Məhkəmə qərarları › İş №2-1(114)-14/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-14/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-14/2023 11.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər Göygöl rayonu Qızılca bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı X12 adına Gədəbəy rayon Torpaq şöbəsi tərəfindən verilmiş şəhadətnamənin qismən, yəni 13 ha torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi, 0.25 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və onun ailə üzvlərinin istifadəsində olan Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan sabiq “Lenin” adına kolxozun qaytanlanmış torpaq kitabının 47-ci sıra sayında iddiaçının əri X4 adına 0.25 hektar torpaq sahəsi qeyd edilmişdir və bu fakt Gədəbəy rayon Dövlət Arxivindən verilmiş arayışda öz təsdiqini tapır. Lakin Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 06 saylı qərarında yanlışlığa yol verilərək ona və ailə üzvlərinə 0.12 hektar torpaq sahəsi verilmiş və həmin yanlışlıq nəticəsində 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə 0.12 hektar torpaq sahəsi göstərilmişdir. Bundan sonra iddiaçı 0.25 hektar torpaq sahəsi ilə bağlı çıxarış verilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi iddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə cavab məktubunda bildirmişdir ki, iddiaçının iddiasında olduğu 0.25 hektar torpaq sahəsi 106A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X16 ayrılmış torpaq sahəsinə düşür. Odur ki, iddiaçının təqdim etdiyi mübahisəli torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması qanunvericiliyin tələblərinə ziddir. X12 və onun ailə üzvlərinin iddiaçının özünün xəbəri olmadan torpağın mülkiyyətinə dair şəhadətnamə alması tam qanunsuz və əsassızdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1733/2021 nömrəli qərardadına əsasən Gədəbəy rayonu Söyüdlü bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddaçının vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqularının qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişdir. Cavabdehin və üçüncü şəxsin nümayəndələrinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 Saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********69 nömrəli etirazında qeyd edilmişdir ki, Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən JN-105A KOD 50521028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının iddiasında olduğu 0.25 ha torpaq sahəsi 106A KOD 50521028 saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən X12 ərazisinə düşür. Odur ki, təqdim olunan mübahisəli torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması qanunvericiliyin tələblərinə ziddir. Vətəndaşın nəzərinə çatdırılmışdır ki, təqdim edilmiş JN- 105A KOD 50521028 saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən orada göstərilmiş cizgiya uyğun işlənməsi mümkündür. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş JN-105A nömrəli, Kod 50521028 «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 06 saylı qərarı ilə Gədəbəy rayonu, Pirbulaq kənd sakini İddiaçı və onun ailə üzvlərinin (X1, X9, X5, X6) mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilmişdir. - işə əlavə edilmiş JN-106A nömrəli, Kod 50521028 «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 06 saylı qərarı ilə Gədəbəy rayonu, Pirbulaq kənd sakini X22 və onun ailə üzvlərinin (X7, X13, X11, X20, X17) mülkiyyətinə 0.24 ha torpaq sahəsi verilmişdir - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 Saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********66 nömrəli məktubunda bildirilir ki, Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən JN-105A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən iddiaçının adına 0.12 ha torpaq sahəsi qeyd edilməsinə baxmayaraq iddasında olduğu 0.25 ha torpaq sahəsi 106A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən X16 ayrılmış torpaq sahəsinə düşür. Odur ki, iddiaçının təqdim etdiyi mübahisəli torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, təqdim edilmiş JN-105A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də qeyd edilmiş 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması mümkündür. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy Rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 715 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan sabiq "Lenin" adına kolxozun qaytanlanmış torpaq kitabının 47ci sıra sayında iddiaçının mərhum ǝri X4 adına 0.25 ha torpaq sahəsi qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 Saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********55 nömrəli məktubuna əsasən daşınmaz əmlakın dövlət reyestrində Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 14 dekabr tarixli, 06 saylı qərarı ilə verilmiş JN-106A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsi X22, X7, X13, X11, X20 və X10 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Qeyd edilən şəhadətnamə elektron baza məlumatlarında öz əksini tapmış və 1 saylı şəhadətnamələrin qeydiyyatı kitabında 35-ci səhifədə 105-ci qrafada qeydiyyata alınmışdır. - Gədəbəy rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-1368/2015 nömrəli qətnaməsinə əsasən Gədəbəy rayonunun Pirbulaq kəndində yerləşən "Torpağın mülkiyyətə verilməsinə dair" JN 105A saylı, kod 50521028 olan şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin tutulmuş 0,0052 ha hissəsindən cavabdeh X12 çıxarılması və İddiaçı istifadəsində olan torpaq sahəsinə cavabdeh X22 tərfindən edilən maneələrin aradan qaldırılaraq hüquqlarının bərpa edilməsi qərara alınmışdır . -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Gədəbəy rayon Pirbulaq kəndində yerləşən JN-105A KOD 50521028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən 0.12 ha torpaq sahəsinin ölçüləri ilə İddiaçı istifadəsində olan torpaq sahəsinin ölçüləri eynilik təşkil etmir. JN-105A KOD 50521028 saylı şəhadətnamə ilə 0.12 ha olmaqla uzunluğu 56 metr, istifadəsi kimi təqdim etdiyi 0.3188 ha torpaq sahəsinin uzunluğu 146 metrdir. Gədəbəy rayon Pirbulaq kəndində yerləşən JN-106A KOD 50521028 olan 23 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən 0.24 ha olmaqla uzunluğu 126 metr, üçüncü şəxs X12 istifadəsində olan 0.3019 ha torpaq sahəsinin uzunluğu 146 metrdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində əlavə istifadə etdiyi torpaq sahəsi (ölçüsü göstərilməklə) JN-106A KOD 50521028 olan "torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə X12 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində əlavə istifadə etdiyi torpaq sahəsi (ölçüsü göstərilməklə) JN-106A KOD 50521028 olan "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsinin daxilində yerləşmir və həmin torpaq sahəsi bələdiyyə mülkiyyətə olan torpaq sahəsidir. -Gədəbəy Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 65 nömrəli məktubunda qeyd edilmişdir ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu Ərtəpə (Korelovka) kənd İƏD üzrə nümayəndəliyinin 1986-1995-ci illəri əhatə edən Təsərrüfatbaşına kitablarında X4 adına qeyd olunan təsərrüfatın torpaq qrafasında 0.25 ha torpaq sahəsi, 1996-2005-ci illəri əhatə edən Təsərrüfatbaşına kitablarında X4 adına qeyd olunan təsərrüfatın torpaq qrafasında (əvvəlki dövrlərdə X23 ilə eyni təsərrüfatda qeydiyyatda olan İddiaçı (2001-2005-ci illərdə) adına) 0.12 ha torpaq sahəsi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/467 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mühəndisi Tural Nəcəfovun mütəxəssis rəyində qeyd edilir ki, Gədəbəy Rayon Pirbulaq kəndində yerləşən JN-105A KOD 50521028 olan "torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə qeyd edilən 0.12 ha torpaq sahəsinin ölçüləri ilə İddiaçı istifadesinde olan torpaq sahəsinin ölçüləri eynilik təşkil etmir. JN-105A KOD 50521028 olan şəhadətnamə ilə 0.12 ha olmaqla uzunluğu 56 metr, istifadəsi kimi təqdim etdiyi 0.3188 ha torpaq sahəsinin uzunluğu 146 metrdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə- Tədqiqat İdarəsinin mühəndisi Tural Nəcəfovun mütəxəssis rəyində qeyd edilir ki, Gədəbəy Rayon Pirbulaq kəndində yerləşən JN-106A KOD 50521028 olan "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən 0.24 ha olmaqla uzunluğu 126 metr, üçüncü şəxs X12 istifadəsində olan 0.3019 ha torpaq sahəsinin uzunluğu 146 metrdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mühəndisi Tural Nəcəfovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində əlavə istifadə etdiyi torpaq sahəsi (ölçüsü göstərilməklə) JN-106A KOD 50521028 olan "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə X12 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mühəndisi Tural Nəcəfovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində əlavə istifadə etdiyi torpaq sahəsi (ölçüsü göstərilməklə) JN-106A KOD 50521028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsinin daxilində yerləşmir və həmin torpaq sahəsi bələdiyyə mülkiyyətə olan torpaq sahəsidir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 Saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Pirbulaq kəndinin kompleks yerquruluşu xəritəsinə əsasən elektron baza materialının şərti yerləşmə vəziyyətinə görə Gədəbəy rayonu Pirbulaq kəndində yerləşən JN-105A KOD 50521028 olan "Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı verilmiş torpaq sahəsinin ölçülərinin nişan nöqtəsi və X12 mülkiyyətində olan torpaq sahəsinin ara sərhəd ölçüləri şimaldan cənuba doğru 3;2 və 1 koordinatinatlarla olan hissədən müəyyən olunur və həmin hissədən 0.006 ha hissə X12 istifadəsindədir. Gədəbəy rayonu Pirbulaq kəndində yerləşən JN-105A KOD 50521028olan "Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı verilmiş torpaq sahəsindən əlavə istifadə etdiyi torpaq sahəsinin nişan nöqtəsi sxemdə gostərilən cizgiyə əsasən mülkiyyətə verilmiş torpaq sahəsindən yəni 1 və 9-cu koordinat nöqtələrindən (cǝdvəl 2) yerin cənubuna doğru hissədən müəyyən olunur.(JN-105A mülkiyyətə verilmiş hissə və 305 BB/0.17 bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsi) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 10/7891 nömrəli rəydə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********24 saylı mütəxəssis rəyindən görünür ki, Pirbulaq kəndinin kompleks yerquruluşu xəritəsinə əsasən elektron baza materialının şərti yerləşmə vəziyyətinə görə Gədəbəy rayonu Pirbulaq kəndində yerləşən JN-105A KOD 50521028 olan «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən İddiaçı verilmiş torpaq sahəsinin ölçülərinin nişan nöqtəsi və X12 mülkiyyətində olan torpaq sahəsinin ara sərhəd ölçüləri şimaldan cənuba doğru 3:2 və 1 koordinatinatlarla olan hissədən müəyyən olunur və həmin hissədən 0.006 ha hissə X12 istifadəsindədir. Gədəbəy rayonu Pirbulaq kəndində yerləşən JN-105A KOD 50521028 olan "Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı verilmiş torpaq sahəsindən əlavə istifadə etdiyi torpaq sahəsinin nişan nöqtəsi sxemdə göstərilən cizgiyə əsasən mülkiyyətə verilmiş torpaq sahəsindən, yəni 1 və 9-cu koordinat nöqtələrindən yerin cənubuna doğru hissədən müəyyən olunur. (JN-105A mülkiyyətə verilmiş hissə və 305 BB/0.17 bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsi). - Azərbaycan Republikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ryestri» publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş Gədəbəy rayonu, «Lenin» adına sovxozun qaytalanmış torpaq kitabından mərhum X4 adı qeyd edilmiş hissədən çıxarışın təsdiq olunmuş surətindən də görünür ki, 1924-cü il təvəllüdlü X4 istifadəsində 0.25 ha torpaq sahəsi olmuşdur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 0,12 ha torpaq sahəsi JN-105A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 715 nömrəli arayışı, həmçinin Gədəbəy rayonu, «Lenin» adına sovxozun qaytalanmış torpaq kitabından mərhum X4 adı qeyd edilmiş hissədən çıxarışdan görünür ki, “Lenin” adına kolxozun qaytanlanmış kitabında İddiaçı əri X4 istifadəsində 0.25 ha torpaq sahəsi olmuşdur. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi iddiaçının iddia etdiyi torpaq sahəsinin 106A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən digər şəxs, X16 ayrılmış torpaq sahəsinə düşməsini göstərmişdir. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(041)-1368/2015 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixli, JN 105A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə məxsus olan 0,12 ha həyətyanı torpaq sahəsinin, eləcə də Gədəbəy rayonunun Pirbudaq kəndində yerləşən X2 faktiki istifadəsində olan digər həyətyanı torpaq sahəsi Gədəbəy rayonunun Pirbudaq kəndində yerləşən X16 JN 106A saylı KOD 50521028 olan xx.xx.2004-cü il tarixli torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə məxsus olan 0,24 ha torpaq sahəsi ilə qonşudurlar. X22 İddiaçı məxsus torpaq sahəsini özününkü hesab edərək istifadə edir, hər iki tərəfin torpaq sahəsi üzərində üst-üstə düşmə aşkar edilməmişdir, mübahisə olunan ərazi X3 məxsusdur. Həmçinin mütəxəssis rəylərindən də görünür ki, JN-105A Kod 50521028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən 0.12 ha torpaq sahəsinin ölçüləri ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin ölçüləri eynilik təşkil etmir, iddiaçının mülkiyyətində olan torpaq sahəsində əlavə istifadə etdiyi torpaq sahəsi JN-106A KOD 50521028 olan "torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə X12 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir və iddiaçının mülkiyyətində olan torpaq sahəsində əlavə istifadə etdiyi torpaq sahəsi JN-106A KOD 50521028 olan "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsinin daxilində yerləşmir və həmin torpaq sahəsi bələdiyyə mülkiyyətə olan torpaq sahəsidir. Məhkəmə hesab edir ki, həm iddiaçıya şəhadətnamə ilə məxsus olan, həm də faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin X16 aidiyyəti yoxdur, həmin torpaq sahələri sonuncuya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməyərək qonşuluqda yerləşir. Qanuni qüvvəsi almış Gədəbəy rayon Məhkəməsinin 2(041)-1368/2015 saylı, 23 dekabr 2015-ci il tarixli qətnaməsindən göründüyü kimi iddiaçının mülkiyyətində 0,12 ha torpaq sahəsi ilə bərabər onun faktiki istifadəsində də torpaq sahəsi olmuşdur. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının qanuni istifadəsində 0.25 ha torpaq sahəsi olmasına baxmayaraq, onun 0.12 ha hissəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan' istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tiklilər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülkii Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət huququ, istifadə hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1. maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gədəbəy rayon Pirbudaq kəndində yerləşən JN-105A KOD 50521028 saylı “torpağın mülkiyyətə verilməsin dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsi də daxil olmaqla 0,25 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Gədəbəy rayon Pirbudaq kəndində yerləşən JN-105A KOD 50521028 saylı “torpağın mülkiyyətə verilməsin dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsi də daxil olmaqla 0,25 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar