Məhkəmə qərarları › İş №2-1(114)-1422/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1422/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1422/2024 23.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh İstehsalat Ticarət Firmasına qarşı İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1322,42 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1400 manat məbləğində siyahıya alınmış əmlakın satılması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh İstehsalat Ticarət Firmasına (bundan sonra mətndə cavabdeh və ya vergi ödəyicisi) xx.xx.2005-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. xx.xx.2022-ci il tarixli bildiriş ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən tam təmin edilmədiyindən vergi orqanının xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı əsasında xx.xx.2022-ci il tarixli **********7 nömrəli protokolla Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Massiv 2 ünvanında cavabdehə məxsus – ümumilikdə 1400 manat dəyərində vahidinin qiyməti 700 manat olan 2 ədəd Koreya istehsalı televizor siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1322,42 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə 1400 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tibbi sığorta öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin İcbari Tibbi Sığorta Fonduna yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılıb qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və səbəbləri barəsində məlumat verməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının xx.xx.2022-cü il tarixli **********7 nömrəli qərarı, xx.xx.2022-cü il tarixli **********7 nömrəli protokolu, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 15-2.2.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər. Maddə 15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir: 15-10.1.3. bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi. Maddə 15-11.4. Bu Qanunun 15-10.1.3-cü maddəsində nəzərdə tutulan sığorta haqqı (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan və Azərbaycan Respublikasının ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən ödənilən sığorta haqqı istisna olmaqla) hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən, Azərbaycan Respublikasının ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən isə “Fərqlənmə nişanı” alınarkən ödənilir. Maddə 15-24.1. Bu Qanunun 15-2.2.1 – 15-2.2.3-cü maddələrində nəzərdə tutulmuş şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, sığorta haqqı üzrə yaranmış borcların alınması, sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. Maddə 90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1322,42 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş tibbi sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və o, sığorta haqlarını ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan yuxarıda qeyd edilən məbləğdən iddiaçının tələb etdiyi 1322,42 manat məbləğində borcun ödənilməsi məqsədilə iddia tələbi təmin edilməli və cavabdehə məxsus ümumilikdə 1400 manat dəyərində vahidinin qiyməti 700 manat olan 2 ədəd Koreya istehsalı televizor ticarət şəbəkələrində satılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh İstehsalat Ticarət Firmasının İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1322,42 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə məxsus ümumilikdə 1400 manat dəyərində vahidinin qiyməti 700 manat olan 2 ədəd Koreya istehsalı televizor ticarət şəbəkələrində satılsın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar