Məhkəmə qərarları › İş №2-1(114)-1420/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1420/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1420/2022 02.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı (üçüncü şəxs Bakı Dövlət Universiteti) dissertasiya işinin müdafiəsinə icazə verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iddia ərizəsi ilə 24.01.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, « Azərbaycan Respublikasında hüquqi-demokratik dövlətin yaradılması və formalaşması tarixi (1991-2005) » adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusunun Bakı Dövlət Universitetində müdafiə edilməsinə icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15.02.2022-ci il tarixli 2-1(112)-5436/2021 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildən 2004-cü ilə qədər Gəncə Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının “07.00.02” Vətən tarixi ixtisası üzrə dissertant olaraq “Azərbaycan Respublikasında hüquqi-demokratik dövlətin yaranması və formalaşması tarixi” mövzusunda dissertasiya işini başa çatdıraraq və bütün minimum imtahanlarını iki dəfə təkrar olaraq vermiş və ilkin müdafiəni etmişdir. Gəncə Dövlət Universitetinin keçmiş rektorunun 13 aprel 2012-ci il tarixli 45-03-275/01-20 saylı məktubu ilə Bakı Dövlət Universitetinə müdafiəyə buraxılmağı üçün elmi işinin sənədləri göndərilmiş, həmin vaxtlar onun müraciətlərinə şifahi olaraq bildirildi ki, Ramiz Mehdiyevin məktubuna əsasən dövlət qulluğunda işləyənlərin elmi işi müdafiəyə buraxılmır. Bu səbəbdən onun elmi işi müdafiəyə buraxılmamışdır. İddiaçı 20 oktyabr 2020-ci il tarixdə yenidən Bakı Dövlət Universitetinə rəsmi ərizə ilə müraciət edərək dissertasiya işinin müdafiəsinin təşkilinə köməklik göstərilməsini xahiş etmiş, Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru 04 noyabr 2020-ci il tarixli, 01-Eİ/626 saylı məktubla ona dissertasiya işinin müdafiəsinin təşkilinə köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət etməli olduğunu, həmin komissiyanın müvafiq cavab məktubu əsasında Bakı Dövlət Universitetində dissertasiya işinin müdafiəsinin təşkil olunmasının mümkünlüyünü bildirmişdir. Bundan sonra iddiaçı həmin komissiyaya müraciət etmiş və X2 qərarına əsasən dövlət qulluğu və dövlət qulluğunun xüsusi növlərində çalışan şəxslərin fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinə baxılmasının məqsədəuyğun hesab edilmədiyini bildirmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi şəxs X4 çalışır. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən məhkəməyə göndərilmiş 11.05.2022-ci il tarixli 04/14-8/7 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 2000-ci il 16 may tarixli 2/775 nömrəli məktubla dövlət qurumlarında çalışan şəxslərin dissertasiya müdafiələri ilə bağlı tədbirlərin görülməsi haqqında yazılı göstəriş daxil olmuşdur. Buna müvafiq olaraq məsələ X2 2000- ci il 19 may tarixli iclasında müzakirə edilmiş və dövlət qurumlarında çalışan şəxslərin dissertasiya müdafiə etmələrinin məqsədəuyğun hesab edilməməsi barədə qərar qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 2012-ci il 30 mart tarixli 2/294 nömrəli məktubunda dövlət qulluğu və dövlət qulluğunun xüsusi növlərində çalışan şəxslərin dissertasiya müdafiəsinə buraxılmalarının, habelə onlara elmi dərəcələr verilməsinin məqsədəuyğun hesab edilmədiyi bir daha qeyd edilmişdir. Qeyd olunanları və Komissiya tərəfindən qanunvericiliyin tələblərinin pozulmadığını nəzərə alaraq iddiaçının tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Ali Attestasiya Komissiyasına ünvanlanan 2000-ci il 16 may tarixli 2/775 nömrəli məktubdan görünür ki, dövlət qurumunda çalışan hər hansı məmurun disertasiya müdafiəsi ilə bağlı müraciətlərə baxarkən müvafiq halları nəzərə alınması bildirilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 2000-ci il 19 may tarixli 20 nömrəli iclas protokolundan görünür ki, müzakirə nəticəsində dövlət qurumlarında çalışan məmurun dissertasiya müdafiəsinin məqsədəuyğun sayılmaması qərara alınmışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Ali Attestasiya Komissiyasına ünvanlanan 2012-ci il 30 mart tarixli 2/294 nömrəli məktubdan görünür ki, dövlət qulluğundakı gərgin iş rejimi şəraitində elmi fəaliyyətlə məşğul olmağın mümkünsüzlüyü nəzərə alınaraq, dövlət qulluğu və dövlət qulluğunun xüsusi növlərində çalışan şəxslərin dissertasiya müdafiəsinə buraxılmaları və onlara elmi dərəcələr verilməsi məqsədəuyğun sayılmamış, bu səbəbdən də müvafiq tədbirlər görülməsi, o cümlədən aidiyyəti elmi və dissertasiya şuralarına ciddi xəbərdarlıq edilməsi xahiş olunmuşdur. -Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22.12.2021-ci il tarixli 04/09-7/141 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin:- -1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. -1.2-ci bəndinə əsasən Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinln qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Göründüyü kimi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Azərbaycan Respublikasının Prezidentinə tabedir və öz fəaliyyətində qanunvericiliyi, eləcə də tabe olduğu orqanın göstərişlərini yerinə yetirir. İşin faktiki halları ilə müəyyən olunur ki, Komissiyaya Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 2000-ci il 16 may tarixli 2/775 nömrəli məktubla dövlət qurumlarında çalışan şəxslərin dissertasiya müdafiələri ilə bağlı tədbirlərin görülməsi haqqında yazılı göstəriş daxil olmuşdur. Buna müvafiq olaraq məsələ X2 2000- ci il 19 may tarixli iclasında müzakirə edilmiş və dövlət qurumlarında çalışan şəxslərin dissertasiya müdafiə etmələrinin məqsədəuyğun hesab edilməməsi barədə qərar qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 2012-ci il 30 mart tarixli 2/294 nömrəli məktubunda dövlət qulluğundakı gərgin iş rejimi şəraitində elmi fəaliyyətlə məşğul olmağın mümkünsüzlüyü nəzərə alınaraq, dövlət qulluğu və dövlət qulluğunun xüsusi növlərində çalışan şəxslərin dissertasiya müdafiəsinə buraxılmalarının, habelə onlara elmi dərəcələr verilməsinin məqsədəuyğun hesab edilmədiyi bir daha qeyd edilmişdir. Qeyd edilməlidir ki, Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir. Prezidentin Administrasiyası müvafiq qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır. Administrasiya qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir. Beləliklə, göründüyü kimi, Komissiya Prezidentə tabe olan orqan olaraq, ona aid edilmiş səlahiyyətləri ilə yanaşı tabe olduğu yuxarı orqanın müvafiq tapşırıqlarını da yerinə yetirir. Hazırki işin faktiki halları ilə müəyyən olunur ki, Komissiya tabe olduğu orqanın müvafiq göstərişinə əsasən dövlət qurumlarında çalışan şəxslərin dissertasiya müdafiə etmələrinin məqsədəuyğun hesab edilməməsi barədə qərar qəbul etmişdir və qeyd olunan qərar hazırda da öz qüvəəsini saxlayır. Məhkəmə qeyd edir ki, cavabdeh orqan X2 2000-ci il 19 may tarixli 20 nömrəli qərarına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunan qərarın qüvvədə olması cavabdeh orqanın imtinasının əsaslı olmasına dəlalət edir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanların imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı dissertasiya işinin müdafiəsinə icazə verilməsi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar