Məhkəmə qərarları › İş №2-1(114)-1393/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1393/2021

02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1393/2021 02.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Üçüncü şəxs X1, nümayəndəsi X5 və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X6) qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 09.06.2015-ci il tarixdə iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 adına Gədəbəy rayonu, Dəyirmandağ kəndi ərazisindən həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli 10 nömrəli qərarının qismən, yəni X4 həyətyanı torpaq sahəsinin verilməsi hissəsində etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21.12.2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. 21.11.2017-ci il tarixdə X6 və vəkili X7 ərizə ilə məhkəməyə müraciət edərək yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişlər. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2017-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iş üzrə üçüncü şəxs X1 vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 26.01.2018-ci il tarixli, 2- 1(104)-137/2018 nömrəli qərardadı ilə qismən təmin olunmuş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2017-ci il tarixli, 2-1(83)-892/2015 nömrəli qərardadı ləğv edilmiş, iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə üçüncü şəxs X1 ərizəsinə yenidən baxılması üçün işin Gəncə İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sözügedən qərardaddan İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.07.2018-ci il tarixli, 2-1(102)-1170/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 26.01.2018-ci il tarixli, 2- 1(104)-137/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 07.09.2018-ci il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı icraat təzələnmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 02.04.2019cu il tarixli, 2-1(83)-272/2019 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-424/2019 nömrəli, 02.07.2019-cu il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin qeyd olunan qərardadı ləğv olunmuş və iş təkrar baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2019-cu il tarixli 2-1(083)-1710/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X6) qarşı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli 10 nömrəli qərarının qismən, yəni X4 həyətyanı torpaq sahəsinin verilməsi hissəsində etibarsız sayılması tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə müəyyən etmə və ya tanınma haqqında iddia növü üzrə deyil, mübahisələndirmə haqqında iddia kimi baxılmalıdır. Bundan əlavə, iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2-1(083)-1710/2019 nömrəli qərardadından iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-317/2020 saylı, 27 iyul 2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-317/2020 saylı, 27 iyul 2020-ci il tarixli qərardadından iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işə apellyasiya qaydasında yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.02.2021-ci il tarixli 2-1(102)-33/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-317/2020 saylı, 27 iyul 2020-ci il tarixli qərardadı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-418/2021 saylı, 03 may 2021-ci il tarixli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2019-cu il tarixli 2-1(083)-1710/2019 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək hüquqi marağına uyğun iddia növünün seçilməsinə və iddia müddətinin ötürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim edilməsinə dair 24.06.2021-ci il tarixli sərəncam göndərilmiş və qeyd edilən çatışmazlıqlar aradan qaldırılmaqla qanunvericiliyə uyğun iddia ərizəsi tərtib edilərək təqdim olunması təklif edilmişdir. Bundan sonra iddiaçı 06.07.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia ərizəsində göstərilən «etibarsız» sözünün «ləğv etmə» sözü ilə əvəz olunmaqla qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya yenidən yardım edilərək 15.07.2021-ci il tarixli sərəncam göndərilmiş dəyişdirilmiş iddia tələbi, yəni X1 adına Gədəbəy rayon Dəyirmandağı kəndi ərazisindən həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23.09.1998-ci il tarixli, 10 nömrəli qərarın qismən, yəni X4 həyətyanı torpaq sahəsi verilməsi hissəsində ləğv edilməsi mübahisələndirilmə haqqında iddia növünə aid olduğundan buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təqdim edilməsi təklif olunmuşdur. . İddiaçı məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Aqrar İslahat komissiyasının 23 sentyabr 1998-ci il tarixli 10 nömrəli qərarının qismən, yəni X4 həyətyanı torpaq sahəsinin verilməsi hissəsində etibarsız sayılması barədə iddia tələbi üzrə məhkəmə mübahisəsi 2014-cü ildən hazıra kimi davam edir və ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinin məhkəməyə verilmə müddətinin bərpa olunması barədə ərizə tərəfindən məhkəməyə təqdim olunmamışdır. Hesab edir ki, eyni aktın uzun müddət məhkəmədə mübahisələndirilməsi iddia ərizəsinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi üçün əsasdır və ona görə də buraxılmış iddia müddətinin üzürlü hesab olunması və mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş edir. Üçüncü şəxs və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdilər. Üçüncü şəxsin vəkili məhkəmə iclasında üçüncü şəxslə eyni məzmunlu izahat verdi əlavə olaraq bildirdi ki, hazırki iddia tələbləri üzrə artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur və bu səbəbdən də iddia tələbi üzrə müddətin bərpasına dair ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İddiaçıya və cavabdehə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, iddiaçı sağlamlıq vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub-olmadığı müəyyən edilməlidir. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsindəşəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılmasıüçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı Olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2-1(102)- 33/2021 nömrəli qərarında iki əsasa istinad edilərək göstərilmişdir ki, iddiaçının subyektiv hüququnun olması və hüquqi marağına uyğun düzgün iddia növü ilə müraciət etməsi araşdırılmamış, iddiaçıya bununla bağlı hər hansı yardım edilməmişdir. Məhkəmə ilk öncə iddiaçının subyektiv hüququnun olub-olmaması ilə bağlı iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.11.2018-ci il tarixli, 24350 nömrəli ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatı nəticəsində Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23.09.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X4 ayrılmış 0.1308 ha torpaq sahəsi ilə 31.07.2014-cü il tarixli ******* nömrəli çıxarışla İddiaçı mülkiyyət hüquqları tanınmış 0.1129 ha torpaq sahəsinin üst-üstə düşmədiyi, İddiaçı tərəfindən inşa edilmiş tikilinin 31.07.2014-cü il tarixli ******* nömrəli çıxarışla sonuncunun mülkiyyət hüquqları tanınmış 0.1129 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi, tikilinin 68.56 kv.m hissəsinin 26.11.2014-cü il tarixli ******* nömrəli çıxarışla üzərində X1 mülkiyyət hüququ tanınmış 0.1308 ha torpaq sahəsinə düşdüyü müəyyən olunmuşdur. İddiaçı məhkəməyə ünvanlandığı ərizələrində qeyd etmişdir ki, üçüncü şəxs X2 onun inşa etdirdiyi evin 68.56 kv.m hissəsinin onun hesabına sökülməsi barədə Gədəbəy Rayon Məhkəməsində iddia qaldırdığından o da, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan iddiaçının hazırkı tələb üzrə subyektiv hüququnun olması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.11.2018-ci il tarixli 24350 nömrəli ekspert rəyində Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23.09.1998-ci il tarixli 10 nömrəli qərarı ilə X4 ayrılmış 0.1308 ha torpaq sahəsi ilə 31.07.2014-cü il tarixli ******* nömrəli çıxarışla İddiaçı mülkiyyət hüquqları tanınmış 0.1129 ha torpaq sahəsinin üst-üstə düşmədiyi göstərilsə də, İddiaçı tərəfindən inşa edilmiş tikilinin 68.56 kv.m hissəsinin 26.11.2014-cü il tarixli ******* nömrəli çıxarışla üzərində X1 mülkiyyət hüququ tanınmış 0.1308 ha torpaq sahəsinə düşdüyü müəyyən olunmuşdur. Bu hal isə iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmasına dəlalət edir. Məhkəmə hazırki iddia növü ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən dəyişdirilmiş - X1 adına Gədəbəy rayon Dəyirmandağı kəndi ərazisindən həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23.09.1998-ci il tarixli, 10 nömrəli qərarın qismən, yəni X4 həyətyanı torpaq sahəsi verilməsi hissəsində ləğv edilməsi tələbi mübahisələndirilmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi mübahisələndirilmə haqqında iddia növündə inzibati aktın ləğv və ya dəyişdirilməsinə dair iddianın irəli sürülməsi nəzərdə tutulmuş, həmin iddia növü üçün qanunvericilikdə iddia müddəti müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl 23 sentyabr 1998-ci ildə qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının 10.06.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarım bölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının 28.12.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in 11.09.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamalı və iddia tələbi isə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı müddətin bərpasına dair ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X2) qərarın qismən ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar