Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1416/2022 29.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin 013əç nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ona aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək N №-li hərbi birləşmənin müxtəlif hərbi hissələrində qadın hərbi qulluqçu kimi xidmət etmişdir. xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək N №-li hərbi hissənin 3-cü taborunun tibb məntəqəsində sanitar vəzifəsində xidmət etmiş və N №-li hərbi hissə komandirinin N əç №-li, xx.xx.2021-ci il tarixli əmrilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin "D" bəndinə əsasən (ailə vəziyyətinə görə) ehtiyata buraxılmışdır. Əsasnamənin 156-cı maddəsinin "D" bəndinə əsasən ehtiyata buraxılması üçün heç bir qanuni əsas olmamışdır. Belə ki, subaydır, uşaqları da yoxdur, həmçinin ailə vəziyyətinə görə ehtiyata buraxılması üçün nə şifahi, nə də yazılı qaydada müraciət etməmişdir. Ehtiyata buraxılma haqqında xəbərdar edilməmiş, buraxılış haqqında fərdi söhbət aparılmamışdır. Ehtiyata buraxılmağa təqdim olunmazdan əvvəl hərbi xidmətə yararlıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi həkim komissiyasının müayinəsinə göndərilməmişdir. Ona ehtiyata buraxılmasının səbəbləri izah edilməmiş və ehtiyata buraxılması haqqında əmr ona rəsmi qaydada təqdim edilməmişdir. İddiaçı xx.xx.2022-c il tarixi məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2021-ci il tarixli, N əç nömrəli əmrin ləğv edilməsi və iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə idda tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2016-cı ildə evdə olan zaman hərbiçi tanışı ilə whatsappla görüntülü danışarkən üst geyimini dəyişmiş, həmin tanışı bu vəziyyəti telefonun yaddaşında saxlayaraq sonradan hərbi hissədə yaymışdır. Onu bu məsələyə görə ehtiyata buraxmışlar, lakin sənədləşmədə ehtiyata buraxılmanın əsasları fərqli yazılmışdır. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək N nömrəli hərbi hissənin polikilinkasında tibb bacısı, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək N nömrəli hərbi hissənin tibb məntəqəsində sanitar, xx.xx.2016-cı il tarixdə xx.xx.2018-ci il tarixədək N nömrəli hərbi hissədə yazar və rabitəçi, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissənin qərargah bölüyündə rabitəçi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissədə sanitar vəzifəsində xidmət etmiş, xx.xx.2019-cu il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin 3-cü taborun tibb məntəqəsinə sanitar-telefonçu vəzifəsinə təyin edilmişdir. 3-cü tabor komandiri mayor Famil Əliyevin N nömrəli hərbi hissə komandirinə yazdığı raportdan görünür ki, İddiaçı hərbi qulluçu kimi vəzifələrini öyrənməyə və yerinə yetirməyə çalışmır. Hərbi andın tələblərini yerinə yetirməyə laqeyid münasibət göstərir. Hərbi qulluqçulara xidməti yerində istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefondan istifadə etməklə sosial şəbəkələrdən paylaşım etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Azərbaycan Ordusunda hərbi qulluqçuların etik davranış qaydaları haqqında 06 aprel 2020-ci il tarixli 09 nömrəli qərarının tələblərini kobud şəkildə pozaraq hərbi qulluqçulara xas olmayan nalayiq hərəkətlər etmiş, seksual xarakterli hərəkətlər etməklə video görüntülərə alınmasının şəxsi heyət arasında nizam-intizamın, mənəvi-psixoloji vəziyyətin aşağı düşməsinə səbəb olmuşdur. Bu və digər səbəblərə görə N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 29 oktyabr 2021-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "d" bəndinə (ailə vəziyyətinə görə) ehtiyata buraxılmışdır. Əmr qanunidir, əmrin ləğv edilməsi və iddiaçının əvvəlki xidmətə bərpa edilməsinə dair etiraz edir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissənin mahhxhq-ların şərəf məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, Şərəf məhkəməsinə təqdim olunan QHQ kiçik çavuş İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin “Azərbaycan Ordusunda hərbi qulluqçuların etik davranış qaydaları haqqında” 06 aprel 2020-ci il tarixli 09 nömrəli qərarının tələblərini kobud şəkildə pozaraq hərbi qulluqçulara xas olmayan nalayiq hərəkətlər etmiş, etdiyi seksual xarakterli hərəkətlərin video görüntülərə alınmaqla, hərbi qulluqçulara mənfi fikirlərin yaranmasına səbəb olan hərəkətlər etməsi bununla da şəxsi heyətin mənəvi psixoloji vəziyyətinə mənfi təsir göstərərək pis nümunə olmasını nəzərə alaraq Azərbaycan Respublikasının Müdafiə nazirinin 30 may 2015-ci il tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların şərəf məhkəmələri haqqında əsasnamənin" 5.2.6-cı maddəsini rəhbər tutaraq ona "Azərbaycan Ordusundan xidməti uygunsuzluğa görə ehtiyata buraxılması" elan olunması barədə yuxarı komandanlıq qarşısında vəsətət qaldırılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Təqdimatdan görünür ki, N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun tibb məntəqəsinin sanitar-radiotelefonçusu İddiaçı dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. Onun ailə vəziyyətinə görə ehtiyata buraxılması məqsədəuyğun hesab edilərək Qanunun 156-cı maddəsinin « d » bəndinə əsasən ehtiyata buraxılması üçün vəsatət qaldırılmışdır. -N nömrəli hərbi hissə komandirinin 0123əç nömrəli, xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, 171-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissənin) 3-cü motoatıcı taborunun tibb məntəqəsinin sanitar-radiotelefonçusu İddiaçı «Hərbi xidmətkeçmə haqqında»156-cı maddəsinin “d” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin 0123əç nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə 171-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissənin) 3-cü motoatıcı taborunun tibb məntəqəsinin sanitarradiotelefonçusu İddiaçı «Hərbi xidmətkeçmə haqqında»Əsasnamənin 156-cı maddəsinin “d” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı isə hesab edir ki, sözügedən əsasla ehtiyata buraxılma üçün Əsasnamədə müəyyən edilmiş hallar ona münasibətdə mövcud olmadığına görə işdən azad edilməsi qanunsuzdur. Bu səbəbdən də hazırda qeyd olunan əmri mübahisələndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:- -161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. -162-ci bəndinə əsasən, Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən ən azı iki fərdi söhbət aparılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -165-ci bəndinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. -156-cı maddəsinin “d” bəndinə əsasən, ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə — əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın — hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda ehtiyata buraxılırlar. Qeyd olunmalıdır ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli raportdan, həmin tarxli şərəf məhkəməsinin protokolundan və qərarından görünür ki, iddiaçı hərbi qulluqçuya xas olmayan videogörüntülərin yayılmasında ittiham olunmuş, lakin buna baxmayaraq Əsasnamənin 156-cı maddəsinin d bəndinə (ailə vəziyyətinə görə) əsasən ehtiyata buraxılmışdır. Əslində isə iddiaçının ailə vəziyyəti ilə əlaqədar olaraq ehtiyata buraxılma niyyəti olmamış, belə bir xahişlə müraciət etməmişdir. Halbuki “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “d” bəndinə əsasən ailə vəziyyətinə görə ehtiyata buraxılmanın konkret əsasları göstərilmişdir ki, bu əsasların heç biri işin faktiki halları ilə öz təsdiqini tapmır. Digər tərəfdən şəxsən iddiaçının özü tərəfindən hər hansı videogörüntünün yayılması və yaxud yayılmasına şərait yaradılması da iş materialları ilə öz təsdiqini tapmır, cavabdeh isə bunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Göründüyü ki, mübahisələndirilən əmrin verilməsi qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2021-ci il tarixli, N əç nömrəli əmri ləğv olunmalı və iddiaçı işə bərpa olunmaqla ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2021-ci il tarixli, N əç nömrəli əmri ləğv edilsin. İddiaçı tutduğu vəzifəyə bərpa olunmaqla ona məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1416/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1416/2022
29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver