Məhkəmə qərarları › İş №2-1(114)-140/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-140/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-140/2022 10.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavbadeh Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 27.09.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilərək, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, (5-ci küçə) şəhid Zahid Hüseynov küçəsində yerləşən 400 kv.m torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin onunla bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəf 26.05.2021-ci il tarixli qərar qəbul edilərək torpaq sahəsinin ona satılmasına imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 26.05.2021-ci il tarixli, 12 nömrəli protokol üzrə eyni tarixli, 356 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 17.02.2022-ci il tarixli, 2-1(114)-140/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddəti buraxmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayır. Həmin torpaq sahəsində 2005-ci il tarixdən mərhum həyat yoldaşı X2 ilə birlikdə birgə nikahda olarkən fərdi yaşayış evi tikdirmişdir. Həmin torpaq sahəsində artıq öz vəsaiti hesabına bir çox ağaclar əkərək təsərrüfat idarə etmişdir. Tərəfindən həmin ağacların və fərdi yaşayış evinin yaradılması üçün xeyli miqdarda xərc qoyulmuşdur. Hazırda həmin evə dair mərhum qaynatasının qeyd olunan torpaq sahəsi ilə bağlı aldığı bağçılıq təsərrüfatı sənədlərinin saxta olması ilə bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə müraciət edilmiş və nəticədə müəyyən edilmişdir ki, həmin sənədlər saxtadır, torpaq sahəsinə dair onlarla müstəqil olaraq alqı-satqı müqaviləsinin bağlanması tamamilə mümkündür və mövcud mübahisənin həlli ilə bağlı hal aradan qalxmışdır. Qeyd olunan sənədlərin saxta olması ilə bağlı qərar qəbul edilərək sənədlərin saxta olması, lakin həmin sənədləri düzəldən şəxslər vəfat etdiyindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə İdarəsi tərəfindən ona torpaq sahəsinin satılmasından imtina edilməsinə dair qərar qəbul edildiyi göstərilsə də, ona belə qərar təqdim edilməmişdir. Bu baxımdan qeyd olunan torpaq sahəsinin Cavabdeh mülkiyyəti və onun isə həmin topraqdan sahiblik və istifadə hüququ olduğundan həmin torpaq sahəsinin ona satılmasını təmin etməyi xahiş etmişdir. Belə ki, torpaq sahəsi mərhum həyat yoldaşı ilə onun birgə nikahda olarkən alındığından və birgə təsərrüfatları kimi idarə edildiyindən, onun sahibliyində və istifadəsində olduğundan həmin torpaq sahəsinin ona satılmasında üstünlük hüququ vardır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Cavabdeh 26.05.2021-ci il tarixli, 12 nömrəli protokol üzrə eyni tarixli, 356 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 5-ci küçədə yaşayan İddiaçı ərizə ilə müraciət edərək, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədilə 0,04 ha torpaq sahəsinin mülkiyyət hüququ ilə adına rəsmiləşdirilməsini xahiş etmişdir. Ərizə ilə əlaqədar aydınlaşdırılmışdır ki, İddiaçı mərhum ərinin yaxın qohumları da həmin torpaq sahəsinə dair hüquqlarını rəsmiləşdirmək üçün müraciət etmişlər. Odur ki, iddiaçının tələb etdiyi torpaq sahəsi mübahisəli olduğu üçün vətəndaşlar arasında mübahisə öz həllini tapanadək həmin torpaq sahəsinin ayrılmasından imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Cavabdeh iddiaçıya ünvanladığı 22 fevral 2021-ci il tarixli, 67 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçının və digər qohumlarının birgə razılığı olmadan Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinə dair heç bir sənədləşdirmə aparılmayacaq. Cavabdeh 26 may 2021-ci il tarixli, 12 nömrəli iclas protokolu üzrə eyni tarixli, 356 nömrəli qərarından görünür ki, İddiaçı tələb etdiyi torpaq sahəsi mübahisəli olduğu üçün vətəndaşlar arasında mübahisə öz həllini tapanadək həmin torpaq sahəsinin ayrılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 13 dekabr 2021-ci il tarixli, **********30 nömrəli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv məlumatlarına əsasən, Gəncə şəhəri, Məhsəti qəsəbəsi (5-ci küçə), şəhid Zahid Hüseynov küçəsində yerləşən 400 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Məhsəti qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 yanvar 2022-ci il tarixli, 05 nömrəli arayışından görünür ki, İddiaçı övladları ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində 2006-cı ildən qeydiyyatsız yaşayır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsassız hesab edir. Göründüyü kimi iddiaçı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, (5-ci küçə) şəhid Zahid Hüseynov küçəsində yerləşən 400 kv.m torpaq sahəsi üzərində ona məxsus fərdi yaşayış evinin yerləşdiyini qeyd edərək, həmin torpaq sahəsinin ona satılması məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 26 may 2021-ci il tarixli, 12 nömrəli iclas protokolu üzrə eyni tarixli, 356 nömrəli qərarı ilə iddiaçının tələb etdiyi torpaq sahəsi mübahisəli olduğu üçün vətəndaşlar arasında mübahisə öz həllini tapanadək həmin torpaq sahəsinin ayrılmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin ( Cavabdeh 26 may 2021-ci il tarixli, 12 nömrəli iclas protokolu ilə müəyyən edilən) iddiaçıya məxsus olmasını sübut edən hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmiş və həmin tikilinin mülkiyyət hüququ müəyyən edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (bənd 2); Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (bənd 5); Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (bənd 6); Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (bənd 7); Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (bənd 8). Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir. “A.Şoşanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 fevral 2015-ci il tarixli Qərarında da göstərilmişdir ki, "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Mülki Məcəllənın 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 178.1- ci maddəsinə görə isə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu mülki hüquq normalarının birgə təhlilindən göründüyü kimi, daşınmaz əmlaka, eləcə də torpağa mülkiyyət hüququ, o cümlədən bələdiyyələrə məxsus olan əmlak üzərində onların mülkiyyət hüququ qanuna müvafiq qaydada qeydə alındığı halda yaranmış hesab olunur. Hazırki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyə torpağıdır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. - 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyənin səlahiyyətidir. - 6.1-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməsi göstərilmişdir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafıq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. - 9.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. - 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. - 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. - 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. - 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi bələdiyyə qərarlarının qəbulu, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri, mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsinin ümumi qaydaları dəqiq müəyyən müəyyən edilmiş, yalnız «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsində torpaq sahəsinin satılması öhdəliyinin məcburiliyi halları sadalanmışdır. Hazırki halda cavabdeh inzibati orqanın üzərinə onun səlahiyyəti həddində olan öhdəliyin birbaşa qoyulmasına dair tələb qəbul edilən deyildir və təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar