Məhkəmə qərarları › İş №2-1(114)-1422/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1422/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1422/2020 15.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Tovuz rayon filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Tovuz rayon filialının (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı ildən, xx.xx.1995-ci il tarixədək Bayramlı kənd mağazasında gözətçi işlədiyi illərin sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1972-ci ildən başlayaraq müxtəlif yerlərdə işləmiş, xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin əmək kitabçasında 25 ildən artıq əmək stajı olmasına baxmayaraq cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda 25 il sığorta stajının olmaması qeyd edilmişdir. Ona sonradan məlum olmuşdur ki, xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilədək Bayramlı kənd mağazasında gözətçi ilədiyi müddət cavabdeh tərəfindən sığorta stajına daxil edilməmişdir. Həmin mağazada gözətçi işlədiyi müddətdə əmək haqqı almışdır. xx.xx.1995-ci ildə Tovuz rayonu Böyük Qışlaq zona İstehlak Cəmiyyətinin inzibati binasında yanğın hadisəsi baş verdiyi üçün cəmiyyətin 1991-1995-ci illərə aid mühasibat sənədləri və ştamp yanmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarxə təyin edilmiş şifahi məhkəmə baxış iclasında iddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək xx.xx.1995-ci ildən xx.xx.2003-cü ilədək Bayramlı kənd İstehlak mağazasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə və ona pensiya təyin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, iddiaçının ərizəsində qeyd etdiyi xx.xx.1990cı il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrlərdə vətəndaşın eyni zamanda “Bakı fəhləsi” sovxozunda fəhlə işləməsi əmək kitabçasındakı əmrlərlə və Tovuz rayon arxivi tərəfindən verilmiş 131 nömrəli əmək haqqı arayışına əsasən müəyyən edildiyi üçün həmin dövrlər cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajına daxil edilmişdir. Təkrar araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Severnıy” sovxozunda işlədiyi illər üzrə əmək haqqı arayışı təqdim etmədiyi üçün həmin dövrdə onun sosial sığorta stajına daxil edilməməlidir. Ona görədə iddiaçının tələb edilən 25 il sosial sığorta stajına qarşı 20 il 24 gün sosial sığorta stajı toplanır. Əlavə olaraq bildirmişdir ki, baş vermiş yanğın nəticəsində müəssisənin bütün zəruri sənədləri və künc ştampı yanaraq yarasız hala düşdüyü halda, müəssisənin möhürünün yanğında yararsız hala düşməməsi heç cür inandırıcı deyildir. Açıq-aydın görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi 1995-2003-cü illər üzrə olan əmrlər iddiaçının əmək kitabçasına sonradan qeyd edilmişdir. Böyük Qışlaq zona İstehlak Cəmiyyəti 1996-2003-cü illərdə cavabdehə hesabat verməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus əmək kitabçasının surəti, cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubu və etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1972-xx.xx.1973, xx.xx.1973xx.xx.1974, xx.xx.1977-xx.xx.1977, xx.xx.1978-.xx.xx.1978, xx.xx.1978-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1990-xx.xx.1995-ci illərdə Bayramlı kənd mağazasında gözətçi və xx.xx.1995-xx.xx.2003-cü illərdə səyyari satıcı işləməsi göstərilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin «Qeyd» hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən və arxiv sənədləri ilə qarşılıqlı yoxlanması mümkün olmayan xx.xx.1995-xx.xx.2003-cü illərdə səyyari satıcı işlədiyi 08 il 02 ay 13 gün iş stajı dövlət arxivinin arayışları əsasında təsdiq edilmədiyindən və cavabdehin bununla bağlı etirazında göstərdiyi şübhələr başqa sübutlarla aradan qaldırılmadığından xx.xx.1995-xx.xx.2003-cü illər üzrə iddiaçının əmək kitabçasında qeyd olunan əmək stajını məhkəmə mötəbər sübut kimi qəbul etmir. Ona görə də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-verməməsi araşdırılmalıdır Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 4.2.1ci bəndində deyilir ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Qaydaların 4.2.2-ci bəndinə görə, yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qaydaların 4.2.3-cü bəndinə əsasən, x xxxx 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Qeyd olunan üsulla iddiaçının pensiya kapitalının məbləği hesablanaraq onun xx.xx.2006-cı ilədək mövcud olan 21 il 2 ay müddət 306 manata vurulur ((21 il x 306)+ (306:12 ay x 2 ay)=6426+51=6477 manat) və 2006-2016-cı illər üzrə indeksləşdirilir: 6477 (2006-cı il üzrə)+ 537,6 (2007-ci il üzrə)+ 1171,4 (2008-ci il üzrə)+ 1702,7 (2009-cu il üzrə)+ 148,3 (2010-cu il üzrə)+ 572,1 (2011-ci il üzrə)+ 838,1 (2012-ci il üzrə)+ 125,9 (2013-cü il üzrə)+ 277,8 (2014-cü il üzrə)+ 165,9 (2015-ci il üzrə)+ 480,7 (2016-cı il üzrə)=14047,2 Alınmış 14047,2 manat məbləğ gözlənilən pensiya ödənişi müddətinin aylarına (144 ay) bölünməklə 97,55 manat məbləğ alınır. Bu isə hazırda əmək pensiyasının minimum məbləğindən azdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Tovuz rayon filialına qarşı xx.xx.1995-ci ildən xx.xx.2003cü ilə qədər Bayramlı kənd mağazasında işlədiyi illərin sosial sığorta stajına daxil edilib, ona pensiyanın təyin edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar