Məhkəmə qərarları › İş №2-1(114)-1391/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1391/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1391/2020 20.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7rşı 45 il müddətinə Bərdə rayonu Otuzikilər Bələdiyyəsindən icarəyə götürdüyü 11.5 ha torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X9 üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X10 (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 45 il müddətinə Bərdə rayonu Otuzikilər Bələdiyyəsindən icarəyə götürdüyü 11.5 ha torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2000-ci il tarixdə Bərdə rayon Otuzikilər Bələdiyyəsinin 10 saylı yığıncağının qərarı ilə bələdiyyəyə məxsus 11.5 hektar torpaq sahəsi ona verilmiş, xx.xx.2005-ci il tarixdə Bərdə rayon Otuzikilər Bələdiyyəsi ilə aralarında «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» (torpaq icarəsi müqaviləsi) müqavilə bağlanaraq, yuxarıda qeyd olunan torpaq sahəsi 45 (qırx beş) il müddətinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəsinə verilmişdir. xx.xx.2000-ci il tarixdə «Sahə seçmə aktı» tərtib edilmiş, həmin sahəyə yerquruluşu planı çəkilmiş, torpaqların kadastrı və monitorinqi şöbəsinin müdirinin torpaqların uçotu və monitorinqi sektorunun müdirinin və baş məsləhətçisinin iştirakı ilə «Qeydiyyat vərəqəsi» tərtib edilmişdir. Halhazıra kimi həmin sahəni istifadə etdiyi və müqavilədən irəli gələn hüquq və vəzifələrini yerinə yetirdiyi üçün 2020-ci ilin may ayında zəruri sənədlər əsasında sözügedən torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********949 saylı məktubu ilə bundan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının, üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini Bərdə rayon Otuzikilər Bələdiyyə şurasının xx.xx.2000-ci il tarixli 10 saylı yığıncağının qərarı, Bərdə rayon Otuzikilər Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli sahəseçmə aktı, 11.5 ha torpaq sahəsinin yerquruluşu planı, xx.xx.2000-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, xx.xx.2005-ci il tarixli Qeydiyyat Vərəqəsi, Bərdə rayon Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli 79 nömrəli məktubu, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubu, Bərdə rayon Otuzikilər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 nömrəli protokolu və cavabdehin xx.xx.2020-ci il tarixli **********049 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********049 nömrəli imtina məktubunda göstərmişdir ki, 11.5 ha torpaq sahəsi Bərdə rayon Otuzikilər Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Həmin torpaq sahəsinin üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması məqsədilə təqdim edilmiş sənədlərdə uyğunsuzluq var və mövcud qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, icarə müqaviləsinin bağlanma tarixi qeyd olunmamış, mətni tam yazılmamış, müqavilə imza və möhürlə təsdiq edilməmişdir. 11.5 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Bərdə rayonu Otuzikilər Bələdiyyəsinin qərarı, yerquruluşu xəritəsindən çıxarış, torpaq sahəsinin sxemi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, sahəçəkmə aktı, torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmamış, icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması məqsədilə ərizədə sənəd-əsas kimi qeyd edilən qeydiyyat vəsiqəsinin hüquqi sənəd olmadığı, eyni zamanda xx.xx.2000-ci il tarixli sahəçəkmə aktına baxılarkən sözügedən 11.5 ha torpaq sahəsinin Bərdə rayon Otuzikilər Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 10 saylı qərarı ilə 15 il müddətinə «Bayram-M» X4 müvəqqəti istifadəsinə verildiyindən istifadə müddətinin bitdiyi müəyyən edilmişdir. İş materiallarında olan Bərdə rayon Otuzikilər Bələdiyyə şurasının xx.xx.2000-ci il tarixli 10 saylı yığıncağının qərarından görünür ki, Bayram X4 başçısı İddiaçı Soltan oğlunun ərizəsi nəzərə alınmaqla Bələdiyyənin xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə Bayram-M kəndli fermer təsərrüfatına verilmiş 9.5 hektar torpaq sahəsi 59-cu konturdan çıxarılaraq 17-ci kontura yerləşdirilmiş, həmin konturda olan 11.5 hektar torpaq sahəsi bütövlükdə Bayram-M kəndli fermer təsərrüfatına verilmişdir. İş materiallarında olan Bərdə rayon Otuzikilər Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli sahəseçmə aktından görünür ki, X2 rayon torpaq şöbəsinə yazdığı xx.xx.2000-ci il tarixli 29 saylı məktubuna və xx.xx.2000-ci il tarixli 10 saylı iclasının qərarına əsasən Otuzikilər Bəldiyyəsinin fondunda olan 17 saylı kontordan 11.50 hektar torpaq sahəsinin ayrılıb heyvandarığı inkişaf etdirmək və ərzaq bolluğu yaratmaq məqsədilə «Bayram-M» X4 müvəqqəti istifadəsinə 15 il müddətinə verilməsinə komissiya üzvləri etiraz etmirlər. Ayrılmış torpaq sahəsi şimaldan və cənubdan özəlləşən pay torpaqları ilə şərqdən dren ilə, qərbdən isə yol ilə həmsərhəddir. İş materiallarında olan Bərdə rayon Otuzikilər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən (torpaq icarəsi müqaviləsi) görünür ki, xx.xx.2004-cü il tarixli 10 saylı protokol əsasında Bərdə rayon Otuzikilər Bələdiyyəsi (X3) tərəfindən 11.5 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 45 il müddətinə İddiaçı Solat oğluna icarəyə verilmişdir. İş materiallarında olan Bərdə rayon Otuzikilər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli Torpaqların Kadastr və Monitorinqi şöbəsi tərəfindən verilmiş Qeydiyyat Vərəqəsindən görünür ki, İddiaçı Soltan oğlu ilə Bərdə rayon Otuzikilər Bələdiyyəsi (X3) arasında 45 il müddətə bağlanmış torpaq icarə müqaviləsi «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində xx.xx.2005-ci il tarixdə torpaq icarəsi müqaviləsinin Dövlət qeydiyyatı kitabının 497-ci səhifəsində 07751 nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bərdə rayon Otuzikilər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 nömrəli protokolundan görünür ki, İddiaçı ərizə ilə müraciət edərək ona 2000-ci ilin dekabr ayında icarəyə verilmiş 11.5 hektar torpaq sahəsinin icarə müddətini 45 il artırılmasını xahiş etmiş, Bələdiyyənin həmin tarixli qərarı ilə 2000-ci il tarixdə İddiaçı fermer təsərrüfatına verilmiş bələdiyyə torpağının icarə müddətinin 45 il artırılmaına etiraz edilməmişdir. İş materiallarında olan 11.5 ha torpaq sahəsinin yerquruluşu planından görünür ki, Bərdə rayon X1 aid torpaq sahəsinin bir hissəsinin yerquruluşu olanı çəkilmiş, rayon torpaq şöbəsi və Otuzikilər bələdiyyəsi tərəfindən razılaşdırılaraq təsdiqlənmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bərdə rayon Statistika İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 79 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixə Bərdə rayonu üzrə uçot vahidlərinin reyestrinin aktuallaşma sənədlərində «Bayram-M» kəndli fermer təsərrüfatı qeydiyyatda olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********138500 nömrəli məktubundan görünür ki, məlumat uçot bazasına əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrində Bərdə rayonunun Otuzikilər kəndində yerləşən «Bayram-M» kəndli fermer təsərrüfatı adlı kommersiya qurumu aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2005-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanarkən qüvvədə olmuş «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin tələbinə görə «torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda da dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi etibarsız sayılır». Həmin Qanunun xx.xx.2006-cı ildə dəyişdirilmiş və xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş redaksiyasında həmin maddənin tələbi aşağıdakı kimi müəyyən olunmuşdur: torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin:- - 1-ci bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır - 3-cü bəndinə görə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. - 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İşin faktiki hallarından göründüyü kimi sözügedən icarə müqaviləsi qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçməmişdir. İşdə olan keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin «Torpaq Kadastrı və Monitorinqi şöbəsinin müdiri və Torpaqların Uçotu və Monitorinqi sektorunun müdiri tərəfindən təsdiqlənmiş» «Qeydiyyat vəsiqəsinə»nə gəlincə məhkəmə qeyd edir ki, həmin sənəd yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbinə uyğun olmadığından həmin sənəd torpaq icarə müqaviləsinin qeydiyyatı üçün əsas ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır (Qanunun 11.1-ci maddəsi). Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7rşı 45 il müddətinə Bərdə rayonu Otuzikilər Bələdiyyəsindən icarəyə götürdüyü 11.5 ha torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar