Məhkəmə qərarları › İş №2-1(114)-1406/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1406/2025

17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1406/2025 17.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizm funksiyalarının 61-80% pozulmasına görə, müddətsiz, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin İİ qrup hərbi əlillik əlamətinin təyin edilməməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, onun hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuşdur. Hal-hazırda Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, küçə 16 ünvanında yaşayır. O, 16 iyun 1988-ci il tarixdə SSRİ dönəmində Sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmış, Arxangelsk vilayətində yerləşən N nömrəli hərbi hissədə hərbi xidmətə qulluğa başlamışdır. Həmin hərbi hissədə hərbi qulluğunu davam etdirərkən 19 dekabr 1989-cu il tarixdə “ağciyərlərin sağda BK+, C1, C2, C3-də natamam sovrulma və sıxlaşma mərhələsində olan infiltrativ vərəmi” xəstəliyinə tutulmuşdur. Həmin dövrdə qulluq etdiyi hərbi hissənin yaxınlığındakı hərbi hospitalda stasionar müalicələrdə olmuşdur. Vərəm xəstəliyinə tutulduğuna görə istər SSRİ dövründə, istərsə də müstəqillik dövründə stasionar və ambulator müalicələrini mütamadi olaraq davam etdirmişdir. 1989-cu ildən hal-hazıra kimi həm stasionar, həm də ambulator müalicələr götürsə də, heç bir müsbət nəticəsi olmamış, əksinə zaman-zaman ayrı-ayrı xəstəliklərə tutulmuşdur. Hərbi vəzifəni yerinə yetirərkən vərəm xəstəliyinə tutulmağı ilə bağlı ona əlillik səbəbi ilə İİ qrup əlillik təyin edilməsindən ötrü o, tibbi-sosial ekspert komissiyasına müraciət etsə də, müayinə zamanı komissiya sədri tərəfindən müayinə edilmiş və ona bildirilmişdir ki, onun xəstəliyi hərbi xidmət zamanı yarandığına görə əvvəlcə Mərkəzi Hərbi Komissiyasında müayinə olunub, bu barədə müvafiq şəhadətnamə aldıqdan sonra TSEK-ə əlilliyi ilə bağlı yenidən müraciət edə bilər. Ona görə də, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi həkim komissiyasına müraciət etmiş, 19 dekabr 1989-cu il tarixli, 266 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” aldıqdan sonra yenidən TSEK-ə müraciət etmişdir. “Xəstəlik haqqında şəhadətnamə" ilə müəyyən olunmuşdur ki, onda ağciyərlərin sağdan vərəmi aşkar edilmişdir. Xəstəlik vərəmli xəstə ilə təmasdan yaranmışdır. İddiaçı həmin vaxtı müalicə üçün N saylı hərbi hissəsinin vərəm şöbəsinə göndərilmiş, burada müayinədən sonra ona yekun diaqnoz kimi Ağciyərlərin sağdan çürümə mərhələsində olan infiltrativ vərəmi, C1, C2, C3, BK+. Aparılan müalicə nəticəsində möhkəmlənib, 9 kq çəkisi artıb, temperaturu normallaşıb, bəlğəmdə BK ifrazı dayanıb, rentgenoloji olaraq infiltrasiyanın və ocaqlı kölgələrin sovrulması qoyulmuşdur. Xüsusi tədqiqatların nəticələri: Ağciyərlərin 24.5.89 və 5.6.89-cu il tarixli rentgenoloji tədqiqatları. Sağdan ağciyərdə C1, C2, C3-də ağciyər toxumasında qeyri-dəqiq konturları olan, ocaqlı, dəqiq olmayan kontur və çürümə bolluğu olan infiltrasiya müəyyən edilir. Bronx-damar cığırı sağ kökə doğru aşkar ifadəlidir. Diaqnoz və komissiyanın xəstəliyinin səbəb əlaqəsi haqqında qətnaməsi: Ağciyərlərin sağdan BK+, C1, C2, C3-də natamam sovrulma və sıxlaşma mərhələsində olan infiltrativ vərəmi. Xəstəlik, bəli, hərbi xidməti keçməsi zamanı xəstələnmişdir. Hərbi ixtisas üzrə hərbi xidmətə yararlığı haqqında və s. komissiyanın qətnaməsi: Xəstəliklərin və fiziki qüsurların Siyahısının (SSRİ Müdafiə nazirinin 1987-ci il tarixli 260 nömrəli əmri) 22b maddəsinə əsasən: sülh dövründə hərbi xidmət üçün yararsızdır, müharibə dövründə qeyri-sıravi hərbi xidmətə yararlıdır. Möhür Komissiya sədri, f\x polkovniki \imza Yatsenko Katib, SO qulluqçusu: \imza Belyayeva Poçt ünvanı: 163045, h\h 55438, Arxangelsk-45 şəh. Ştatlı hərbi-həkim komissiyasının qərarı, qətnaməsi: Dairə Hərbi Həkim Komissiyası Hərbi-həkim komissiyasının qətnaməsi təsdiq edilir. Komissiya sədri, t'x polkovniki: \imza\xx.xx.1990-cı il Möhür: \möhür var Eytiyyatda olan hərbi mükəlləfiyyətlilərin uçotu və bronu üzrə təlimatçı. SO qulluqçusu: \imza var Əzizov E.A.Möhür: \möhür var 2017-ci ilin aprel ayın 18-də TSEK-in qərarı əsasında sağ ağ ciyəri BK+, C1, C2, C3-də vərəmi diaqnozu ilə hərbi xidmət dövründə alınmış xəstəlik səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2015-cı ilə kimi hər il barəsində olan forma 88 TSEK-ə təqdim olunmuş və bu barədə TSEK-in həkimləri tərəfindən qərarların bir nüxsəsi iddiaçıya verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq olunmuş, “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə qüvvəyə mindikdən sonra 2016-ci ildə barəsində növbəti 5 il üçün İİ qrup əlillik təyin olunmuşdur. İddiaçı xx.xx.2006-ci il tarixdən, xx.xx.2006-ci il tarixə kimi Daşkəsən rayon mərkəzi xəstəxanasında, xx.xx.2008-ci il tarixdən, xx.xx.2008-ci il tarixə kimi Gəncə şəhər A.Səhhət adına TTY xəstəxanasında, xx.xx.2010-ci il tarixdən, xx.xx.2010-ci il tarixə kimi Gəncə Ağ ciyər xəstəxanasında, xx.xx.2011-ci il tarixdən, xx.xx.2011-ci il tarixə kimi Gəncə şəhər A.Səhhət adına xəstəxanada stasionar müalicələr almışdır. Həmin xəstəliyindən əlavə xx.xx.2011-ci il tarixdə mədəsində yazva olduğundan, həmin tarixdə Gəncə şəhər A.Səhhət adına xəstəxanada mədədən cərrahiyyə olunmuş, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Bundan əlavə belində yırtıq (qrija) olduğuna görə Bakı şəhəri Nizami rayonu ərazisində fəaliyyət göstərən Ankara Medikal MMC-də belində və aşağı ətraflarda ağrılar, keyimə hissi, və gücün azalması ilə bağlı xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Müalicə vaxtı mədəsi deşilərək qanaxmaya səbəb olduğundan, həmin xəstəxananın göndərişi əsasında o, M.Topçubaşov adına X4 Qida borusu, Mədə, 12b.b Cərrahiyyəsi şöbəsinə göndərilmişdir. xx.xx.2012-ci il tarixdə cərrahiyyə əməliyyatı olmuş və orada xx.xx.2012-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Bundan əlavə iddiaçı xx.xx.2014-cü il tarixdən, xx.xx.2014-cü il tarixə kimi Daşkəsən rayon mərkəzi xəstəxanasında, xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixə kimi Gəncə Vərəm əleyhinə xəstəxanada, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə kimi Gəncə Vərəm əleyhinə xəstəxanada yenə də stasionar müalicəsinii davam etdirmişdir. Habelə xx.xx.2021-ci il tarixdə, 30.04 2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə kimi xx.xx.2023-cü il tarixdə X6 Ciyər xəstəlikləri institunda stasionar müalicə olunmuşdur. Habelə o, xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixə kimi X3nda stasionar müalicə olunmuşdur. xx.xx.2023-cü il tarixdə Gəncə şəhər A.Səhhət adına Birləşmiş xəstəxanasında Videoezofaqoqastroskopiya müayinəsindən, xx.xx.2023-cü il tarixdə EXOkardioqrafiya müayinəsindən keçmişdir. xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Z. Məmmədov adına xəstəxananın radologiya şöbəsindən POCUS aşağı ətraf arteriyalarının tripleks müayinəsindən keçmişdir. xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixə kimi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Gəncə şəhər Z. Məmmədov adına xəstəxanada stasionar müalicə olunmuşdur. Habelə Daşkəsən RMX-dan Forma AZS-88 yazılaraq verilmişdir. İddiaçı hesab edir ki, Müdafiə Nazirliyininin Mərkəzi Həkim Komissiyasının xx.xx.1989-cu il tarixli, 266 nömrəli Qərarı və iddia ərizəsinə əlavə etdiyi digər tibbi sənədlər onun hərbi xidmət zamanı vəzifəsini yerinə yetirərkən xəstəliyə düçar olub, bu günə kimi qeyd olunan xəstəliklərdən əziyyət çəkdiyini tam təsdiq edir. Axırıncı dəfə o, xx.xx.2024-cü il tarixdə müayinədən keçirildikdə TSEK-in həkimləri tərəfindən diaqnoz: “Ağ ciyərin tibroz-kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Xroniki obstruktiv bronxit. qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, TÇ İİ dərəcə. Spina Bifida. Diskogen (L-S1) radiokulapatya” qoyulsa da imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin edilməməsi. Ətraflı “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Həmin müayinə zamanı komissiyanın həkimləri iddiaçıya kifayət qədər xəstəliyinin olduğunu, müayinə zamanı da təsdiq olunduğunu bildirmişlər. İddiaçı 2021-ci ildən hal-hazıra kimi ona əvvəllər təyin olunmuş xəstəliklərdən indi də əziyyət çəkir və hazırda da müalicə olunur. İş qabiliyyəti yoxdur. İddiaçı hesab edir ki, ona əlillik dərəcəsi təyin olunmalıdır. Cavabdeh orqan Azərbaycan Respublikası ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyası axırıncı dəfə iddiaçıya xx.xx.2024-cü il tarixdə onlayn qaydada yenidən imtina cavabı verərək, 30 gün ərzində müvafiq məhkəməyə müraciət etməsi barədə məlumat verilmişdir. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, imtina cavabı ilə onun Konstitusiya ilə nəzərdə tutulmuş ədalətli pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı ümid edir ki, qeyd edilənlərin nəzərə alınıb, cavabdeh tərəfindən pozulmuş hüququ məhkəmə tərəfindən bərpa ediləcəkdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1406/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizm funksiyalarının 61-80% pozulmasına görə, müddətsiz, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı əlilliyi xx.xx.2024-cü il tarixində əyani müayinədə olmuş ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağciyərin fibroz-kavernoz vərəmi. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Mədə rezeksiyasından sonrakı vəziyyət. Anostomozun peptiki xorası öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Diaqnozun mətni: Sağ ağciyərin fibroz-kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Xroniki obstruktiv bronxit. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, TÇ İİ dərəcə. Spina Bifida. Diskogen (L5-S1) radiokulopatya. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları 19 dekabr 1989-cu il tarixli, 266 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı qoyulmuş “Ağciyərlərin sağdan BK+, C1, C2, C3-də natamam sovrulma və sıxlaşma mərhələsində olan infiltrativ vərəmi” diaqnozun səbəb əlaqəsi-Hərbi xidmət dövründə alınmışdır. İddiaçı xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə “Sol ağ ciyərin kavernoz vərəmi, iltihab, sağ ağciyərdə səpələnmə mərhələsində...” diaqnozu ilə, 1 il müddətinə, “Hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə, İİ dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarına əsasən, İddiaçı 5 il müddətinə, “Hər iki ağ ciyərin kavernoz vərəmi iltihab mər.Xr.12b/b xorası, mədə rezeksiyasından son vəz. TÇ-İİ dər.” Diaqnozu ilə, hərbi xidmət dövrü ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətə əsasən əyani müayinə keçirilmiş, İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə şəhər Birləşmiş Xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla birgə və ya üsulsuz Stasionar müalicə aldığı müəssisələr: - X3 - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi: xx.xx.2024, diaqnoz-A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla birgə və ya üsulsuz - X5 Xəstəlikləri İnstitutu – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi: xx.xx.2023, diaqnoz-A16.0 Ağ ciyər vərəmi, bakterioloji və histoloji tədqiqatların nəticələri mənfi olmaqla Həkim müayinəsinin nəticələri: - A16.0 Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağciyərin fibroz kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. (Müayinə tarixi xx.xx.2023) - A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Sol ağciyərin fibroz kavernoz vərəmi, iltihab mərhələsində. Tənəffüs çatmamazlığı İİ dərəcə. (Müayinə tarixi xx.xx.2023) TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz, A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Sağ ağciyərin fibroz kavernoz vərəmi, sola səpələnmə mərhələsində. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Sağ ağciyərin fibroz-kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Xroniki obstruktiv bronxit. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, TÇ İİ dərəcə. Spina Bifida. Diskogen (L5-S1) radiokulopatya” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə müraciətə əsasən, əyani müayinə keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024cü il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2024-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz.” məzmununda SMS göndərilmişdir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na 2 nömrəli əlavə Təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddətləri Son 1 (bir) ildə tələb olunan minimal müalicə müddəti

5. Vərəm – A15 stasionar - 15 gün ambulator – 2 dəfə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavə 1.Tənəffüs sistemi orqanlarının xəstəlikləri Qeyd. Tibbi-sosial ekspertiza zamanı anadangəlmə xəstəlik və ya çatışmazlıq, yaxud sonradan qazanılmış xəstəlik və ya zədə, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıq (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) səbəbindən orqanizmin tənəffüs funksiyasının pozulmasının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən xəstəliklər, zədə və ya çatışmazlıqlar səbəbindən əmələ gəlmiş tənəffüs çatışmazlığının ağırlıq dərəcəsinin müəyyən edilməsinə əsaslanır. Eyni zamanda, patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin mövcudluğu və tezliyi, onların fonunda paroksizmlərin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti və fəsadlaşmaların mövcudluğu. 1.1.6. tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi - A15 Qiymətləndirmə 1.1.6.2. İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) - 65-80 faiz - 2 il

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən orqanizm funksiyalarının 61-80% pozulmasına görə, müddətsiz, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Təkrar əlillik üçün vərəm – A15 meyarı üzrə son 1 (bir) ildə tələb olunan minimal stasionar müalicə müddəti 15 gün, ambulator müalicə müddəti isə 2 dəfədir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri də hərbi xidmət dövrü ilə əlaqədar olan ümumi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 1-ci bəndində, tənəffüs sistemi orqanlarının xəstəlikləri, 1.1.6-cı yarımbəndində tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi - A15 meyarı nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (1.1.6.2-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə “Sol ağ ciyərin kavernoz vərəmi, iltihab, sağ ağciyərdə səpələnmə mərhələsində...” diaqnozu ilə, 1 il müddətinə, “Hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə, İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə, “Hər iki ağ ciyərin kavernoz vərəmi iltihab mər.Xr.12b/b xorası, mədə rezeksiyasından son vəz. TÇ-İİ dər.” Diaqnozu ilə, hərbi xidmət dövrü ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Sağ ağciyərin fibroz-kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Xroniki obstruktiv bronxit. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, TÇ İİ dərəcə. Spina Bifida. Diskogen (L5-S1) radiokulopatya” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat üzrə həkim müayinəsinin nəticəsinədən müəyyən olunur ki, iddiaçıda mövcud olan xəstəlik Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Sol ağciyərin fibroz kavernoz vərəmi, iltihab mərhələsində. Tənəffüs çatmamazlığı İİ dərəcə. Qoyulmuş əsas diaqnoz, A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Sağ ağciyərin fibroz kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçıya 2007-ci ildən başlayaraq göstərilən xəstəliklə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı qanunvericilikdə təkrar əlillik üçün nəzərdə tutulan son 1 ildə tələb olunan minimal stasionar və ambulator müalicələr almış, lakin iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntuları qalmaqda davam edir. Məhkəmə iddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçıda olan xəstəlik onun orqanizminin funksiyalarının 61-80% pozulmasını təşkil edir. Belə ki, iddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2-ci yarımbəndinə uyğun gəlir. İddiaçının orqanizminin funksiyalarının pozulması səbəbi ilə bağlı qeyd olunmalıdır ki, 19 dekabr 1989-cu il tarixli, 266 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı qoyulmuş “Ağciyərlərin sağdan BK+, C1, C2, C3-də natamam sovrulma və sıxlaşma mərhələsində olan infiltrativ vərəmi” diaqnozun səbəb əlaqəsi-Hərbi xidmət dövründə alınmışdır. Həmçinin iddiaçıya 2007-ci ildə eyni xəstəliklə təyin edilmiş əlilliyin səbəbi də hərbi xidmət dövrü ilə əlaqədar olmuşdur. İddiaçı orqanizminin funksiyalarının pozulması müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2-ci yarımbəndində əlilliyin müddəti 2 il nəzərdə tutulmuşdur. Lakin iddiaçı 2007-ci ildən başlayaraq fasiləsiz olaraq 2021-ci ilə qədər, yəni 14 il müddətində İİ dərəcəli əlil olmuşdur. Ona görə də iddiaçıya müddətsiz əlillik təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2 və 4.3-cü bəndlərinə görə, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, həmin tarixdən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, hərbi xidmət dövrü ilə əlaqədar, müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 İlham Qərib oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, hərbi xidmət dövrü ilə əlaqədar, müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar