Məhkəmə qərarları › İş №2-1(114)-140/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-140/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-140/2020 02.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mərhum əri X3 ölümü ilə bağlı verilmiş şəhidlik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X3 ölümü ilə bağlı verilmiş şəhidlik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X2 şəhərinin erməni qəsibkarlarından müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1992-ci il tarixdə məlum Xocalı faciəsi zamanı erməni qəsibkarları tərəfindən açılmış atəş nəticəsində vəfat etmişdir. Mərhumun arvadı olaraq ona şəhid ailəsi statusu verilmiş, həmin gündən şəhid ailələri üçün müəyyən edilmiş güzəştlərdən istifadə etmişdir. O, şəhidlərin vərəsələrinə veriləcək 11.000 (on bir) manat ödənişlə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etdikdə ona xx.xx.2018-ci il tarixli məktubla mərhum əri X3 şəhid olması barədə məlumatın aşkar olunmadığı bildirilmişdir. Bundan sonra mərhum əri X3 ölümü ilə bağlı verilmiş şəhidlik statusunun bərpa edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilib qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Təhmiraz Həsənov idə məhkəməyə ünvanladığı iddiaya münasibətdə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının əsasını aşağıdakı sənədlər təşkil etmişlər: İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti; Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının A.Bakıxanov qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, 2010 nömrəli arayışı; xx.xx.1983-cü il tarixli, 385751 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surəti; xx.xx.1999-cu il tarixli, 286645 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surəti; AA seriyalı, 213060 nöməli məcburi köçkün vəsiqəsinin təsdiq edilmiş surəti; Azərbaycan Respublikası Müdafiə Nazirliyi X6 Arxivinin xx.xx.2018-ci il tarixli 9/2- 17853 nömrəli, xx.xx.2019-cu il tarixli 9/2-11138 nömrəli və xx.xx.2019-cu il tarixli, 9/2-14207 nömrəli məktublarının təsdiq edilmiş surəti; Məhkəmənin sorğusu əsasında X8 Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 274 nömrəli məktubu; Məhkəmənin sorğusu əsasındaAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin xx.xx.2020-ci il tarixli, 231 nömrəli məktubu; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya dair xx.xx.2019-cu il tarixli, 11/5929 nömrəli münasibəti. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının mərhum əri X4 xx.xx.1992-ci il tarixdə məlum Xocalı faciəsi zamanı erməni qəsibkarları tərəfindən açılmış atəş nəticəsində vəfat etmişdir. Mərhumun arvadı olaraq iddiaçıya şəhid ailəsi statusu verilmiş, həmin gündən şəhid ailələri üçün müəyyən edilmiş güzəştlərdən istifadə etmişdir. O, şəhidlərin vərəsələrinə veriləcək 11.000 manat ödənişlə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etdikdə ona xx.xx.2018-ci il tarixli məktubla mərhum əri X3 şəhid olması barədə məlumatın aşkar olunmadığı bildirilmişdir. İddiaçı mərhum əri X3 ölümü ilə bağlı verilmiş şəhidlik statusunun bərpa edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, inzibati orqan bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununun 1-ci maddəsinin tələblərinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə valideynlər şəhid ailəsinin üzvi hesab edilir. Həmin Qanunun 2-ci maddəsinin tələblərinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.5-ci və 1.2.6-cı bəndlərinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının Qanunvericliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ya ölmüş hesab edilən şəxslər, o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər şəhid hesab olunurlar. Həmin Qaydaların 2.1.2-ci bəndinin tələblərinə əsasən valideynlər şəhid ailə üzvləri hesab olunurlar. Həmin Qaydaların 4.1-ci bəndinin tələblərinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan xx.xx.1999-cu il tarixli, 286645 nömrəli ölüm haqqında şəhadətnamədə təsdiq X3 Xocalı faciəsi zamanı xx.xx.1992-ci ildə ölməsi qeyd olunmuşdur. Lakin onun zabit, gizir, digər hərbi qulluqçu və ya mülki vətəndaş olması göstərilməmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunanAzərbaycan Respublikası Müdafiə Nazirliyi X6 Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-11138 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1991-xx.xx.1992-ci il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində və X1 daxil olmuş “Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısında” X3 xidməti və şəhid olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, məhkəmənin sorğusu əsasında Xocalı Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 274 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü X2 faciəsi zamanı mülki vətəndaş kimi şəhid olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir. Göründüyü kimi, İddiaçı mərhum əri X4 hərbi əməliyyatlar zamanı həlak olmuş hərbi qulluqçu deyil mülki vətəndaş olaraq şəhid olduğundan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən onun şəhidlik statusunun bərpa edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hazırki iddia tələbinə qarşı məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 11/5929 nömrəli iddiaya münasibətdə qeyd edilənləri əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mərhum həyat yoldaşı X3 ölümü ilə bağlı verilmiş şəhidlik statusunun bərpa e+dilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mərhum əri X3 ölümü ilə bağlı verilmiş şəhidlik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar