Məhkəmə qərarları › İş №2-1(114)-1397/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1397/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1397/2024 30.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı hazırda Ağdam rayonu, Şişpapaqlı kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, ünvan 1 ünvanda yaşayır. Qanuni nümayəndə ilə X6 nikahlarını xx.xx.2005-ci il tarixdə Ağdam rayonu İcra Hakimiyyəti başçısının Maqsudlu Ərazi Dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Onların birgə nikahından qızları – İddiaçı xx.xx.2006-cı il tarixdə Bərdə rayonunda, X7 isə xx.xx.2007-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-173/2020 nömrəli qətnaməsinə əsasən Qanuni nümayəndə ilə X6 arasında 02 avqust 2005-ci ildə Ağdam rayonu İcra Hakimiyyəti başçısının Maqsudlu Ərazi Dairəsi üzrə nümayəndəliyində 10 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulmuşdur. Nikahın pozulması xx.xx.2022-ci il tarixdə 53 nömrə ilə akt qeydləri kitabında qeydə alınmışdır. Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Qanuni nümayəndə AA seriyalı 494482 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavinn xx.xx.2024-cü il tarixli, 5- 31/2-78-2024 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam rayonun Maqsudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-31-17/2-02/2024 nömrəli arayışına əsasən Şişpapaqlı kəndində qeydiyyatda olan iddiaçıya, onun ailə üzvləri Qanuni nümayəndə və X5 (məktubda adı Mirkamil kimi qeyd edilmişdir) məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət ödənilir. İddiaçının atası Qanuni nümayəndə ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək, övladına – iddiaçıya məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-36/2-M-72xx-xx/2023/5639 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının anası X2 qeydiyyatı ünvan 2 ünvanında olduğundan, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi mümkün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddia ərizəsində iddiaçı yuxarıda qeyd olunan halları qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, atası Bərdə rayon məhkəməsinə anasıla birgə nigaha xitam verilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş və xx.xx.2020-ci ildə məhkəmə qətnaməsi ilə boşanmışlar, həmin tarixdəndə anası X1 şəhəri Natəvən küç, ev 27 ünvanda valideyinləri ilə birgə yaşayır. İddiaçı və qardaşı ataları Qanuni nümayəndə himayəsində yaşayırlar və bu gündə qədər yaşamaqda davam edirlər. Qardaşını və iddiaçı atası və ata nənəsi böyüdüb tərbiyə etmişdir. Atası, qardaşı və iddiaçı bu günə qədər çörək pulu almaqda davam edirlər. Məcburi Köçkün statusu və onun təsdiq edən vəsiqəni almaq üçün cavabdehə müraciət edərkən faktiki real vəziyəti səlahiyyətlilərə izah etsə də deyilmişdir ki, bu vəsiqəni əldə etmək üçün və bu problemi həll etmək üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və qanuni nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-36-3/2-1408/2024 nömrəli məktubla etirazını təqdim etmiş və etirazda imtina əsaslarını təkrarlamış, əlavə olaraq Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Qanununun 1-ci, 10-cu maddələrinə istinad edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 1.1-ci, 3.1-ci və 3.3-cü bəndlərinə istinad etməklə qeyd etmişdir ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçının atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 4i ünvanında yaşayış yeri üzrə qeydiyyatdır, iddiaçının anası X2 qeydiyyatı ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq, X6 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçının anası X6 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və "Bərdə rayonu" olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, iddiaçının anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanununa və "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a müvafiq olaraq, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Göründüyü kimi o uşaqlara məcburi köçkün statusu verilir ki, 1. Valideynlərindən atası "məcburi köçkün" statusuna malik olsun; 2. Hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun: 3. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Beləliklə, iddiaçıya münasibətdə yuxarıda sadalanan hər üç şərtdən biri ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında bildirmişdir ki, iddiaçının anasıdır. Qanuni nümayəndə ilə münasibətləri pozulduqdan sonra uşaqları atalarının yanında qalmışdır. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət edilmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə istinad edilməklə, anası X3 yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmaması səbəbindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AA seriyalı 494482 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, iddiaçının atası X4 rayonundan məcburi köçkündür. Cavabdehin hazırkı imtinasının əsası iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni, iddiaçının atasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsa da, anası işğal olunmuş rayonda qeydiyyatda deyildir. Məhkəmə qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Belə ki, adı çəkilən Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar