Məhkəmə qərarları › İş №2-1(114)-142/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-142/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-142/2024 29.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər İHB-nın xx.xx.1992-ci il tarixli 3859 saylı Sərəncamına və "İqtisadçı" BYB-nın xx.xx.1992-ci il tarixli 04 saylı protokolundan çıxarış qərarına əsasən iddiaçıya bağ evi tikmək üçün 400 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X6 kitabında xx-xx-2011-ci il tarixdə 2443 nömrə ilə uçota alınıb A №368715. Ayrılmış torpaq sahəsində lahiyə əsasında ev tikdirmişdir. Ona görə də hüquqlarının daşınmaz əmlakın Dövlət Reyestrində Qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin hüquqlarının qeydə alınmasından imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirilmişdir ki, həmin sahədə yaşayış evi inşa etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, faktiki torpaq sahəsinin ölşüləri ilə sənəd üzrə ölçülər arasında uyğunsuzluq olması əsası ilə iddiaçının müraciəti müsbət həll edilməmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölşüləri ilə sənəd üzrə ölçülər arasında uyğunsuzluq olması müəyyən edilmiş, həmçinin "İnşaatçı" bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -X4 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın məzmunundan görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı ilə Gəncə şəhər X2 xx.xx.1992-ci il tarixli, 21/70 nömrəli qərarına əsasən 3 nömrəli Tikinti Quraşdırma Trestinə, X5 iştirakçılarına və 3 nömrəli rayonlararası təmir tikinti trestinə bağ yeri üçün 8.8 ha torpaq sahəsi ayrılmışdır. -surəti işə əlavə edilmiş “İnşaatçı” bağçılıq yoldaşlıq birliyinin qərarından çıxarışından görünür ki, xx.xx.1992-ci il tarixli, 04 nömrəli protokolu əsasında Avtozavod ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı 400 kv.m torpaq sahəsi bağ evi üçün ayrılmışdır. -surəti işə əlavə edilmiş A368715 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, həmin sənəd ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı və “İnşaatçı” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1992-ci il tarixli, 04 nömrəli protokol qərarına əsasən iddiaçıya verilmiş 400 kv.m torpaq sahəsinin texniki göstəriciləri İddiaçı adına işlənmişdir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-10563/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı faktiki istifadəsində olan 433.0 kv.m torpaq sahəsinin 365.0 kv.m hissəsi xx.xx.2011-ci il tarixli A 368715 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən sahə ilə üst-üstə düşür. xx.xx.2011-ci il tarixli A 368715 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü" sənədində göstərilən sahə, elektron baza materillarına istinadən başqa şəxslərin mülkiyyət istifadə və yaxud icarə hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərdə göstərilən sahələrlə üst-üstə düşmür. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsidir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı və “İnşaatçı” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1992-ci il tarixli, 04 nömrəli protokol qərarına əsasən Avtozavod ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı 0.04 ha torpaq sahəsi bağ evi üçün ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi faktiki torpaq sahəsinin ölşüləri ilə sənəd üzrə ölçülər arasında uyğunsuzluq olması, həmçinin “İnşaatçı” bağçılıq-yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməməsi qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçıya qanuni əsaslarla torpaq sahəsi ayrılmışdır. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, təşkilatlar tərəfindən öz əməkdaşlarına paylanmış torpaq sahəsi ilə bağlı arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. İstinad olunan Sərəncamdan göründüyü kimi ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi bu sahədə müvafiq səlahiyyətli quruma həvalə edilmişdir. Bu səbəbdən də, “bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinə dair sənədlərin təqdim edilməməsini əsas gətirərək cavabdeh tərəfindən iddiaçının hüquqlarının məhdudlaşdırılması qanunsuz olmuşdur. Həmçinin qeyd edilməlidir ki, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan 433.0 kv.m torpaq sahəsinin 365.0 kv.m hissəsi xx.xx.2011-ci il tarixli A 368715 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən sahə ilə üst-üstə düşür. "Torpaq sahəsinin plan və ölçüsü" sənədində göstərilən sahə, elektron baza materillarına istinadən başqa şəxslərin mülkiyyət istifadə və yaxud icarə hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərdə göstərilən sahələrlə üst-üstə düşmür. Belə olduğu təqdirdə cavabdeh orqan həmin "Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə müəyyən edilmiş koordinatlar daxilində torpaq sahəsinin qeydə alınmasını təmin edə bilərdi. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı və “İnşaatçı” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1992-ci il tarixli, 04 nömrəli protokol qərarına əsasən Avtozavod ərazisindən İddiaçı verilmiş 400 kv.m torpaq sahəsi üzərində A 368715 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlara uyğun İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar