Məhkəmə qərarları › İş №2-1(114)-14/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-14/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-14/2021 23.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Gəncə şəhər İcra Hakimiyyətinə və Cavabdehnə (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati orqanın qanunsuz hərəkəti nəticəsində ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi, 162/167 saylı ünvanda yerləşən mağazanın (qeyri-yaşayış obyektinin) uçurulması nəticəsində dəymiş 500.000 manat maddi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhər İcra Hakimiyyətinin əlavə cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsini və vurulmuş ziyanın müştərək qaydada cavabdehlər tərəfindən ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Gəncə şəhər İcra Hakimiyyəti cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi, 162/167 saylı ünvanda mağaza olmuşdur. Həmin mağazanı Dövlət Əmlakının özəlləşdirilməsi proqramına uyğun olaraq almış və qeyd olunan mağazanı icarəyə verərək ailəsinin maddi təminatını həyata keçirmək istəmişdir. Həmin mağaza 2018-ci ilin yaz aylarında cavabdeh Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyətinin qanunsuz tapşırığı əsasında dağıdılmışdır. Onun tərəfindən həmin mağazanın dağıdılmasının qanunsuzluğu barədə dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, onun xəbərdarlığına məhəl qoyulmamışdır. Mağazanın hansı əsasla dağıdılması barədə ona heç bir məlumat və qanuni əsas bildirilməmişdir, İş üzrə cavabdeh Gəncə şəhər Kəpəz rayon İcra Hakmiyyətinin qanunsuz hərəkətləri nəticəsində mağazanın dağıdılması ilə bağlı ona ümumilikdə 500.000 manat maddi zərər vurulmuşdur. Belə ki, ona məxsus olan mağaza əvvəlcə cavabdehin sərəncamı və tapşırığı əsasında yenidən qurulmuş və quruculuq işlərinə xeyli miqdarda vəsait xərclənmişdir. Həmin tikilinin sahələri iddia ərizəsinə əlavə etdiyi sərəncamda və sənədlərdə öz əksini tapmışdır. Sonradan isə ona məxsus olan qeyd etdiyi mağaza əsassız olaraq uçurulmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X10 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi, 162/167 saylı ünvanda yerləşən mağazanın sökülməsi ilə bağlı Cavabdeh tərəfindən heç bir tapşırıq verilməmiş və tərəflərindən söküntü işləri aparılmamışdır. Cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi, 162/167 saylı ünvanda yerləşən mağazanın sökülməsi ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən heç bir tapşırıq verilməmiş, həmin ərazidə tərəflərindən heç bir abadlıq və quruculuq işi aparılmamışdır. Hazırda da iddia edilən sahə boşdur və tərəflərindən həmin sahədə heç bir iş aparılmır. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Dövlət X6 üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2006-cı il tarixli 000420 qeydiyyat nömrəli şəhadətnamə - həmin şəhadətnamədən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi, 162/167 saylı ünvanda yerləşən mağaza (ümumi sahəsi 94,8 kv.m.) İddiaçı satılmışdır. - Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Auditor Təşkilatı tərəfindən aparılmış X5 məxsus Hacıkənd qəsəbəsində yerləşən obyektin qiymətləndirilməsinə dair rəy – həmin rəydən görünür ki, qeyd edilən obyektin xx.xx.2012ci il tarixə uyğun olaraq bazar dəyəri 350 400 (üç yüz əlli min dörd yüz) manat təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12 xx.xx.2019-cu il tarixli **********50 nömrəli məktubu – həmin məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi, 162/167 ünvanda yerləşən mağazanın özgəninkiləşdirilibözgəninkiləşdirilməməsinə dair 3 saylı X13 hər hansı rəsmi sənəd daxil olmamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 94.8 kv.m. qeyriyaşayış bina İddiaçı məxsusdur, lakin həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi (0.0129 ha) dövlət mülkiyyətindədir. - Cavabdeh xx.xx.2019-cu il tarixli 03/359 nömrəli məktubu – həmin məktubdan görünür ki, Cavabdeh tərəfindən Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində hər hansı tikinti-söküntü, abadlıq və quruculuq işləri aparılmamış və bu barədə heç bir normativ akt (sərəncam) olmamışdır. - Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 03/771 nömrəli məktubu – həmin məktubdan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti və onun tabeli qurumları tərəfindən tərəfindən Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində tikinti-söküntü, abadlıq və quruculuq işlərinin aparılmasına dair hər hansı akt verilməmişdir. - Cavabdeh xx.xx.2020-ci il tarixli 03/467 nömrəli məktubu – həmin məktubdan görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən obyektdə və ya torpaq sahəsində Kəpəz rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri tərəfindən hər hansı söküntü işləri aparılmamış və bu barədə heç bir tapşırıq və ya normativ akt (sərəncam) olmamışdır. - Cavabdeh xx.xx.2020-ci il tarixli 1651 nömrəli sərəncamı – həmin sərəncamdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar X3 məxsus mağazanın yenidən qurulması ilə əlaqədar inşa edilmiş ümumi sahəsi 135,8 kv.m. olan, o cümlədən yaşayış sahəsi 73,1 kv.m., satış zalə 139,6 kv.m., həyət tikililəri 22,5 kv.m. olan tikililərin qeydiyyata alınması və İddiaçı istifadəsində olan 314 kv.m. torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, iddiaçı ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi, 162/167 saylı ünvanda yerləşən mağaza binasının Cavabdeh və Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən söküldüyünü və bunun nəticəsində ona 500.000 manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, həmin mağaza binasının cavabdehlər tərəfindən söküldüyünü və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması); 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları- cavabdeh inzibati orqanların qanunsuz hərəkətləri və ya hərəkətsizliyi, həmin hərəkət və ya hərəkətsizlik nəticəsində çəkdiyi zərər, bu zərərin nədə ifadə olunması, maddi zərərlə bağlılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, cavabdehlərin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehlərin hərəkəti nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehlərin öz vəzifəsini yerinə yetirməsi ilə pisləşmiş olması, cavabdehlərin hərəkəti ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Məhkəmə tərəfindən iddiaçının vəkilinin, cavabdeh inzibati orqanın nümayəndəsinin, və Cavabdeh başçısının Hacıkənd qəsəbəsi inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin iştirakları ilə yerində baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, ünvan 6 ünvanında yerləşən və bir nömrəli foto-şəkildəki bina sökülmüş vəziyyətdə idi. Hal-hazırda həmin ərazidə yarımçıq tikililər vardır. Sökülmüş bina iki mərtəbəli ümumi tikili olmaqla, bir hissəsi, yəni foto-şəkildə göstərilən sağdan üç pəncərə iddiaçıya məxsus olmuş, bir hissəsi isə icra nümayəndəliyinin və ərazi sahə müvəkkilinin yerləşdiyi inzibati bina olmuşdur. İcra nümayəndəsinin bildirdiyinə görə bina söküldüyü üçün hal-hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin balansından silinmişdir. Yerli baxışda iştirak edən şəxslərin bildirdiyinə görə sökülmüş binanın yerinə inşa edilmiş yarımçıq tikili otelin ərazisinə daxildir. Məhkəmə iclasında şahid X9 verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə qohumluq münasibəti olmasa da, həyat yoldaşı ilə münasibəti var. Əvvəldən həmin binanın, yəni bir mərtəbəli olan zamandan inşasında iştirak etmişdir, yəni həmin binanın tikintisinə rəhbərlik etmişdir. Əvvəl icra nümayəndəliyinin binasının yanında 1 mərtəbəli bina olmuş, sonradan iddiaçı tərəfindən sökülüb 2 mərtəbəli bina inşa olunmuşdur. Binanın tikintisi başa çatdıqdan sonra həmin bina, yəni 2 mərtələbi bina cavabdeh tərəfindən sökülmüşdür. Texnikalar, traktorlar vasitəsi ilə söküntü işləri aparılmış, texnikalara göstərişi Eldəniz müəllim vermişdir. Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyev isə ümumi göstərişlər verirdi. Mübahisələndirilən binanın söküntü işləri bitənə kimi Eldəniz Xudiyevin orada olub-olmadığı yadında deyil, lakin Elmar Vəliyevin köməkçisi Elgün, Nizami Rayon İcra başçısı Məharət müəllim və Kəpəz Rayon İcra başçısı Eldəniz müəllim orada idilər. Onlara həmin ərazinin plana düşdüyü bildirilmiş və söküntü işləri aparılmışdır. Həmin binada tikiniti işlərinə rəhbərlik etsə də, vergi ödəyicisi deyil və iddiaçı ilə aralarında podrat müqaviləsi olmamış, şifahi razılaşmışlar. Məhkəmə iclasında şahid X1 izahatında bildirmişdir ki, yay aylarında Hacıkənd qəsəbəsində yaşayır və həmin ərazidə şəxsi evi var. Söküntü işləri aparılan zaman orada olmamışdır. Söküntü işləri bitəndən sonra gəlmiş və eşitmişdir ki, binanı sökürlər. Binanın söküntüsünün icrasını və həmin binanın dəqiq kimin uçurtmasını görməmişdir. Eşitmişdir ki, bina İcra Hakimiyyəti tərəfindən uçurdulub. Məhkəmə iclasında şahid X11 izahatında bildirmişdir ki, iddiaçının əri ilə bir yerdə işləyir. Söküntü işləri aparılan zaman, obyekt olan yerə iddiaçının əri ilə birlikdə getmişlər. Binanın sökülməsində orada olmuş və bina icra hakimiyyəti tərəfindən sökülmüşdür. Eldəniz müəllimin söküntüyə tapşırıq verib-verməməsi yadında deyil. Eldəniz müəllim demişdir ki, söküntü işlərinə tapşırığı Elmar Vəliyev verib. Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyinin rəisi Əli müəllim, Eldəniz müəllim, Məharət müəllim və Elmar Vəliyev orada olmuşlar. İcra Hakimiyyətinə məxsus heç bir texnika görməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilən şahidlərdən X1 həmin tikilinin söküntüsündə cavabdeh inzibati orqanların birbaşa iştirak etməsini və söküntünün konkret olaraq kim tərəfindən aparılmasını görmədiyini, həmin söküntünün cavabdeh orqanlar tərəfindən aparılmasını eşitdiyini bildirmiş, digər iki şahidlər isə iddiaçının əri ilə yaxın münasibətləri olmuş, onunla həmin ərazidə birlikdə olduqlarını və söküntünün cavabdehlər tərəfindən aparıldığını bildirmişlər. Məhkəmə şahidlər X9 və X4 ifadələrini hazırki inzibati mübahisə ilə bağlı cavabdehlərin iddiaçıya məxsus binanın söküntüsünü həyata keçirdiklərini təsdiq edən mötəbər sübut hesab etmir və həmin ifadələrə tənqidi yanaşır. Belə ki, hər iki şahidlər söküntünün birbaşa cavabdeh inzibati orqanlar tərəfindən aparıldığını gördüklərini bildirsələr də, həmin hal işdə olan digər sübutlarla öz təsdiqi tapmamışdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının tikilisinin əvvəllər mövcud olması və daha sonra isə sökülməsi mübahisə doğurmur. Mübahisəli hal tikilinin kim tərəfindən sökülməsidir. Cavabdehlər etirazında və məhkəmə iclasında verdiyi ifadələrində tikilinin tərəflərindən sökülmədiyini, icra hakimiyyəti tərəfindən heç bir göstəriş verilmədiyini bildirmişlər. İddiaçı tərəfindən isə əksini sübut edən dəlilləri iddia ərizəsinə əlavə olunmamış və məhkəmə iclasında da təqdim edilməmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iş materiallarında tikilinin inzibati orqan tərəfindən sökülməsinə dəlalət edən mötəbər sübutlar mövcud olmadığından iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Gəncə şəhər İcra Hakimiyyətinə və Cavabdehnə (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar