Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1398/2024 25.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bərdə rayonu Qarayusifli Bələdiyyəsinə qarşı qərarın ləğv edilərək pay torpaq sahəsi kimi əvəzsiz verilməsi vəzifəsinin qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bərdə rayonu Qarayusifli Bələdiyyəsinə müraciət edərək bildirmişdir ki, o, Bərdə rayonu Qarayusifli kənd sakinidir və daimi həmin kənddə yaşayır. Torpaq islahatı zamanı onun ailə üzvlərinin hər birinə 0,51 ha torpaq sahəsi ayrılıb mülkiyyətlərinə verilsə də ona pay torpaq sahəsi ayrılmamışdır. Bu məqsədlə o, cavabdeh orqana müraciət edərək bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən pay torpaq sahəsi əvəzi kimi 0,51 ha torpaq sahəsinin ayrılıb onun mülkiyyətinə əvəzsiz verilməsini xahiş etmiş, lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli 12 saylı qərarla imtina edilmişdir. İddiaçı cavabdeh Bərdə rayonu Qarayusifli Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərarın ləğv edilərək pay torpaq sahəsi kimi əvəzsiz verilməsi vəzifəsinin cavbdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 1973-cü ildə Bərdə rayonu Qarayusifli kəndində anadan olmuş, həmin kənddə daimi yaşamış, hazırda da yaşayır və daimi qeydiyyatdadır. Uzun illər Qarayusifli kəndini də əhatə edən “Alpoud” kolxozunun üzvü olmuşdur. 1998- 2000-ci illərdə Azərbaycan Respublikasında, o cümlədən də Bərdə rayonunda kolxoz və sovxozların ləğvi ilə əlaqədar aqrar islahat aparılmış və Aqrar İslahat komissiyalarının qərarları ilə vətəndaşların mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahələri — pay torpaqları verilmişdir. Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə onların ailəsinin 4 nəfər üzvünün hər birinə 0,48 ha olmaqla Bərdə rayonu Qarayusifli kəndi ərazisindən cəmi 1,90 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılaraq ümimi (birgə) mülkiyyətə verilmiş və bu barədə ailəsinə “Torpağa mülkiyyət hüququna dair” 7N: 212, KOD 61001028 No-li Dövlət aktı verilmişdir. Dövlət aktında adları göstərilən ailə üzvləri atası X9, anası X4, qardaşı X10, qardaşı X11 olmuşlar. Naməlum səbəbdən Bərdə rayon Aqrar İslahat Komissiyası X3 ailə üzvü kimi ona 0.51 ha torpaq sahəsi ayırmamış və bu barədə sözügedən Dövlət aktında adı göstərilməmişdir. Halbuki, yuxarıda göstərdiyi kimi o, “Alpoud” kolxozunun üzvü olmaqla Qarayusifli kəndində yaşamış, Qarayusifli kəndi üzrə Alpoud kənd XDS-nin (hazırkı Alpoud kənd icra nümayəndəliyinin) 4 saylı Təsərrüfatbaşına kitabın 252 saylı sıra qeydlərinə əsasən: X3 ailə başçısı olduğu, arvadı X5, qızı X1, qızı İddiaçı, oğlu X10, oğlu X11 olduğu və adına 0,18 ha həyətyanı torpaq sahəsi olduğu qeyd olunub. Ailə üzvü kimi qeydiyyatda olmağına və kolxoz üzvü olmağına baxmayaraq yerli Aqrar İslahat Komissiyası tərəfindən ona da 0,51 ha pay torpağının ayrılmaması səbəbi indiyədək ona məlum deyildir. Azərbaycan Respublikasında torpaq islahatı başa çatdığına, bununla əlaqədar Aqrar islahat komissiyalarının da fəaliyyətinə xitam verilmiş olduğuna görə o, xx.xx.2023-cü il tarixli ərizə ilə Bərdə rayonu Qarayusifli bələdiyyəsinə müraciət edərək bildirmişdir ki, “1998-2000-ci illərdə Kolxoz və Sovxozların ləğvi ilə əlaqədar aparılan torpaq islahatı zamanı onun ailə üzvləri olan atası X6, anası X2, qardaşları Əhmədov Taleh Şahlar oğluna və X7 hər birinə 0,51 ha pay torpaq sahəsi ayrılıb dövlət aktı əsasında onların birgə (ümumü mülkiyyətinə verilmişdir. Lakin naməlum səbəblərdən islahat komissiyası ailə üzvü kimi ona da pay torpaq sahəsi ayrılmasını təmin etməmişdir. Odur ki, indiyədək onun pay torpaq sahəsi yoxdur. Torpaq islahatının 2021-ci ildə başa çatdığını və Aqrar İslahat Komissiyasının fəaliyyətinə xitam verilməsini nəzərə alaraq qeyd edilən qanunsuzluğun aradan qaldırılması üçün Qarayusifli bələdiyyəsinin ərazisindən 0,51 ha torpaq sahəsinin pay torpağı kimi ayrılaraq onun mülkiyyətinə verilməsinə köməklik göstərilməsini xahiş etmiş, Qarayusifli bələdiyyəsinin sədri Nümayəndə imzası ilə ona verilmiş xx.xx.2023-cü il tarixli 32 nömrəli cavabda göstərilir ki: “Bərdə rayon Qarayıusifli bələdiyyəsi ərizəsində 0,51 hektar torpaq sahəsinin pay torpaq sahəsi kimi onun mülkiyyətinə verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizəyə Qarayıusifli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 12 saylı iclasında baxılmışdır. Cavabdeh ərazisində 0,51 ha torpaq sahəsinin pay torpaq sahəsi kimi onun mülkiyyətinə verilməsi bələdiyyənin səlahiyyətinə aid olmadığı üçün ərizənin təmin edilməməsi qərara alınmışdır. Bələdiyyənin həmin qərarından onun qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd edilənləri əsas gətirən iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, hazırda pay torpaq sahəsi kimi əvəzsiz olaraq vətəndaşa torpaq sahəsi verilməsi bələdiyyənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də iddiaçının müraciəti müsbət həll edilməmişdir. Həmçinin bildirmişdir ki, iddiaçının müraciəti ilə bağlı müvafiq qərar qəbul edilmiş, lakin iddiaçı həmin müzakirələrdə iştirak etməmişdir. Əsaslandırıcı hissə: İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun iddia qaldırmışdır. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı cavabdeh orqana müraciət edərək bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən pay torpaq sahəsi əvəzi kimi 0,51 ha torpaq sahəsinin ayrılıb onun mülkiyyətinə əvəzsiz verilməsini xahiş etmiş, lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli 12 saylı qərarla imtina edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 4.0.3. yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; 4.0.4. bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; 4.0.5. ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; 4.0.6. bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.9. bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; 4.0.10. bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; 4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 27.1. Bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı məhkəmədən kənar mübahisələr bələdiyyələr tərəfindən həll edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana müraciət edərək ona pay torpaq sahəsi əvəzi kimi torpaq sahəsinin ayrılması tələb edilmiş və sonuncu iddiaçının müraciətindən imtina etmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçının müraciətini müzakirə edərkən onun iştirakını təmin etməmiş, qərarında imtinanın əsaslarını göstərməmişdir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Başqa sözlə, cavabdeh inzibati orqan kimi iddiaçının müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməlidir. Məhkəmə isə qəbul edilən qərarın qanuniliyinə qiymət verməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə diskresion səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh qurum da inzibati orqan kimi inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələblərinə uyğun aparılmış icraat nəticəsində qərar qəbul etməyə, həmin qərarın qəbul olunmasına dair əsaslar göstərilməyə borcludur. Lakin cavabdeh həmin normaların tələbinə əməl etməyərə sonda inzibati akt qəbul etmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun uyğun olaraq yenidən baxılması ilə bağlı öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Bərdə rayonu Qarayusifli Bələdiyyəsinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsinə ilə bağlı öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1398/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1398/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver