Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1405/2025 17.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun əliliyinin təyin edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 19 oktyabr 2020-ci ildə Xocavənd rayonunda döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı düşmən tərəfindən atılmış minamyotun partlayışı nəticəsində sağ qamış sümüyünün 3/1 dəlib keçən qəlpə yaralanması, kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı postravmatik ensofalapatiyası, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, baratroma, sol tərəfli koxelar nevrit, soltərəfli neyro sensor ağır eşitmə ilə, sonrakı vəziyyəti sağ oturaq sümüyünün postravmatik hissi və neyropatiyası, hərəkət pozuntuları ilə müyyən edilən xəsarətlər almışdır. İddiaçı cavabdeh orqana müraciət edib əlilliyinin təyin edilməsini xahiş etsə də, ona bildirilmişdir ki, onun göndərişində qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, onun müraciətindən imtina edilməsinin heç bir hüquqi əsası yoxdur. O, xx.xx.2020-ci ildən xx.xx.2020-ci il kimi Beyləqan RMX-da, xx.xx.2020-dən xx.xx.2020-ci ilə kimi Ucar RMX-da, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixindən Gəncə şəhər Psixiatriya xəstəxanasında, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixə kimi xx.xx.2023xx.xx.2023 tarixədək Səhiyyə Nazirliyinin 2 nömrəli X2nda, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi Respublika Psixiatriya xəstəxanasında, xx.xx.2023-cü il tarixdə MN-nin MNR-da müayinə və müalicə olunsa da, ona əlillik verilməsindən imtina edilmişdir. Hal-hazırda o, ağır xəstədir. Bədənində ağrıları var və aldığı kəllə beyin tramvası ona əziyyət verir. Ona əlilliyin verilməməsi onun hüququnu kobud şəkildə pozur. Xəstəliyi ilə bağlı heç bir yerdə işə girə bilmir. Cavabdeh müxtəlif bəhanələrlə ona əlillik təyin edilməsindən imtina edir. Ona görə də iddiaçı hesab edir ki, belə olan halda cavabdehin üzərinə onun əlilliyinin təyin edilməsi vəzifəsi qoyulmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1405/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, vətəndaşın Əlillik AS-də forma 88, sms-bildirişi mövcud olmadığından şübhəli əsaslar gətirilərək X6 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları Mərkəzi Hərbi Həkim Komissiyasının 11 sentyabr 2023-cü il tarixli 9664 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlana dekompensasiyalarla, kobud davranış pozuntuları ilə, depressiv daxilolmalarla və intihar cəhdi ilə. Partlayı. travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin tez-tez baş verər qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Sağ oturaq sinirinin posttravmatik neyropatiyasının hissi və hərəki pozulmalar ilə nəticələnən qalıq əlaməti, funksiyanın mülayim dərəcədə pozulması ilə. Barotravma (xx.xx.2020) nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ baldırın qəlpə yaralanmasına, sağ qamış sümüyünün proksimal metafizinin deşilmiş sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən, yad cismin xaric edilməsincian sonrakı kiçik ölçülü sümük defekli sahəsi bərkimiş dəri çapığı” diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. xx.xx.2023-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - X3 Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu Stasionar müalicə aldığı müəssisələr: Bakı 2 nömrəli X2 - daxil olma tarixi: xx.xx.2022, çıxma tarixi xx.xx.2023, diaqnoz- F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Bakı 2 nömrəli X2 - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz- F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz-F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Bakı 2 nömrəli X2 - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz- F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Həkim müayinəsinin nəticəsi: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Şiddətli baş ağrılarından şikayətlənir. Zahirən narahat və gərgindir. Bir yerdə qərar tuta bilmir. Maraq dairəsi daralıb, ətrafda baş verənlərlə maraqlanmır, ailə problemlərinə qarşı laqeyiddir. Əhval ruhiyyəsi kəskin dəyişkəndir. Təkliyə meyillidir. Xırda səbəblərdən əsəbləşir, aqressiya nümayiş etdirir. Ünsiyyətə həvəssiz qoşulur. Suallara qısa və əsəbi cavablar verir. Özünə qapanır, öz-özünə danışır, deyinir. Emosional labildir. Özünə qarşı tənqidi formaldır. Çox əsəbi və hövsələsizdir. Əsəbilik zamanı özünü ələ ala bilmir. Başında xoşagəlməz fikirlər dolaşır. Əsəbilik zamanı intihara cəhdlər edir. TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla kobud davranış pozuntuları ilə depressiv daxilolmalarla və intihara cəhd ilə. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərə əsasən, əyani müayinə keçirilmiş İddiaçı barəsində Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 4289 nömrəli Həkim Psixiatr Komissiyasının Rəyinə əsasən, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, kobud davranış pozuntuları, depressiv daxilolmalar və intihar cəhdi ilə F07.0 Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi. İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubdan görünür ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında o, xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, əlillik təyininə əsas vermədiyindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərə əsasən, əyani müayinə keçirilmiş İddiaçı barəsində Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan xüsusi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.6.2-ci yarımbəndində üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurətinin olması – orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.6.2.2-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 4289 nömrəli Həkim Psixiatr Komissiyasının Rəyinə əsasən, İddiaçı Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, kobud davranış pozuntuları, depressiv daxilolmalar və intihar cəhdi ilə F07.0 diaqnozu qoyulmuşdur. X3 tərəfindən verilən xx.xx.2023-cü il tarixli göndəriş üzrə iddiaçıya F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla kobud davranış pozuntuları ilə depressiv daxilolmalarla və intihara cəhd ilə əsas diaqnoz qoyulmuşdur. Qeyd olunan Forma 88 haqqında məlumatdan müəyyən olunur ki, iddiaçı 2023-cü il ərzində üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyindən fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə almışdır. Həkim müayinəsinin nəticəsi olaraq müəyyən edilmişdir ki, F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Şiddətli baş ağrılarından şikayətlənir. Zahirən narahat və gərgindir. Bir yerdə qərar tuta bilmir. Maraq dairəsi daralıb, ətrafda baş verənlərlə maraqlanmır, ailə problemlərinə qarşı laqeyiddir. Əhval ruhiyyəsi kəskin dəyişkəndir. Təkliyə meyillidir. Xırda səbəblərdən əsəbləşir, aqressiya nümayiş etdirir. Ünsiyyətə həvəssiz qoşulur. Suallara qısa və əsəbi cavablar verir. Özünə qapanır, öz-özünə danışır, deyinir. Emosional labildir. Özünə qarşı tənqidi formaldır. Çox əsəbi və hövsələsizdir. Əsəbilik zamanı özünü ələ ala bilmir. Başında xoşagəlməz fikirlər dolaşır. Əsəbilik zamanı intihara cəhdlər edir. Məhkəmə hesab edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyindən- F07.0 meyar üzrə 2023-cü il ərzində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə almasına baxmayaraq, onun orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki və psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin iddiaçının xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, həmin tarixdən İddiaçı orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Şamil Kamil oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva