Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1419/2021 08.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə 22.06.N-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, N nömrəli hərbi hissə komandirinin 25.05.N-ci il tarixli 028 əç saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməklə N nömrəli motoatıcı hərbi hissəyə müddətdən artıq hərbi qulluqçu kimi “telefonçu” vəzifəsinə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, N saylı hərbi hissə komandirinin 03.04.2019-cu il tarixli 9N nömrəli əmri ilə həmin hərbi hissəyə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətə baş radiotelefonçu vəzifəsinə, 15.06.2020-ci il tarixdə isə N saylı hərbi hissəyə radiotelefonçu vəzifəsinə qəbul edilmiş, 22.12.2020-ci il tarixdə isə 703 saylı motoatıcı hərbi hissəyə telefonçu vəzifəsinə təyin edilmişdir. 25.05.N-ci il tarixədək həmin hərbi hissədə telefonçu vəzifəsində qüsursuz olaraq xidmət aparmışdır. Dəfələrlə nümunəvi xidmətə görə komandir tərəfindən təltif edilmişdir. N saylı hərbi hissə komandirinin 25.05.N-ci il tarixli 028 saylı əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin e bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Sözügedən əmri qanunsuz və əsassız hesab edir. Belə ki, əmrdə hərbi xidmətdən ehtiyata buraxılması göstərilsə də bu uyğunsuzluğun nədən ibarət olması əsaslandırılmamışdır. Hərbi xidmətə uyğunsuzluğu işin hər hansı halı ilə təsdiq edilmir. Əmrdə göstərilənlər tamamilə əsassız olmaqla qərəzli və qeyri obyektivdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ondan 19.04.N-ci il tarixdə nümunə götürülmüş, həmin nümunələr tədqiq edilmək üçün göndərilmişdir. O, barəsində olan tədqiqatın nəticəsini 23.05.N-ci il tarixdə, yəni ehtiyata buraxılmasından 3-4 gün əvvəl bilmiş, ona məlum olmuşdur ki, tədqiqatın nəticəsində ondan götürülmüş nümunədə psixotrop maddə aşkar edilmişdir. Həmin tədqiqatın nəticəsi ilə razı olmamış, onun yenidən həm mülki, həm də hərbi həkim müayinəsindən keçirilməsini tələb etmiş, lakin onun tələblərinə heç bir əhəmiyyət verilməmiş, 25.05.N-ci il tarixli 028 saylı əmrlə hərbi xidmətdən tərxis edilmişdir. Sonradan özü 07.06.N-ci il tarixdə həkim müayinəsindən keçmiş, onun narkotik vasitə istifadə etmədiyi müəyyən olunmuşdur. O, heç vaxt, eləcə də xidmət dövründə narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmiş, onun hərbi xidmətdən tərxis edilməsi qərəzli və qanunsuz olmuşdur. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı N nömrəli hərbi hissənin rabitə bölüyünün telefon taqımının telefon manqasının telefonçusu vəzifəsində xidmət etdiyi müddət ərzində özünü intizamsız hərbi qulluqçu kimi göstərmiş, ona verilən əmr göstərişləri vaxtında icra etməmişdir, üzərinə düşən vəzifə borclarının öhdəsindən layiqincə gəlməmiş, icraçılığı ilə komandanlığın etimadını doğrultmamış, eyni əməlləri dəfələrlə təkrar etmişdir. Hərbi hissədə qulluq edən narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilinən şəxslərlə bağlı Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş siyahı əsasında müayinələr aparılmış, eyni zamanda iddiaçının təkrar müayinəyə göndərilməməsinin səbəbi müvafiq müddət keçdikdən sonra müraciət etməsi olmuşdur. İddiaçının narkotik və psixotrop maddələrdən istifadəsi Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya mərkəzinin aktına əsasən aşkarlanmış və komandanlıq tərəfindən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən ordu sıralarından ehtiyyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, 028 əç nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən qanunidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin 178/K nömrəli maddi sübutların tədqiqatı aktından görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan metamfetamin adlı psixotrop maddə aşkar olunmuşdur. Aşkarlanan bu maddə dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxildir. -surəti işə əlavə edilmiş 23.05.N-ci il tarixli söhbət vərəqəsindən görünür İddiaçı xidmətdən ehtiyata buraxılması ilə razı olmamış, onun yenidən həm mülki, həm də hərbi ekspertizadan keçirilməsini xahiş etmişdir. -N nömrəli hərbi hissə komandirinin 28.05.N-ci il tarixli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq qadın hərbi qulluqçu əsgər İddiaçı 703-cü motoatıcı hərbi hissənin hərbi bölüyünün telefon taqımının telefon manqasının telefonçusu, 25.05.N-ci il tarixli 028 əç nömrəli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında »Azərbaycan Respublikası Qanununun 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, N-ci ilin hesabından 23 təqvim günü məzuniyyət verilməklə 20.06.N-ci il tarxidən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarımış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə göndərilmişdir. -işə əlavə edilmiş N nömrəli hərbi hissənin rabitə bölüyünün komandirinin xidməti xasiyyətnaməsindən görünür ki, İddiaçı xidmət etdiyi müddət ərzində özünü intizamsız, işgüzar olmayan bacarıqsız bir hərbi qulluqçu kimi göstərmiş, komandir və yuxarı rəislərin verdiyi əmr və göstərişləri vaxtında və dəqiq yerinə yetirməkdə çətinlik çəkmiş, hərbi nəzakət, davranış qaydalarını bilmir və bunlara riayət etməmişdir. Hərbi nizamnamələrin tələblərini bilmir və gündəlik xidmətində onların tələblərinə əməl etməkdə çətinlik çəkmişdir. Təşkilatçılıq qabiliyyəti yoxdur. Xidməti yerinə mütəmadi olaraq gecikmişdir. Mənəvi cəhətdən sakit, xasiyyətcə təmkinli və qətiyyətli deyil. Öz nəzəri və praktiki biliklərinin artırılması istiqamətində çalışmamışdır. Nizamnamənin tələblərini zəif bilmiş, gündəlik xidmətdə tətbiq edə bilməmişdir. -surəti işə əlavə edilmiş « sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə »nin 07.06.N-ci il tarixli 637/N nömrəli protokolundan görünür ki, İddiaçı müayinəsi zamanı narkotik vasitələrdən istifadə etmədiyi aşkar olunmuşdur. -işə əlavə edilmiş Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi ekspertiza və X1» PHŞ-nin məhkəmə-kimya şöbəsinin 22.10.N-ci il tarixli 3305/K nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus qan nümunəsinin tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, fenilalkilamin qrupunun törəməsi olan metamfetamin insan orqanizminə intranazal, inqalyasiya, peroral və inyeksiya yolu ilə daxil olduqdan dərhal sonra qana sorulur və qəbulundan 3-6 saat sonra pik həddə çatır. Matamfetaminin istifadə faktını qanda 8-12 saatdan sonra təsdiqləmək olar. Qəbul edilən metamfetaminin təxminən 70% birinci sutkada, 90%-i isə 4 sutka ərzində sidik ilə ifraz olunur. Matamfetaminin izlərini sidikdə 1 həftə ərzində aşkar etmək olar. İddiaçı götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon. 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə birkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən 25.05.N-ci il tarixdə verilmiş və iddiaçı hazırki tələb üzrə iddia ərizəsini 22.06.N-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Deməli iddia qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin 178/K nömrəli maddi sübutların tədqiqatı aktından görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin müayinəsi 19.04.N-ci il tarixdə başlamış, 07.05.N-ci il tarixdə başa çatmışdır. Nəticə olaraq nümunələrdə metamfetamin adlı psixotrop maddə aşkar edilmişdir. Eyni zamanda «Məhkəmə-tibbi ekspertiza və X2» PHŞnin 22.10.N-ci il tarixli ekspert rəyində həmin maddənin qanda 8-12 saatdan sonra təsdiq etməyin, 70%-i birinci sutkada, 90%-i isə 4 sutka ərzində, sidikdə 1 həftə ərzində aşkar edilməsinin mümkünlüyü bildirilir. Buradan belə nəticəyə gəlmək olar ki, birinci tədqiqatın aparılmasından (07.05.N-ci il) 16 gün (23.05.N-ci il) keçdikdən sonra iddiaçı ilə aparılmış söhbət zamanı onun yenidən müayinəyə göndərilməsi ilə bağlı tələbi təmin olunmuş olsaydı belə sözügedən maddənin qanda və sidikdə qalma müddəti baxımından real və dəqiq cavab almaq mümkün olmayacaqdı. Eyni zamanda qeyd olunur ki, iddiaçı özü sərbəst müayinədən 07.06.N-ci il tarixdə keçdiyindən həmin müayinənin nəticəsi də onun qan və sidiyində 07.05.N-ci il tarixdə sözügedən maddənin olmasını istisna edən hal hesab etmək üçün kifayət etmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 25.05 N-ci il tarixli 028 əç saylı əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1419/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1419/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver