, 632 “A” nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Qazax şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 117 nömrəli fərdi yaşayış evi Qazax rayon DNK-nın 2V-İ-139 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən İddiaçı1 adına qeydə alınmışdır. Göründüyü kimi xx.xx.2005-ci il tarixli, 632 “A” nömrəli qeydiyyat vəsiqəsinə əsasən mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydiyyata alınmışdır. Qeyd edilməlidir ki, sözügedən qeydiyyat vəsiqəsi qüvvədə olduğu halda, başqa sözlə ev iddiaçının mülkiyyətində olduğu halda yenidən mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə mahiyyəti üzrə baxıla bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar