Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1425/2024 04.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Doğum haqqında xx.xx.2008-ci il tarixli AZ-İ 020609 nömrəli şəhadətnaməyə və AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı1 xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur və Ağdam rayonu, Yusifcanlı kəndində qeydiyyatdadır. X2, anası X3r.
2. xx.xx.2014-cü il tarixli Seriya AA 312078 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən Qanuni nümayəndə 1989-cu ildə ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır.
3. İddiaçı1 anası Qanuni nümayəndə övadına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət etmiş, cavabdehin inzibati orqan isə xx.xx.2023-cü il tarixli 3-36/2-Ə- 90xx-xx/2023/6654 nömrəli məktubla övladı İddiaçı1 atasının məcburi köçkün statusuna malik olmadığını bildirərək müraciətdən imtina edilmişdir.
4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-2108/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Qanuni nümayəndə Ağdam rayonundan məcburi köçkündür. Hazırda məcburi köçkün statusu qüvvədədir.
5. Məhkəmənin sorğusuna Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-31/2/1-98/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağdam rayonunun Yusifcanlı kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyinin 10 iyun 2024-cü il tarixli 5-31-29/2- 13/2024 nömrəli arayışına əsasən xx.xx.1989-cu il təvəllüdlü Qanuni nümayəndə məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət xx.xx.2020-ci il tarixdən dövlət qulluğunda işlədiyinə görə dayandırılmışdır. II. Məhkəmədə icraat
6. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onlara məcburi köçkün statusunu və təsdiq edən sənədin (vəsiqənin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
7. İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu il tarixdə Ağdam rayonu, Yusifcanlı kəndində anadan olmuşdur. 1993-cü ildə Ağdam rayonundan köçkün düşmüşdür. Məcburi köçkün vəsiqəsinin seriyası AA № 312078, verilmə tarixi xx.xx.2014-cü il. xx.xx.2006-cı il tarixdə icma nümayəndəsi olmayan yerli sakin Şəmkir rayon qeydiyyatında olan X5 ilə rəsmi nikah qeydiyyata alınmışdır və xx.xx.2013-cü il tarixdə Ağdam Rayon Məhkəməsi tərəfindən İş № 2(13)-535/2013 üzrə nikah pozulmuşdur. Birgə nikahlarından 3 övladları var: xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə övladı İddiaçı1 16 yaşı tamam olduğu üçün məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitənin xx.xx.2023-cü il tarixli 3-36/2-Ə-90xx-xx/2023/6654 nömrəli məktubu ilə "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə istinad edilərək övladlarına məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsindən imtina edilmişdir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi İddiaçı3 və X4 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçının atası övladına məcburi köçkün vəsiqəsinin verilməsinə dair tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının məcburi köçkün kimi məskunlaşdığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçı məhkəmə iclasına gəlməmiş,cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
18. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıların anası Qanuni nümayəndə "övladı İddiaçı1 məcburi köçkün vəsiqəsinin verilməsi" barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı yarımbəndinin tələblərinə əsasən, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirirlər ki, övladının X2 məcburi köçkün statusuna malik olmadığındn, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi Komitənin imkanı xaricindədir. Göründüyü kimi, İddiaçı3 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsilə əlaqədar Komitəyə heç bir müraciət daxil olmamışdır. İddiaçı1, İddiaçı3 və İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir. X1 rayonu, Ağlavaşlı kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı1, İddiaçı3 və İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən Xəyal oğlunun anası Qanuni nümayəndə vəsiqəyə malikdir. Qanuni nümayəndə ünvan 4i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin diqqətinə çatdırırlar ki, şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. İddiaçıların X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, "Şəmkir rayonu" olduğundan, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir.
20. İddiaçı1 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Doğum haqqında xx.xx.2008-ci il tarixli AZ-İ 020609 nömrəli şəhadətnamə; - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi; - xx.xx.2014-cü il tarixli Seriya AA 312078 nömrəli məcburi köçkün vəsiqəsi; - Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2023cü il tarixli 3-36/2-Ə-90xx-xx/2023/6654 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-2108/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-31/2/1-98/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
23. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı Ağdam rayonu, Yusifcanlı kəndində daimi qeydiyyatdadır. Onun anası Qanuni nümayəndə məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malikdir.
24. Qanuni nümayəndə övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin iddiaçının atasının məcburi köçkün statusuna malik olmadığı səbəbindən müraciətin təminindən imtina edilmişdir.
25. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır.
26. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.
27. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a görə: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. 9 sentyabr 2013-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Qərarı (X16 Reyestrinin qeydiyyat nömrəsi **********0002, X16 Reyestrinə daxil edildiyi tarix 11 sentyabr 2013-cü il) ilə 4.1.6-cı bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 4.1.6. Valideynlərindən hər ikisi “məcburi köçkün” statusuna malik olan və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara.
28. Həmin bəndə görə o halda uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.
29. Lakin dəyişikliyə qədər, yəni iddiaçının anadan olduğu dövrdə qüvvədə olan qanunvericilik aktlarında “hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan” tələbi mövcud olmamış, eyni zamanda “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsini nəzərdə tutmamışdır.
30. Məhkəmə onu da qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur.
31. Belə ki, istinad olunan Qanunda da “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmış fəsil bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir.
32. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 05 fevral 2002-ci il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 15 fevral 2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən: yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. İV. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara.
33. Göründüyü kimi, qanunvericilik yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.
34. Beləliklə, məhkəmə hesab edir ki, adıçəkilən Qaydalar məcburi köçkün statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.
35. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının atasının məcburi köçkün statusuna malik olmaması onun övladının hüquqlarını məhdudlaşdırmamalıdır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
37. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
38. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlayışlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericiliklə müəyyən əsasa malik olmalıdır. Həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcə də müvafiq şəxs üçün “çatımlı” olmalı və bunun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o hər bir fərdin öz davranışını tənzimlənməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin.
41. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.
42. İPM-in: 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı1 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva