Məhkəmə qərarları › İş №2-1(114)-1406/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1406/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1406/2022 20.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı mərhum həyat yoldaşından miras qalmış nəqliyyat vasitəsinin X1 adına qeydiyyata alınması tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmə binasında məhkəmə iclasından kənar qaydada baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşından miras qalmış nəqliyyat vasitəsinin X1 adına qeydiyyata alınmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, Məhkəmə iddiaçıya 19.04.2022-ci il tarixli, 2-1(114)-1406/2022 nömrəli sərəncamla hüquqi yardım göstərərək, tələbini dəqiqləşdirərək, iddia ərizəsinin “xahiş etdi” hissəsində ZJ-30 SPETRO xüsusi markalı, 2005-ci il buraxılış ili olan, qırmızı rəngli qazma qurğusuna özünün mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürməsi tövsiyyə olunmuş, həmçinin iddiaçının diqqətinə çatdırılmışdır ki, cavabdeh orqanın 11.02.2022-ci il tarixli, 313-967-1222 nömrəli cavab məktubu imtina xarakterli deyil. Həmin məktubda Rusiya Federasiyasının vətəndaşı olduğu üçün müvafiq olaraq Azərbaycan Respublikası ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi təqdim edilmədiyinə görə, sözügedən nəqliyyat vasitəsinin qeydiyyatı mümkün olmadığı qeyd edilmişdir. Həmin sənədlərin cavabdehə təqdim olunması və bundan sonra tələbindən imtina olunduğu halda məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən, iddia ərizəsini qanunun tələblərinə uyğunlaşdırmaq üçün iddiaçıya 18.05.2022-ci il tarixə qədər vaxt verilməyinə baxmayaraq iddiaçı həmin sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Şərh olunanlara əsaslanaraq qeyd edilməlidir ki, Qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə İPM-in 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. Beləliklə, iddia tələbi üzrə xüsusi mümkünlük şərti mövcud olmadığından mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı mərhum həyat yoldaşından miras qalmış nəqliyyat vasitəsinin X1 adına qeydiyyata alınması tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah olunur ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar