Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-14/2022 02.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 25.08.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ əsasında ona məxsus Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində olan 0.15 ha torpaq sahəsində yerləşən 229.7 kv.m ümumi, 194.0 kv.m əsas, 35.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (maye qaz doldurma məntəqəsi) qanunsuz və əsassız məhv edilməsi nəticəsində 400.000 manat əmlakın dəyərinə və 200.000 manat əldən çıxmış faydaya görə, cəmi 600.000 manat miqdarında kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X6 prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində olan 0,15 ha torpaq sahəsində yerləşən 229.7 kv. m ümumi, 194.0 kv. m əsas, 35.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (maye qaz doldurma məntəqəsi) tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 17.10.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev ondan maye qaz doldurma məntəqəsinin sökülməməsi üçün rüşvət tələb etmiş, iddiaçı isə ona rüşvət verməkdən imtina edəndən sonra o, vəzifəsindən sui istifadə edərək Gəncə şəhər İcra Hakimiyyəti adından ona məxsus maye qaz və neft məhsulları satışı məntəqəsinin yolunun genişləndirilməsini bəhanə edərək şəxsi iştirakı ilə Tik “A”sahəsi 71.4 kv.m olan operator otağını və 150 kv.m talvarı özbaşına zor tətbiq edərək sökdürmüşdür. İddiaçı öz etirazını bildirdikdə M.Mustafayev onu hədə qorxu ilə susdurmuşdur. İddiaçı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının hərəkətlərindən Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə şikayət etmiş, lakin heç bir nəticə olmamışdır. Beləliklə Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyətinə qeyri qanuni olaraq müdaxilə olunmuş və qanunsuz olaraq tikililər sökülmüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının 400.000 manat dəyərində olan əmlakı uçurulmuş, həmçinin 2013-cü ildən etibarən o, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmiş və nəticədə 200.000 manat məbləğində gəlirindən məhrum olmuşdur. Cavabdeh tərəfindən törədilən qanun pozuntularının aradan qaldırılması və 600.000 manat kompensasiyanın ona ödənilməsi barədə iddiaçı cavabdehə sonuncu dəfə 18.02.2010-cu il tarixdə rəsmi müraciət etmiş, lakin bu günədək onun cavab verilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, sözügedən sahə hazırda boş torpaq sahəsidir, heç kim istifadə etmir, həmin torpaq sahəsindən istifadə etməyə Şəhər İcra Hakimiyyəti imkan vermir. İcra hakimiyyəti tərəfindən ona verilən sahə ilə bağlı sonradan müəyyən edilmişdir ki, həmin sahə başqa şəxslərə məxsusdur, əslində həmin sərəncamla ona sahə ayrılmamış, kiminsə torpağında məntəqənin layihəsinə icazə verilmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya sökülmüş obyektinin əvəzinə 2013-cü il tarixli sərəncamla lahiyələndirliməyə icazə verilmiş, iddiaçı həmin sahədə qaz yanacaq doldurma məntəqəsi inşa edib işlədir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əmlakı Nizami Rayon İcra Hakimiyyəti tərəfindən sökülməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 17.10.2008-ci il tarixli, **********8 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimalşərq hissəsində icarəsində olan 0.15 ha torpaq sahəsində yerləşən 229.7 kv.m ümumi, 194.0 kv.m əsas, 35.7 kv.m köməkçi sahəsindən ibarət əmlak kopleksi (maye qaz doldurma məntəqəsi) üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. -surəti işə əlavə edilmiş 16.10.2008-ci il tarixli, 1770(01-67-12) inventar nömrəli Daşınmaz əmlakın tekxniki pasportundan görünür ki, qeyd olunan sənəddə Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində İddiaçı məxsus əmlak kompleksinin texniki göstəriciləri öz əksini tapmışdır. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 17.06.1999-cu il tarixli 6468 nömrəli sərəncamından görünür ki, “Hacıkənd” firması sahibkarının 24.05.1999-cu il tarixli 7/B-2126 saylı məktubunun nəzərə alınması və firmaya maye qaz satışı məntəqəsinin təşkili üçün Şahsevərlər küçəsi ilə Nizami küçəsinin birləşdiyi ərazidə olan boş sahədə, maye qaz satışı məntəqələri üçün nəzərdə tutulmuş normalara uyğun 35-40 metr radiusda müvəqqəti torpaq sahəsinin ayrılması, ayrılmış sahədə maye qaz satışı məntəqəsinin təşkilinə və vətəndaşların qaz balonlarının nəzarətindən keçirilməsi üçün yüngül konstruksiyadan nəzarətçi sahəsinin quraşdırılmasına icazə verilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 21.10.2005-ci il tarixli 54 nömrəli sərəncamından görünür ki, Şahsevərlər küçəsi ilə Nizami küçəsinin kəsişməsində fəaliyyət göstərən səyyari maye qaz satışı məntəqəsinin Şəmkir şossesi ilə H.Əliyev prospektinin kəsişməsinin şimal-şərq tərəfindəki boş əraziyə köçürülməsinə və orada İddiaçı tərəfindən təsdiq edilmiş layihə əsasında stasionar maye qaz satışı məntəqəsinin inşa olunmasına icazə verilmişdir. -surəti işə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 01.05.2013-cü il tarixli 766 nömrəli sərəncamından görünür ki, Gəncə-Şəmkir avtomobil yolu ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən, İddiaçı məxsus maye qaz və neft məhsullarının satışı məntəqəsinin yolun genişləndirilməsi ilə bağlı 28 may küçəsi ilə Ə.Mehmandarov küçəsinin kəsişməsinin cənub-şərq tərəfində yerləşən 0.225 ha torpaq sahəsində yerləşdərilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin 19.08.2021-ci il tarixli, 10/1907 nömrəli ekspert rəyindən görünür ki, 17.10.2008-ci il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus əmlak kompleksinə dair 16.10.2008-ci il tarixdə tərtib olunmuş 1770(01-07-12) intervar nömrəli Daşınmaz əmlakın texniki pasportunda əks olunmuş əmlakın “A” literli tikilinin ümumi sahəsi 71.4 m2 və “C” literi tikilinin ümumi sahəsi 112.2 m2, cəmi 183.6 m2 sahəsinin söküldüyü və faktiki mövcud olmadığı müəyyən edilmişdir. -"xxxx" MMC-nin 02.02.2022-ci il tarixli, 017/Mİ/22 nömrəli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində sökülmüş 183.6 kv.metr əmlak kompleksinin bərpa edilməsinə tələb olunan xərc 119.400 manat müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimalşərq hissəsində icarəsində olan 0.15 ha torpaq sahəsində yerləşən 229.7 kv.m ümumi, 194.0 kv.m əsas, 35.7 kv.m köməkçi sahəsindən ibarət əmlak kopleksi 17.10.2008-ci il tarixli, **********8 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən iddiaçıya məxsus olmuşdur. Sözügedən ərazidə yolun genişləndirilməsi nəticəsində iddiaçıya məxsus əmlak kompleksinin sökülməsi nəticəsində o, mülkiyyətindən məhrum olmuş və maddi zərərə məruz qalmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. İş üzrə verilmiş müvafiq ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmlak kompleksinə dair 16.10.2008-ci il tarixdə tərtib olunmuş 1770(01-07-12) intervar nömrəli Daşınmaz əmlakın texniki pasportunda əks olunmuş əmlakın “A” literli tikilinin ümumi sahəsi 71.4 m2 və “C” literi tikilinin ümumi sahəsi 112.2 m2 , cəmi 183.6 m2 sahəsinin söküldüyü və faktiki mövcud olmadığı müəyyən edilmişdir. Deməli həqiqətən də iddiaçı mülkiyyətində olmuş əmlakdan məhrum olmuşdur. Göründüyü kimi iddiaçıya cavabdeh şəxsin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşmmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -1.1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “alınma” dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. -1.1.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “torpaq” dedikdə mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər nəzərdə tutulur. -1.1.6-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün kompensasiya dedikdə bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz nəzərdə tutulur. -7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. -56.1.5-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı sökülmüş əmlakına görə ona vurulmuş real zərəri 400.000 manat həddində müəyyən etmişdir. İddiaçıya məxsus əmlak kompleksinin bərpa olunmasına tələb olunan xərcin müəyyən olunması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və 02.02.2022-ci il tarixli, 017/Mİ/22 nömrəli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus sökülmüş 183.6 kv.m əmlak kompleksinin bərpa edilməsinə tələb olunan xərc 119.400 manat müəyyən edilmişdir. Göründüyü kimi sökülmüş tikili üçün iddiaçı tərəfindən tələb edilən məbləğlə mütəxəssis tərəfindən müəyyən olunmuş məbləğ eynilik təşkil etmir, bu səbəbdən də məhkəmə tələbin maddi ziyanla bağlı 119.400 manat həcmində təmin olunmasını məqsədəmüvafiq hesab edir. Tələbin əldən çıxmış fayda ilə əlaqədar vurulmuş zərərə görə 200000 manat pulun ödənilməsi hissəsi ilə bağlı qeyd olunur ki, tələb həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı iddia ərizəsində sökülmüş əmlakın maye qaz doldurma məntəqəsi kimi fəaliyyət göstərdiyini qeyd etsə də, bunu təsdiq edən müvafiq sübutları, başqa sözlə həmin obyektin fəaliyyəti ilə bağlı sənədləri, eyni zamanda obyektin əvvəlki illərdə olmuş fəaliyyətindən əldə etdiyi gəlirləri barədə rəsmi məlumatları təqdim etmədiyindən əmlakın sökülməsindən sonrakı dövrün ehtimal olunan gəlirini hesablamaq mümkün deyil. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus olmuş əmlakın bərpa edilməsinə tələb olunan 119.400 (bir yüz on doqquz min dörd yüz) manat məbləğində pul Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 02.02.2022-ci il tarixli, 017/Mİ/22 nömrəli qiymətləndirmə hesabatının tərtib edilməsinə görə 400 (dörd yüz) manat dəyərində məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətindən 119.400 (bir yüz on doqquz min dörd yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətindən 400 (dörd yüz) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, müxbir hesab AZ03NABZ********************, kod:805539, S.W.İ.F.T BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ******************** saylı hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-14/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-14/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver