Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1411/2024 09.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi olan vəkili Vəkil və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxslər Bərdə rayon Bəcirəvan bələdiyyəsinin və X3) qarşı “torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0,70 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdən-xx.xx.2063-cü il tarixədək İddiaçı icarə hüququ qeydə alınmışdır. Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0,7 ha torpaq sahəsinə dair A №li 282186 nömrəli xx.xx.2018-ci il tarixində Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0,28 ha torpaq sahəsinə dair A №li 653553 nömrəli xx.xx.2021-ci il tarixində Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçı ona məxsus 98 sot torpaq sahəsinin koordinantlarının(sərhədlərinin) müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciət etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən ona məxsus olan, ümumilikdə 0,98 ha torpaq sahəsinin kordinantlarının (sərhədlərinin) müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli etiraz ünvanlamışdır. Etirazda onunla əsaslandırılmışdır ki, İddiaçı X2 qarşı “torpaqdan çıxarılma və tikilinin sökülməsi” tələbi ilə Bərdə rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə rayon Məhkəməsinin İddiaçı cavabdeh X2 qarşı “torpaqdan çıxarılma və tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(021 )- 2390/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddia ilə bağlı X1 faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Bərdə rayonu Bəcirəvan kəndində yerləşən İddiaçı icarəsində olan daşınmaz əmlakın dövlət reyestrində ********** « qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahəsinin koordinatları ilə müqayisələndirilmişdir. Məlum olmuşdur ki, İddiaçı sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələri öz istifadəsindədir və elektron baza məlumatlarında hərhansı uyğunsuzluq yoxdur. İddiaçı, iddiaçının nümayəndəsi olan vəkili Vəkil və üçüncü şəxs X3 məhkəmə iclasına gəlmiş, üçüncü şəxslərdən Bərdə rayon Bəcirəvan bələdiyyəsi və cavabdh nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən ********** qeydiyyat nömrəli 0,28 ha və ********** qeydiyyat nömrəli 0,70 ha torpaq sahəsinin koordinantlarının(naturada sərhədlərinin müəyyən edilməsi və tanıdılması) müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X3 iddia tələbinə qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin imtina cavabı almış, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur Məhkəmə hesab edir ki, iş baxımından əsassızdır və təmin edilməməlidir. Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının ona mənsub torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır (2.2-ci bənd). Hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır (2.3.4-cü bənd). Torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır (2.3.5-ci bənd). Bəhs edilənlərə əsasən, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-176/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı “torpaqdan çıxarma və tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydən görünür ki, iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin kordinatları naturada təyin edilərək Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********25 reyestr nömrəli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş 0.70 ha torpaq sahəsinin koordinatları ilə müqayisə edildi. İddiaçıya sənəd üzrə verilmiş 0.70 ha torpaq sahəsi cavabdeh X3 tərəfindən zəbt edilməmişdir. Cavabdeh X3 tərəfindən aparılan tikinti işləri Seriya RX ******* saylı çıxarışa əsasən Bərdə rayonu Bəcirəvan kəndində yerləşən İddiaçı icarəsində olan 0.70 ha torpaq sahəsində aparılmır.Cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək İddiaçı icarəsində olan 0.70 və 0.28 ha torpaq sahələrinin koordinatları ilə müqayisələndirildi. İddiaçıya sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələri cavabdeh X3 tərəfindən istifadə olunmur. İddiaçı məxsus olan torpaq sahəsində X3 tərəfindən hər hansı tikinti işləri aparılmır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1351/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-176/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-466/2024 saylı, 29 yanvar 2024-cü il tarixli Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-135/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1411/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1411/2024
09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver