Məhkəmə qərarları › İş №2-1(114)-1427/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1427/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1427/2025 12.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz İ dərəcəli əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müddətsiz İ dərəcəli əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Gəncə şəhərində yaşayır. Uzun müddətdir sinir ağrıları xəstəliyindən əziyyət çəkir. Həmçinin, İİ tipli şəkər xəstəsidir. Xəstəliyi ilə bağlı ona 2009-cu ildə həkim komissiyası tərəfindən xx.xx.2021-ci il tarixə kimi 2-ci dərəcəli əlillik verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdən 2 dərəcəli əlilliyi ləğv olunaraq, ona 3 dərəcəli əlillik təyin edilmişdir. Lakin iddiaçı son bir ildir ki, ağır xəstəliyə “moto-neyron” xəstəliyinə tutulmuşdur. O, hesab edir ki, həmin xəstəlik olduqca ağır xəstəlik olmaqla əlilliyin təyin olunması üçün əsasdır. İddiaçı əlilliyinin təyin olunması üçün Gəncə şəhər Birləşmiş Xəstəxanasına müraciət etmişdir. Müraciəti əsasında xx.xx.2023xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024 və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə stasionar müalicədə olmuş və toplanmış tibbi sənədlər əsasında əlilliyin qiymətləndirilməsi üçün göndəriş (Forma 88) göndərilmişdir. İddiaçı üç dəfə Bakı şəhərində əyani müayinəyə çağırılmışdır. Lakin nəticədə cavabdeh orqan tərəfindən ona imtina cavabı verilmişdir və əlillik dərəcəsi müəyyən olunmamışdır. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuzdur. Onun xəstəliyi ağır xəstəlikdir. Müayinə və müalicəyə dair tibbi sənədlərdə xəstəliyi açıq-aydın qeyd edilmişdir. Onu müayinə və müalicə edən həkimlər xəstəliyinin birinci dərəcəli əlillik üçün əsas olduğunu bildirirlər. Lakin cavabdeh orqan ona birinci dərəcəli əlillik təyin olunmasından qanunsuz imtina edir. Bir vətəndaş olaraq iddiaçının hüquqları pozulmuş və acınacaqlı vəziyyətə düşmüşdür. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Diaqnoz: İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip, ağır forma, insulindən asılı forma. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq hərəkət, yeriş funksiyasının pozulması. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşin halları İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 5 il müddətinə ümumi xəstəlik ilə əlaqədar, “Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və xroniki diskogen bel-oma radikulitinin kəskinləşməsi, iki tərəfli kökcük ağrı sindromu ilə. Sol aşağı ətrafın monoparezi L2-L3, L3-L4, L4-L5 disklərdə protruziya. L5-S1 diskdə ekstruziya, hər iki bud çanaq oynağının artrozu. Dayaq hərəkət funksiyasının pozulması” diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermək təklif olunmuş və iş üzrə prosessual müddətin bərpa edilməsi ilə bağlı əsaslandırılmış vəsatət vermək hüququ izah edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı ona müddətsiz İ dərəcəli əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə İİİ dərəcəli əlillik təyin edilmişdir. Hazırda iddiaçının hüquqi marağı həmin əlilliyin müddətinin və dərəcəsinin dəyişdirilərək ona müddətsiz İ dərəcə əlilliyin təyin edilməsidir. Bununla əlaqədar olaraq iddia tələbinin dəqiqləşdirilməsi zərurəti olmuşdur. Həmçinin qeyd olunur ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçıya əlilliyin təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar haqqında xx.xx.2022-ci il tarixdə məlumat verilmiş, hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Belə olan halda iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Ona görə də iş üzrə prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatət verilməsi zəruri olmuşdur. Qeyd edilənlərlə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə iddiaçıya xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermək təklif olunmuş və iş üzrə prosessual müddətin bərpa edilməsi ilə bağlı əsaslandırılmış vəsatət vermək hüququ izah edilmişdir. Lakin iddiaçı tərəfindən sərəncamda qeyd edilənlərlə bağlı hər hansı hərəkət edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz İ dərəcəli əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz İ dərəcəli əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar