Məhkəmə qərarları › İş №2-1(114)-141/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-141/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-141/2025 24.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Samux rayonu Çobanabdallı bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Samux rayonu Qarabağlılar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı protokolundan çıxarışına əsasən İddiaçı kəndin alt hissəsində Qarabağlar bələdiyyəsinin sair yararsız torpaqlarından həyətyanı sahə məqsədi ilə 500 manat dəyərində 0,09 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2007-ci il tarixdə Samux rayon torpaq şöbəsində 171 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən 171 nömrəli rəyə əsasən Torpaq sahəsinin istifadə vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Samux rayon Qarabağlar bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarına əsasən Qarabağlar adlanan sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 900 kv.m torpaq sahəsi İddiaçı istifadəsindədir. Ona görə də, İddiaçı istifadəsində olan 900 kv.m torpaq sahəsinin planı və ölçüsü 1 saylı nümunənin hazırlanmasına DTvə XK-nin rayon şöbəsi etiraz etməmişdir. Samux Rayonu Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Samux rayon Qarabağlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı iclas pratokoluna əsasən İddiaçı fərdi yaşayış evi tikdirmək üçün 0.09 ha həyətyanı torpaq sahəsi satılmışdır. (Əsas : Samux rayon Qarabağlar Bələdiyyəsinin xx.xx.2007-ci ii tarixli 01 saylı iclas pratokolu). İddiaçı Samux rayonunda, Qarabağlar kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2022-ci il tarixli **********60 nömrəli imtina məktubundan qeyd edilmişdir ki, ərizəyə əlavə edilmiş bələdiyyə qərarı ilə Ərazi İdarəsinin arxiv məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Bələdiyyələrlə iş mərkəzinə sorğu göndərilib. Sorğuya bugünədək cavab daxil olmamışdır, cavab gəldikdən sonra təkrar müraciət edəcəyiniz təqdirdə müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-7414/0023 saylı imtinası qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ona məxsus olan ünvan 1i ünvanında yerləşən 0,09 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarında Samux rayon Qarabağlar bələdiyyəsinin 25.01,2007-ci il tarixli, 01 saylı protokoldan çıxarış və xx.xx.2007-ci il tarixli, 171 nömrəli “Torpaqların alqı-satqısına dair” Aktının Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Bundan başqa vətəndaşın ərizəsində torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin əlavə edilmədiyi, həmçinin, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin 8.8 kv.m hissəsinin X2 adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli tərtib edilmiş çıxarışa aid torpaq sahəsi ilə üst- üstə düşdüyü müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.Samux rayonunda, Qarabağlar bələdiyyəsi mövcud deyildir. Samux rayonu Qarabağlar kəndi, Çobanabdallı bələdiyyəsinin ərazisində yerləşən kənddir. Arxiv sənədlərində mövcud olan, Samux rayon Qarabağlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı protokoluna əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı satılmış 0.09 ha həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından sualın cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, aparılan araşdırma zamanı, İddiaçı naturada təqdim etdiyi 0.09 ha torpaq sahəsinə əsaslanılmışdır. Qeyd edilir ki, X1 adına verilmiş **********72 reyestr nömrəli Çıxarışa əsasən 0.10 torpaq sahəsi ilə, X3 adına verilmiş **********72 reyestr nömrəli Çıxarışa əsasən 0.10 torpaq sahəsi eyni torpaq sahəsidir. Həmin torpaq sahəsi, naturada təqdim olunan faktiki istifadəsində olan 0.09 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. 2.Samux rayon Qarabağlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı protokoluna əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı qızma satılmış 0.09 ha həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından sualın cavablandırılması mümkün olmamışdır. 3.İddiaçı faktiki istifadəsinə 0.09 ha torpaq sahəsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsidir və üzərində tikili mövcuddur. Elektron baza materiallarına istinadən həmin torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədin qeydə alınmadığı müəyyən olunmuşdur. 4.Rəy hazırlanarkən elektron kadastr baza materialları və torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsaslanılmışdır. Məhkəmənin qərardadı ilə Samux rayonu Qarabağlar bələdiyyəsinin üçüncü şəxs qismində iştirakına xitam verilərək, Samux rayonu Çobanabdallı bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Samux rayonu Qarabağlılar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı əsasında bələdiyyə torpağından 0.09 ha torpaq sahəsi iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqısatqısına dair akt” bağlanmış, iddiaçı tərəfindən bələdiyyənin hesabına ödəniş edilmiş, eləcə də alqı-satqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 171 nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan təqdim edilmiş sənədlərin arxiv məlumatlarında öz əksini tapmadığından, həmçinin torpaq sahəsinin 8.8 kv.m hissəsinin X2 adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli tərtib edilmiş çıxarışa aid torpaq sahəsi ilə üst- üstə düşdüyünü qeyd etmişdir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, iş üzrə təyin olunmuş mütəxəssis rəyində X1 adına verilmiş **********72 reyestr nömrəli Çıxarışa əsasən 0.10 torpaq sahəsi ilə, X3 adına verilmiş **********72 reyestr nömrəli Çıxarışa əsasən 0.10 torpaq sahəsi eyni torpaq sahəsidir. Həmin torpaq sahəsi, naturada təqdim olunan faktiki istifadəsində olan 0.09 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunduğu qeyd edilmişdir.Eyni zamanda iddiaçının iddia etdiyi torpaq sahəsi mütəxəssi rəyində qeyd edilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi( TEKUİS) və (AZCAD) məlumatlarına istinadən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsidir və üzərində tikili mövcuddur.Elektron baza materiallarına istinadən həmin torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədin qeydə alınmadığı müəyyən olundu. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı ünvan 1i ünvanında yerləşən 0,09 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar