Məhkəmə qərarları › İş №2-1(114)-1391/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1391/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1391/2023 06.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3 və X6) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Quşqara bələdiyyəsi tərəfindən ona verilmiş 0.10 ha torpaq sahəsini 71.7 kv.m istisna ilə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata almaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixdə Göygöl rayonunun Quşqara Bələdiyyəsindən 0,10 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin başqasına mənsub olması məhkəmə qaydasında müəyyən olunduğundan X4 kəndində iddiaçıya həmin miqdarda başqa torpaq sahəsi vermişdir. Lakin, cavabdeh Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi həmin torpaq sahəsini onun adına qeydiyyata almaqdan imtina etmiş, əsas kimi həmn torpaq sahəsinin 71.7 kv.m metrinin bələdiyyənin ehtiyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı olmasını göstərmişdir. Ona görə də Ərazi İdarəsinə ərizə verib, torpağının 71.7 kv metrini qeydiyyata salmamağı, yəni bundan başqa ona hansı torpaq sahəsi verilmişsə (satılmışsa) onu qeydiyyata almağı xahiş etmişdir. Bundan sonra da iddiaçıya eyni məzmunlu imtina cavabı verilmişdir. İddiaçının nümayəndəsi X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Göygöl rayon Quşqara bələdiyyəsinin 29 may 2007-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş 0,10 ha torpaq sahəsinin bələdiyyə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sxemdə əks olunan kordinatlar daxilində 71,7 kv.m istisna olmaqla mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahədə iddiaçı fərdi yaşayış evi inşa etmişdir. Üçüncü şəxs X3 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, o, torpaq sahəsini qanuni əsaslarla almışdır, ona görə də iddianı qəbul etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və digər üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, **********28 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki istifadədə olan torpaq sahəsinin sənəd üzrə olan torpaq sahəsindən 1082 metr kənarda yerləşdiyi müəyyən olunmuşdur. Bundan başqa, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən sənəd üzrə olan torpaq sahəsi X1 məxsus xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli və X2 məxsus xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********35 reyestr nömrəli çıxarışlarla üst-üstə düşür. Faktiki torpaq sahəsinin isə 71.7 kvm hissəsinin bələdiyyənin ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Quşqara Bələdiyyəsi, DT və XK-nin Xanlar rayon şöbəsi və mülkiyyətçilərin iştirakı ilə xx.xx.2007-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, yaradılmış komissiya yerində baxış keçirərək Xanlar rayon Quşqara bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahəsindən cəmi 0,30 hektar ayrılıb 3 nəfər vətəndaşa hər birinə 0.10 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir. -surəti işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 157 nömrəli nömrəli rəyindən görünür ki, 3 nəfərə satılması nəzərdə tutulan torpaq sahəsi 0.10x3 ha olmaqla Quşqara bələdiyyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir, satılması nəzərdə tutulan torpaq sahəsi BEF torpağı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. -surəti işə əlavə edilmiş Xanlar rayonu Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarından görünür ki, 3 nəfər vətəndaşa Xanlar rayon Quşqara bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahəsindən cəmi 0,30 hektar ayrılıb hər birinə 0.10 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli 1053 nömrəli “Torpaqların alqısatqısına dair” aktdan görünür ki, Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarı ilə bələdiyyə ərazisindən 0.10 ha torpaq sahəsi İddiaçı satılmış, sonuncu tərəfindən bunun müqabilində müvafiq haqq ödənilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2008-cu il tarixli, 54 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən alqı-satqı edilmiş torpaq sahəsinə görə 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat pul Quşqara bələdiyyəsinin hesabına ödənilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli koordinatlı sxemdən görünür ki, Quşqara Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarına əsasən İddiaçı verilmiş 0.10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları həmin sxemdə qeyd olunmuşdur. -işə əlavə edilmiş Göygöl rayon Quşqara bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 123 nömrəli məktubundan görünür ki, Xanlar (Göygöl) rayon Quşqara bələdiyyyəsi tərəfindən İddiaçı alqı-satqı yolu ilə satılmış 0.10 ha torpaq sahəsinə dair Quşqara bələdiyyəsinin 29 may 2007-ci il tarixli 26 saylı qərarı qüvvədədir, həmin qərarla İddiaçı satılmış 0.10 ha torpaq sahəsi üzərində vətəndaşın hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış verilməsinə etiraz edilmir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********69 nömrəli bildirişindən görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarı ilə kənd daxili ərazisindəki bələdiyyə torpağından fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.10 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Xanlar rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin koordinatlı sxemi və alqı-satqı aktı əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq qərarı ilə iddiaçıya satılmış və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni, sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya verilmiş və sonuncu tərəfindən həmin torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Cavabdehin imtinasının əsası kimi faktiki torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsi arasında uyğunsuzluğun olması (belə ki, faktiki istifadədə olan torpaq sahəsinin sənəd üzrə olan torpaq sahəsindən 1082 metr kənarda yerləşməsi, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən sənəd üzrə olan torpaq sahəsinin üçüncü şəxslər X1 və X2 məxsus çıxarışlarla üst-üstə düşməsi və faktiki torpaq sahəsinin isə 71.7 kvm hissəsinin bələdiyyənin ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi üst-üstə düşməsi) qeyd olunmuşdur. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. -6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. -17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. -18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. -19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. -23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. -27-ci bəndinə əsasən torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Yuxarıda istinad olunan normaların məzmunundan da göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərə verilən zaman bələdiyyə torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalıdır. Eyni zamanda, bələdiyyə torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, həmin orqan isə öz növbəsində yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü hazırlayır. Bundan sonra, müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək 10 gün müddətində bələdiyyəyə göndərir. Qeyd edilməlidir ki, Quşqara bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli koordinatlı sxemdə Quşqara Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarına əsasən İddiaçı verilmiş 0.10 ha torpaq sahəsinin döngə nöqtələrinin yeni koordinatları göstərilmişdir. İddiaçının nümayəndəsi sonradan ərizə təqdim edərək, Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarı ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin bələdiyyə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sxemdə əks olunan kordinatlar daxilində 71,7 kv.m istisna olmaqla mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasını tələb etmişdir. Göründüyü kimi, iddiaçı hazırda faktiki istifadəsində olan və bələdiyyə tərəfindən tərtib edilmiş müvafiq sxemdə əks olunan torpaq sahəsinə iddia edir. Belə olan halda, hazırki iddia üçüncü şəxslərin mülkiyyət hüquqlarını da pozmur. Göründüyü kimi, hazırki iddia tələbi ilə cavabdehin imtina məktubunda qeyd etdiyi imtina halları aradan qalxmış olur. Bu səbəbdən də həmin əsaslarla torpaq sahəsinin qeydə alınmasından imtina əsaslı hesab edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 26 nömrəli qərarı ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin bələdiyyə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sxemdə əks olunan kordinatlar daxilində, bələdiyyənin ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşən 71,7 kv.m istisna olmaqla üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar