Məhkəmə qərarları › İş №2-1(114)-1415/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1415/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1415/2024 02.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 2/2-813 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən (hərbi biletinin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hərbi xidməti haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməyini qeyd etməklə sənədlərini ətraflı ərizəsinə əlavə edərək Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərəcəyi təqdirdə komissiyanın iclasında müraciətinə baxılaraq barəsində müvafiq qərar qəbul oluna bilər. II. Məhkəmədə icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İ Qarabağ Müharibəsi iştirakçısıdır. Vətən uğrunda qedən döyüşlərdə böyük sücayətlə döyüşmüşdür. Veteran adını almaq üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə dəfələrlə şifahi və yazılı müraciət etmişdir. Lakin ona heç bir cavab verilməyib. Onu medalla, nə də "Müharibə Veteranı" adı ilə təltif etməmişdilər. Ona lazımsız, Vətən uğrunda heç bir iş görməyən insan kimi görməkləri bir müharibə iştirakçısı kimi onu incidir. Təkrar qeyd edir ki, "Müharibə veteranı" adının alınması ilə əlaqədar Müdafiə Nazirliyinə müraciət etsə də, ona heç bir cavab verilmir. O və onun timsalında neçə-neçə döyüşçü, könüllü, müharibə iştirakçıları hələ də "Müharibə veteranı" adını ala bilmir. Onu da qeyd etməlidir ki, hərbi biletində də döyüş əməliyyatlarında iştirak etdiyi barədə məlumat öz əksini tapır. Bununla yanaşı şahid kimi öz ifadələrini döyüş yoldaşları da təqdim edə bilərlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İİ. Prosessual məsələlər

5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

6. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. Cavabdeh orqanın iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, iddia mümkün sayılmamalıdır, çünki iddiaçı Müdafiə Nazirliyinin komissiyasının rəyini almadan, hər hansı imtinanı mübahisələndirmədən məhkəməyə müraciət etmişdir.

Əsaslandırma hissəsi:

8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

9. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

10. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt. Maddə 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.

11. Məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2024-cü il tarixli 2/2-813 nömrəli məktubu imtina xarakterli inzibati akt deyildir və həmin məktub aralıq inzibati akt olmaqla, cavabdeh orqan iddiaçının müraciəti üzrə inzibati icraat apara bilməsi üçün öz səlahiyyətləri çərçivəsində qanunla nəzərdə tutulmuş qaydada müvafiq sənədlərin təqdim edilməli olduğunu bildirmiş və bu, cavabdeh orqanın iddiaçının müraciəti üzrə inzibati icraatı həyata keçirməsi üçün zəruri olmuşdur.

12. Belə ki, hazırkı işdə İddiaçı inzibati orqana müraciət edərkən hərbi xidmətini və döyüşlərdə iştirak etməsini təsdiq edən sənədləri təqdim etməmiş, birbaşa məhkəməyə müraciət etmişdir.

13. Məhkəmə bununla bağlı qeyd edir ki, ona qanunvericiliklə müəyyən edilmiş sənədlərin əlavə olunmaqla müraciət edəcəyi təqdirdə ərizəyə baxılacağı bildirildiyi üçün həmin məktub onun müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh orqan iddiaçının müraciətinə baxmamış, araşdırma (inzibati icraat) aparmamış və müraciəti ilə bağlı inzibati akt qəbul etməmişdir. Belə olan halda isə cavabdehin sözügedən məktubu ilə iddiaçının hüquqlarının pozulması halı mövcud olmamışdır.

14. O da qeyd edilməlidir ki, şəxsin müraciəti əsasında inzibati aktın qəbul edilməsi (icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması) üzrə fəaliyyət (inzibati icraat) inzibati orqanlar tərəfindən həyata keçirilməlidir və məhkəmə bu vəzifəni öz üzərinə götürə bilməz.

15. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

16. İPM-in: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar