Məhkəmə qərarları › İş №2-1(114)-141/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-141/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-141/2021 20.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 02.12.1991-ci il tarixdən 15.05.1992-ci il tarixə kimi N və N saylı hərbi hissənin tərkibində Kəlbəcər rayonu Ağdaban, Çərəkdar, Narışlar və Alaqaya kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmçinin Ağdam Rayon Məhkəməsinin 16.02.2017-ci il tarixli 2(13)-827/2017 nömrəli qanuni qüvvəsini almış qətnaməsinə əsasən onun 02.12.1991-ci il tarixdən 15.05.1992-ci il tarixədək N və N saylı hərbi hissənin tərkibində Kəlbəcər rayonu Ağdaban, Çərəkdar, Narışlar və Alaqaya kəndləri uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən olunmuşdur. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin həmin inzibati orqan 05.05.2020-ci il tarixli 1/M-6671 nömrəli məktubla bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin 16.02.2017-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 18.05.2021-ci il tarixli 2(104)-2272/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilərək iş üzrə icraata xitam verilmişdir. Cavabdeh tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə verilmiş sorğuya cavab olaraq 11.06.2021ci il tarixli 9/2-4466 nömrəli müşayiət məktub ilə təqdim edilmiş 21.08.2019-cu il tarixli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin 02.12.1991-ci il – 09.06.1992-ci il, 13.09.1992-ci il-04.01.1993-cü il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərdə və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının xidməti barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Buna görə də Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyası 05.05.2020-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Ona görədə iddiaçının tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdeh 04.09.2020-ci il tarixdə məhkəməyə vəsatət göndərərək bildirmişdir ki, iddiaçı 02.12.1991-ci il tarixdən 15.05.1992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrdə xidmət keçmə faktının xüsusi icraat qaydasında tanınması üçün Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 16.02.2017-ci il tarixli 2(13)-827/2017 nömrəli qətnaməsi ilə Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilmədən ərizəçinin xidmət keçmə faktı müəyyən edilmiş, bununla da cavabdeh bilavasitə ərizəyə münasibət bildirmək və nəticədə qətnamədən apelyasiya şikayəti vermək hüququndan məhrum olmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir. Gəncə Apelyasiya Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilənədək iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, məhkəmənin 15.09.2020-ci il tarixli 2-1(114)-1615/2020 nömrəli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin 25.05.2021-ci il tarixli sorğusuna cavab olaraq Gəncə Apelyasiya Məhkəməsi 17.08.2021-ci il tarixli 2(104)-2272/2021 nömrəli məktubla bildirmişdir ki, İddiaçı döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi barədə mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 16.02.2017-ci il tarixli 2(013)-827/2017 nömrəli qətnaməsindən qəbul edilmiş məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Ağdam Rayon Məhkəməsinin 16.02.2017-ci il tarixli 2(013)-827/2017 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Qərardaddan kassasiya şikayəti verilməmiş, 2(104)-2272/2021 saylı iş üzrə qərardad qanuni qüvvəsini aldığından və heç bir icra hərəkətləri olmadığından iş 17.06.2021-ci il tarixdə arxivə təhvil verilmişdir. Məhkəmənin 25.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə araşdırmasının predmetini 10.11.1978-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet, Ağdam Rayon Məhkəməsinin 16.02.2017-ci il tarixli 2(013)-827/2017 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 21.08.2019-cu il tarixli, 9/2-11555 nömrəli Arxiv Arayışı, Gəncə Apelyasiya Məhkəməsinin 17.08.2021-ci il tarixli 2(104)-2272/2021 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 05.05.2020-ci il tarixli 1/M-6671 nömrəli imtina məktubu və cavabdehin 08.09.2021-ci il tarixli 11/4305 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 05.05.2020-ci il tarixli 1/M-6671 nömrəli imtina məktubundan görünür ki, iddiaçının cavabdehə ünvanladığı sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 24.04.2020-ci il tarixli iclasında baxılmışdır. Mərkəzi Arxivin 21.08.2019-cu il tarixli 9/2- 11555 nömrəli arayışına əsasən N və N nömrəli hərbi hissələrdə 1992-1993-cü il tarixli komandirin nizami hissə üzrə əmrlər kitabında xidmət keçməsi və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından ona Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi məqsədə müvafiq hesab edilməmişdir. İddiaçıya məxsus 10.11.1978-ci il tarixli НЗ ******* nömrəli hərbi biletdə onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrdə xidmət keçməsi barədə heç bir qeyd aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 21.08.2019-cu il tarixli, 9/2-11555 nömrəli Arxiv Arayışından görünür ki, Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin 02.12.1991-09.06.1992-ci il, 13.09.1992-04.01.1993-cü il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin 1992-1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 16.02.2017-ci il tarixli 2(013)- 827/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı 02.12.1991-ci il tarixdən 15.05.1992ci il tarixə kimi N və N saylı hərbi hissənin tərkibində Kəlbəcər rayonu Ağdaban, Çərəkdar, Narışlar və Alaqaya kəndləri uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən olunmuşdur. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 17.08.2021-ci il tarixli 2(104)-2272/2021 nömrəli məktubundan görünür ki, İddiaçı döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi barədə mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 16.02.2017ci il tarixli 2(013)-827/2017 nömrəli qətnaməsindən qəbul edilmiş məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Ağdam Rayon Məhkəməsinin 16.02.2017-ci il tarixli 2(013)-827/2017 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Qərardaddan kassasiya şikayəti verilməmiş, 2(104)-2272/2021 saylı iş üzrə qərardad qanuni qüvvəsini aldığından və heç bir icra hərəkətləri olmadığından iş 17.06.2021-ci il tarixdə arxivə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. Həmçinin məhkəmə qeyd edir ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı barədə onun hərbi biletində heç bir qeydiyyat aparılmadığından və onun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar