Məhkəmə qərarları › İş №2-1(114)-1405/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1405/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1405/2021 06.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X4 və X3) qarşı üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər X4 və X2 (maraqlı tərəf Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi) qarşı “qeydiyyatından və mülkdən çıxarılma” tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən zəruri hüquqi yardım edildikdən sonra iddiaçı Cavabdehnə qarşı yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 və X1 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (bacısı) Nümayəndə məhkəmə iclası zamanı iddia ərizəsinin onun tərəfindən imzalandığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən zəruri hüquqi yardım edilərək iddiaçının nümayəndəsinə iddia ərizəsinin imzalanması səlahiyyətinin xüsusi göstərildiyi yeni etibarnamənin və nümayəndənin yaxın qohum olduğunu təsdiq edən sənədi və yaxud iddiaçı tərəfindən imzalanmış yeni iddia ərizəsinin məhkəməyə təqdim olunması təklif edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və 31.08.2021-ci il tarixli məktubla məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxslərdən X3 05.10.2021-ci il tarixli ərizə ilə müraciət edərək məhkəmə prosessinin qeyri-müəyyən müddətə təxirə salınmasını xahiş etmişdir. Digər üçüncü şəxs X4 şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq tərəfindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak olunmamış və səbəbləri barədə məlumat verilməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 2.3, 4.1 və 8.2-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1). İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (8.2). Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddia ərizəsi iddiaçı və iddia ərizəsinin imzalanması hüququ verilmiş səlahiyyətli nümayəndə tərəfindən imzalanmamışdır. Bu barədə iddiaçının nümayəndəsinə xəbərdarlıq edilmiş, qeyd edilən nöqsanların aradan qaldırılması təklif edilmiş, əks halda iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur. Bu məqsədlə 06.10.2021-ci il tarixədək iddiaçının nümayəndəsinə müddət verilsə də, nə iddiaçı tərəfindən imzalanmış iddia ərizəsi, nə də iddia ərizəsinin imzalanması səlahiyyəti əks olunan etibarnamə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsində qeyd olunur ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Göründüyü kimi, iddia ərizəsini iddiaçı və ya səlahiyyətli nümayəndəsi imza etmədiyindən, həmçinin verilən müddətdə nöqsanlar aradan qaldırılmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X4 və X3) qarşı üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar