Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-141/2022 07.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Kəsəmən kəndində yerləşən, faktiki olaraq onun sahibliyində və istifadəsində olan 0.10 ha həyətyanı topraq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, keçmiş Gədəbəy rayonu Əzizbəyov adına kolxozun 15 iyul 1996-cı il tarixli, 06 saylı qərarı və rayon icra hakimiyyəti başçısının 07 avqust 1996-cı il tarixli, 135 saylı sərəncamı ilə ona ara nişanları qoyularaq 0.10 ha həyətyanı torpaq sahəsi təhkim edilmişdir. Ayrılmış torpaq sahəsinin sxemi hazırlanmış və həmin sxem təsdiq edilərək, bu barədə akt tərtib edilmişdir. Sözügedən torpaq sahəsi 1996-cı ildən bu günədək onun istifadəsində və sahibliyindədir. Lakin hüquqi savadsızlığı ilə əlaqədar həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmamışdır. Bu barədə yalnız 2021-ci ildə qərara gəlmiş, bu məqsədlə ölçmə işlərinin aparılması üçün ƏMDX yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında ölçmə işləri aparlan zaman vətəndaş X1 mütəxəssislər tərəfindən ölçmə işlərinin aparılmasına maneə yaratdığından maneələrin aradan qaldırılması ilə bağlı Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin 24.05.2021 -ci il tarixli, 2(042)-102/2021 saylı qətnaməsi ilə Gədəbəy rayonu, Kəsəmən kəndində yerləşən mübahisəli torpaq sahəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına cavabdeh X1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının iştirakı ilə çöl ölmə işləri yenidən aparılmışdır. Buna baxmayaraq, cavabdeh sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından 31.08.2021-ci il tarixli, **********59 nömrəli məktubla imtina etmişdir. İmtinaya əsas kimi, guya həmin torpaq sahəsi meşə fonduna aid torpaq sahəsi olması göstərilmişdir. Halbuki, 1996-cı ildə həmin torpaq sahəsi ona ayrılarkən meşə fondu torpaqları kateqoriyası mövcud olmamışdır. Ona ayrılmış torpaq sahəsi hal-hazırda meşə fondu torpaqlarına düşsə belə, bu qanunsuz olmuş, ona məxsus torpaq sahəsinin qanunsuz olaraq meşə fondu torpaqlarına keçirilmişdir. Cavabdeh sözügedən torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasında əsassız olaraq imtina edir. Şifahi məhkəmə baxış iclasında iddiaçı tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə **********40 nömrəli, 27.01.2022-ci il tarixli etiraz məktubu ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.10 ha, faktiki isə 0.20 ha təşkil edir, sənəd üzrə olan torpaq sahəsi ilə faktiki istifadə edilən torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. İstifadə edilən torpaq sahəsi elektron baza xəritəsinə əsasən örüş sahəsi kimi göstərilmişdir. Bu səbəbdən İddiaçı ərizəsinin icrası tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 9, 11, 12.1-ci maddələrinə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 179 nömrəli, 23.10.2020-ci il tarixli arxiv arayışının ksreosurəti, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-102/2021 nömrəli, 24.05.2021-ci il tarixli Qətnaməsi, cavabdehin **********40 nömrəli, 27.01.2022-ci il tarixli etiraz məktubu, **********45 nömrəli, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin 29.12.2021-ci il tarixli arayışı, mübahisələndirilən torpaq sahəsinin notariat qaydada təsdiqlənmiş Sxemi, Gədəbəy Rayon Dövlət Arxivinin məhkəməyə ünvanlanmış 95 nömrəli, 13.10.2021-ci il tarixli məktubu və onun qoşması, **********59 nömrəli, 31.08.2021-ci il tarixli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Cavabdeh 31.08.2021-ci il tarixli **********59 nömrəli imtina məktubunda göstərmişdir ki, sözügedən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,10 ha, faktiki isə 0.20 ha təşkil edir. Torpaq sahəsi elektron baza xəritəsinə əsasən örüş sahəsi kimi göstərilmiş, sənəd üzrə olan torpaq sahəsi ilə faktiki istifadə edilən torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş torpaq sahəsinin sxemində ayrılmış ərazi meşə fonduna aid olan torpaq sahəsidir. Cavabdeh tərəfindən məhkəməyə göndərilən etiraz məktubunda imtina əsasları təkrarlanmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçının tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2, 9, 11, 12.1-ci maddələrinə zidd olduğundan tələb təmin edilməməlidir. İşdə olan "xxxx" MMC-nin 28.12.2021-ci il tarixli, 11/M-209 nömrəli Arayışından görünür ki, rəy hazırlanarkəın araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş sənədlər toplusunda torpaq sahəsinin harada yerləşməsi barədə koordinatları özündə əks etdirən cizgi sxem olmamaması səbəbindən yerin müəyyən olunması və sualların cavablandırılması mümkün olmamışdır. İddiaçının iddia etdiyi 0.10 ha torpaq sahəsi barədə elektron məlumat bazasında heç bir məlumat yoxdur. İşdə olan Gədəbəy Rayon Dövlət Arxivinin 95 nömrəli, 13.10.2021-ci il tarixli Arxiv Arayışından görünür ki, Gədəbəy rayon sabiq Əzizbəyov adına kolxozun 15.07.1996-cı il tarixli, 06 nömrəli qərarı aşkar olunmamış və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 07.08.1996-cı il tarixli sərəncamında İddiaçı adı aşkar olunmamışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2(042)-102/2021 nömrəli Qətnaməsi ilə müəyyən olunmuşdur ki, Gədəbəy rayonu Kəsəmən kəndində yerləşən mübahisəli torpaq sahəsinin İddiaçı mülkiyyətində olub-olmaması öz təsdiqini tapmamasına baxmayaq iddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasında və həmin torpaq sahəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinə cavabdeh tərəfindən maneələrin yaradılmasını bildirməkdə iddialı olduğundan təqdim olunmuş sənədlər toplusunda torpaq sahəsinin harada yerləşməsi barədə koordinatları özündə əks etdirən cizgi sxem olmaması səbəbindən yerin müəyyən olunması mümkün olmamasına baxmayaraq məhkəmə mübahisə ilə əlaqədar hesab etmişdir ki, mübahisəli torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölçmə işlərinə edilən maneələr aradan qaldırılmalıdır. Həmin qətnamədə həmçinin qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Resyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mübahisələndirlən ərazidə lazımi ölçülər götürülmüş və araşdırılma zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş sənədlər toplusunda torpaq sahəsinin harada yerləşməsi barədə koordinatları özündə əks etdirən cizgi sxemi olmaması səbəbindən yerin müəyyən olunması və sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 noyabr 1991-ci ildən 08 avqust 1999-cu ilə kimi qüvvədə olmuş köhnə redaksiyalı Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 7. Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Maddə 12. Torpaq sahələri üzərində mülkiyyət hüququnu başqasına torpaq sahəsinin yerləşdiyi rayon, şəhər xalq deputatları Sovetləri keçirir... Maddə 23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir... Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 30. Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüququnu təsdiq edən sənədlər Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Maddə 31. Torpaqdan (o cümlədən .icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müqavilə və şəhadətnamə ilə rəsmiləşdirilir. Bu sənədlər rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən qeydə alınır və torpaq istifadəçisinə verilir. Müqavilənin və şəhadətnamənin forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 67.4-cü maddə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına, Azərbaycan Respublikası Konstitsiya Məhəməsinin hüquqi mövqeyinə və işin faktiki hallarına əsasən qeyd edir ki, hüquq münasibəti yaranan vaxt qüvvədə olan Torpaq Məcəlləsinin, habelə hal-hazırda qüvvədə olan Torpaq Məcəlləsinin yuxarıda sadalanan müvafiq maddələrinə əsasən, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin harada yerləşməsi barədə koordinatları özündə əks etdirən cizgi sxemi olmaması səbəbindən yerin müəyyən olunmaması, faktiki istifadə etdiyi torpaq sahəsinin isə elektron baza xəritələrində örüş sahəsi kimi göstərildiyindən iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy rayonu, Kəsəmən kəndində yerləşən, 0.10 ha həyətyanı topraq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-141/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-141/2022
07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver