Məhkəmə qərarları › İş №2-1(114)-139/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-139/2025

06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-139/2025 06.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Qarayev Elməddin oğlunun və üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsi) qarşı “onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: 17 iyul 2023-cü il tarixli arxiv arayışına əsasən Kirovabad şəhər X6 İcariyyə Komitəsinin 28 noyabr 1987-ci il tarixli iclasının 19№li protokolundan çıxarış, №439 Azərbaycan SSR Tikinti Nazirliyinin 3 saylı Tikinti Montaj Trestinə Kirovabad şəhərinin bağçılıq birliyinin Kirovabad qəsəbəsi ərazisində bağçılıq təsərrüfatının təşkili üçün torpaq sahəsinin verilməsi haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 7 mart 1985-ci il tarixli 78 nömrəli "Bağçılıq və bostançılıq işinin təşkilinin təkmilləşdirilməsi haqqında" qərarının icrası məqsədi ilə və Respublika Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR Nazirlər Sovetinin 2 oktyabr 1985-ci il tarixli 13-4/744 nömrəli məktubunda göstərilən Kirovabad şəhərində bağçılıq yoldaşlıqlarının təşkilinə dair təklifini rəhbər tutaraq, Kirovabad Şəhər X6nin icraiyyə komitəsi Bağçılıq birliyinin təşkili üçün Azərbaycan SSR Tikinti Nazirliyinin 3 nömrəli tikinti-quraşdırma trestinə X3 gedən yolun kənarında Qırmızı kənd ərazisində yerləşən 9,0 hektar torpaq sahəsi verilməsi, 3 saylı trest bağçılıq birliyi sahəsinin baş planını hazırlasın və müəyyən edilmiş qaydada şəhər icraiyyə komitəsi ilə razılaşdırılması, şəhərin baş memarı F.G. İmamquliyev yoldaş naturada torpaq sahəsi ayırması və bağçılıq birliyinin əmlakının layihələndirilməsi üçün lazımi ilkin məlumatlarla birlikdə 3 nömrəli trestə verilməsi qərara alınmışdır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 7388/2023 nömrəli imtina məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı, fərdi yaşayış evinin, yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tam şəkildə ərizənizə əlavə edilmədiyi, həmçinin, bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Məlumat üçün bildiririlir ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi” barədə sərəncamına əsasən ləğv olunan bağ təsərrüfat idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, 3 nömrəli X2 “İnşaatçı” Bağçılıq Yoldaşlığının tərəfindən ona ayrılmış “Qırmızı Kənd” ərazisində sıra sayı 1 bölgə 38 nömrəli ünvanda yerləşən torpaq sahəsi və hımin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən aparılan araşdırma zamanı “İnşaatçı” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tam şəkildə ərizəyə əlavə edilmədiyi, həmçinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi” barədə sərəncamına əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Qeyd olunan normanın tələbi baxımından torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Gəncə şəhərində yerləşən istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı tərəfindən təqdim etdiyi torpaq sahəsinin sərhədlərini və coğrafi mövqeyini müəyyən edə bilmək üçün zəruri sənədlər (torpaq sahəsinin cizgisi, təhvil-təslim aktı və s.) olmadığından iddiaçıya ayrılmış torpaq sahəsinin müəyyən etmək mümkün deyildir. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır: İddiaçı faktiki istifadəsində olan 0.05 ha torpaq sahəsi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün istifadə olunan, bələdiyyə mülkiyyətində olan sahədir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Faktiki istifadədə olan torpaq sahəsinin, hər-hansı subyektin mülkiyyət, icarə və qanuni istifadə hüququnu təsdiq edən (Çıxarış) sənədlərdə göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmadı. Rəy hazırlanarkən, naturada təqdim olunan faktiki sahəyə, elektron kadastr baza məlumatlarına, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin ərazi xəritəsinin elektron məlumatlarına və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinad olunmuşdur. Məhkəmənin qərardadı ilə cavabdeh qismində iştirak edən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. İddiaçı, cavabdehin nümayəndəsi Qarayev Elməddin oğlu və üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X8 məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək təmin olumasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,Gəncə şəhəri 3№li Tikinti Quraşdırma tresti tərəfindən verilmiş və faktiki istifadəsində olan 495 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi izahatında bağçılıq sənədlərinin arxivlərinin onlarda mövcud olmadığından sənədlərin araşdırılması mümkün olmadığını bildirərək, iddia tələbinə qarşı etiraz edərək tələbin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X8 izahat verərək həmin küçədə bir neçə nəfərə çıxarışların verdildiyini qeyd edərək torpaq sahəsinin iddiaçının adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Kirovabad şəhər X6 İcariyyə Komitəsinin 28 noyabr 1987ci il tarixli,439 nömrəli qərarına əsasən iddiaçının mülkiyyətinə Azərbaycan SSR Tikinti Nazirliyinin 3 nömrəli tikinti-quraşdırma trestinə X3 gedən yolun kənarında Qırmızı kənd ərazisindən 9,0 hektar həyatyanı torpaq sahəsi ayrılmışdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Gəncə şəhəri 3№li Tikinti Quraşdırma tresti tərəfindən verilmiş və faktiki istifadəsində olan 495 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdan ibarətdir. Cavabdehin imtina əsası kimi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tam şəkildə ərizənizə əlavə edilmədiyi, həmçinin, bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Məlumat üçün bildiririlir ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi” barədə sərəncamına əsasən ləğv olunan bağ təsərrüfat idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmasına istinad etmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası X7 filialının xx.xx.2025-ci il tarixli, 3-48-DA-4F/2-39/8/2025 nömrəli məktubu ilə X7 filialının Kirovabad şəhər X6 arxiv fondunda mühafizə olunan xx.xx.1987-ci il tarixli 19 saylı iclas protokolunun 439 saylı qərarının təsdiqlənmiş kserosurətləri məhkəmə sorğusu əsasında təqdim edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 17 iyul 2023-cü il tarixli arxiv arayışına əsasən Kirovabad şəhər X6 İcariyyə Komitəsinin 28 noyabr 1987-ci il tarixli iclasının 19№li protokolundan çıxarış, №439 Azərbaycan SSR Tikinti Nazirliyinin 3 saylı Tikinti Montaj Trestinə Kirovabad şəhərinin bağçılıq birliyinin Kirovabad qəsəbəsi ərazisində bağçılıq təsərrüfatının təşkili üçün torpaq sahəsinin verilməsi haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 7 mart 1985-ci il tarixli 78 nömrəli "Bağçılıq və bostançılıq işinin təşkilinin təkmilləşdirilməsi haqqında" qərarının icrası məqsədi ilə və Respublika Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR Nazirlər Sovetinin 2 oktyabr 1985-ci il tarixli 13-4/744 nömrəli məktubunda göstərilən Kirovabad şəhərində bağçılıq yoldaşlıqlarının təşkilinə dair təklifini rəhbər tutaraq, Kirovabad Şəhər X6nin icraiyyə komitəsi Bağçılıq birliyinin təşkili üçün Azərbaycan SSR Tikinti Nazirliyinin 3 nömrəli tikinti-quraşdırma trestinə X3 gedən yolun kənarında Qırmızı kənd ərazisində yerləşən 9,0 hektar torpaq sahəsi verilməsi, 3 saylı trest bağçılıq birliyi sahəsinin baş planını hazırlasın və müəyyən edilmiş qaydada şəhər icraiyyə komitəsi ilə razılaşdırılması, şəhərin baş memarı F.G. İmamquliyev yoldaş naturada torpaq sahəsi ayırması və bağçılıq birliyinin əmlakının layihələndirilməsi üçün lazımi ilkin məlumatlarla birlikdə 3 nömrəli trestə verilməsi qərara alınmışdır. Həmçinin üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X8 həmin küçədə bir neçə nəfərə çıxarışların verildiyini qeyd etmiş, həmçinin iş materiallarında da qeyd olunan çıxarışlar mövcuddur. Eyni zamanda iş materiallarına əlavə edilmiş, iddiaçıya məxsus ИТ-İ №0021013 nömrəli əmək kitabçası ilə də müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1994-cü ilə kimi Azərbaycan SSR Sənaye Tikinti nazirliyinin 3 nömrəli Trestinin 38 nömrəli Tikinti İdarəsində işləmişdir. Buda iddiaçının qərar verildiyi zaman həmin müəssisədə işləməsini təsdiq edir. X4 Yoldaşçılığın xx.xx.2002-ci il tarixli, 05 nömrəli arayışının məzmunundanda göründüyü kimi Mahmudov X1 bağçılıq yoldaşçılığın üzvüdür. Ona verilmiş torpaq sahəsi Kirovabad şəhər X6 İcariyyə Komitəsinin 28 noyabr 1987-ci il tarixli qərarının 19 saylı protokolu əsasınds “Qırmızı Kənd” sahəsindən ayrılmış torpaq sahəsindən verilmişdir. Torpaq sahəsinin sıra sayı İ bölgə №38 saylıdır, ölçüləri isə 15x33 və ya 495 kv.m-dir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Gəncə şəhəri 3№li Tikinti Quraşdırma tresti tərəfindən verilmiş və İddiaçı faktiki istifadəsində olan 495 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar