Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1395/2025 07.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X4 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Tərtər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə ona satılmış Tərtər şəhəri, V.T.Həsənov küçəsində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və buna dair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbi ilə bağlı göstərdi ki, təmsil etdiyi orqan tərəfindən iddiaçıya imtina verilməmişdir. Belə ki, onun müraciəti üzrə verilən cavab məktubundan da aydın olur ki, qanunla müəyyən edilmiş qaydada iddiaçı müraciət edəcəyi halda sözügedən torpaq sahəsinə baxış keçirilməklə aparılan araşdırma nəticəsində müvafiq olaraq müraciəti həllin tapacaqdır. Lakin iddiaçı buna əməl etməmiş, eyni zamanda dövlət rüsumu belə ödəməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələbinə görə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 4.1, 4.2 və 5.1-ci bəndləri). İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Belə ki, məhkəmə tərəfindən ididaçının müraciəti və müraciət əsasında toplanan materiallar məhkəmə tərəfindən sorğu verilərək götürülmüşdür. Müəyyən edilmişdir ki, iddiaçının müraciətinə verilmiş cavab məktubu imtina xarakterli deyil. Cavabdeh orqan məktubunda qeyd etmişdir: «qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər təqdim olunmaqla müraciət edəcəyiniz təqdirdə, sözügedən torpaq sahəsinə baxış keçirilməklə aparılan kadastr araşdırması nəticəsində dayanma və imtinaya səbəb olan hallar olmayacağı halda müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır». «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt. Maddə 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh orqanın xx.xx.2025-ci il məktubu imtina xarakterli inzibati akt deyildir və həmin məktub aralıq inzibati akt olmaqla, cavabdeh orqan iddiaçının müraciəti üzrə inzibati icraat apara bilməsi üçün öz səlahiyyətləri çərçivəsində qanunla nəzərdə tutulmuş qaydada müvafiq sənədlərin təqdim edilməli olduğunu bildirmiş və bu, cavabdeh orqanın iddiaçının müraciəti üzrə inzibati icraatı həyata keçirməsi üçün zəruri olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Maddə 9. Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Maddə 10. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dan biri təqdim olunmalıdır. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 23. İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə bununla bağlı qeyd edir ki, ona qanunvericiliklə müəyyən edilmiş sənədlərin əlavə olunmaqla müraciət edəcəyi təqdirdə ərizəyə baxılacağı bildirildiyi üçün həmin məktub onun müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh orqan iddiaçının müraciətinə baxmamış, araşdırma (inzibati icraat) aparmamış və müraciəti ilə bağlı inzibati akt qəbul etməmişdir. Belə olan halda isə cavabdehin sözügedən məktubu ilə iddiaçının hüquqlarının pozulması halı mövcud olmamışdır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edən zaman dövlət rüsumu ödəməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, şəxsin müraciəti əsasında inzibati aktın qəbul edilməsi (icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması) üzrə fəaliyyət (inzibati icraat) inzibati orqanlar tərəfindən həyata keçirilməlidir və məhkəmə bu vəzifəni öz üzərinə götürə bilməz. Bütün bu halları sistemli təhlil edən məhkəmə hesab edir ki, tələbi mümkünlük şərtlərinə cavab vermir. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1395/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1395/2025
07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver