Məhkəmə qərarları › İş №2-1(114)-1428/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1428/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1428/2025 24.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı ilk dəfə xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyin edilmişdir.

2. Cavabdeh orqan iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

3. Cavabdeh orqan iddiaçının əlillik vəziyyətini tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirərək, “Diaqnozun əlillik təyin etməməsi barədə” barədə qərar qəbul edilmişdir.

4. Cavabdeh orqan iddiaçının əlillik vəziyyətini növbəti dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, “Diaqnozun əlillik təyin etməməsi barədə” barədə qərar qəbul edilmişdir.

5. Daha sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixli yeni göndəriş rəsmiləşdirilmişdir.

6. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F06.2 – Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, Üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu; Yanaşı xəstəliklər – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər – S06.0 – Baş beyinin silkələnməsi, Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi; Yanaşı xəstəliklər – T70.0 – Qulağın barotravması, Barotravma (xx.xx.2020), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosesnsor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4.5m (dörd tamm onda beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə.

7. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə 3-17-4/3-3-4647/2024 nömrəli qərar qəbul edilmişdir.

8. xx.xx.2024-cü il tarixli göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı “T92 Yuxarı ətraf travmalarının ntəciələri” diaqnozu üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, “S.06.0 Baş beyinin silkələnməsi” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X9 adına Xəstəxanada, “F06.0 Üzvi hallyüsinoz” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X2, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X2, “F06.2 Üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X3, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X2, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə stasionar müalicələr almışdır. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona üçüncü dərəcəli müharibə əlili əlillik dərəcəsinin verilməsindən imtina edilməsi barədə ləğv edilməi və ona təyin edilmiş üçüncü dərəcəli müharibə əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 29 sentyabr 2020-ci il tarixdə ölkəmizdə elan edilmiş səfərbərliklə bağlı ordu sıralarına qatılmışdır. Müharibə zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı "Partlayış travması (xx.xx.2020), sol çiyin nahiyəsinin arxa hissəsinin qəlpə yarası" xəsarətini almışdır. (əsas: N nömrəli hərbi hissənin təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 1151 nömrəli travma haqqında arayışı). 1xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Şəmkir RMX-da "Sol çiyin nahiyəsinin arxa hissəsinin qəlpə yarası" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 2918 nömrəli çıxarış epikrizi). xx.xx.2021-ci il tarixlərində N nömrəli hərbi hissədə şəhadətləndirilərək "Hərbi xidmətə yararlıdır" qərarı verilmişdir (əsas: 1011 nömrəli arayış). xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdıır. xx.xx.2021-xx.xx.2021-ci il tarixində Gəncə şəhəri A.Səhhət adına Birləşmiş Şəhər Xəstəxanasında "Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Travmadan sonrakı ensefalopatiya. Kəllə-daxili hipertenziya və vegetativ damar paroksizmləri ilə. İkitərəfli xroniki koxlear nevrit, sağ qulaqda çox ağır dərəcə qarışıq tip, sol qulaqda neyrosensor tip eşitmə. Kəskin ifadəli asteno-nevrotik-sindrom. Sol kürək nahiyəsinin yumşaq toxumalarının qəlpə yaralanması" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 5907/1875 nömrəli çıxarış epikrizi)…/Davamı var. xx.xx.2020-xx.xx.2020-Şəmkir RMX-da; xx.xx.2021-xx.xx.2021-Gəncə şəhəri A.Səhhət adına Birləşmiş Şəhər Xəstəxanasında; xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-SN Gəncə şəhəri Xəstəxanasında; MHP-da xx.xx.2022-MN müayinə və müalicədə olmuşdur. Psixiatriya (dövlət səhiyyə sistemi müəssisəsini, hərbi-tibb müəssisəsini vo orada olma müddətini göstərməli). Obyektiv müayinənin məlumatları: düzgün bədən quruluşludur. Fiziki inkişafı, qidalanması kafidir. Dəri örtüyü və görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy izafi inkişaf etmişdir. Periferik limfa vəzləri böyüməmişdir. Hər iki ağciyər tənəffüsdə simmetrik iştirak edir. Perkussiya zamanı ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. Ürəyin hüdudları normal, tonları aydın, A/T 110/70 mm cv.st. Nəbzi ritmik, dəqiqədə sayı 78 vurğudur. Dili nəmdir, təmizdir. Qarnı yumşaq, palpasiya zamanı ağrısızdır. Bel nahiyəsinə döyəcləmə hər iki tərəfdə ağrısızdır. Fizioloji aktlar sərbəst, adekvatdır. Psixi status: Huşu aydındır, bələdliyi bütün növlər üzrə saxlanılıb. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Ünsiyyətə həvəssiz daxil olur. Əhval- ruhiyyəsi dəyişkəndir. Emosional labildir. Zahirən narahatdır. Davranışı qeyri-adekvatdır. İntelekti aldığı təhsilə uyğundur. Maraq dairəsi öz şəxsiyyətinə bağlıdır. Yaddaşı pozulub. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd edilmir. Zehni inkişaf səviyyəsi yaşına və keçirdiyi həyat tərzinə uyğundur. Nevroloji status: Yuxarı Kerer nöqtələri ağrılıdır. Romberq vəziyyətində səndələyir, əllərin tremoru qeyd olunur. Piçiltı nitqini sağ qulaqda 4,5 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə diaqnozları qoyulmuşdur. Ona üçüncü dərəcəli müharibə əlili əlillik dərəcəsinin verilməsi üçün cavabdeh təşkilata müraciət etsə də, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarla diaqnozun öz təsdiqini tapmaması səbəbindən ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən onun həqiqətən yuxarıda qeyd etdiyi diaqnozlardan əziyyət çəkdiyi sübut edilir. Cavabdeh orqan tərəfindən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi barədə qərar tamamilə qanunsuzdur.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

12. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.

16. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçınnı nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024 tarixdə əyani müayinədə olmuş Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bu səbəbdən iddia ərizəsinin qeyri mümkün hesab edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirlər. “Diaqnozun mətni: Üzvi sayıqlama [şizofreniyayabənzər] pozğunluğu.Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi. Barotrvama (xx.xx.2020), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4.5m (dörd tam onda beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q21 - Ürək ara... Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q21 - Ürək ara... əməliyyatından sonrakı vəziyyət.. diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2024-cü il tarixli yeni göndəriş; - Xəstəlik tarixindən çıxarışlar; - Məhkəmənin sorğusuna əsasən əldə edilmiş iddiaçının tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

27. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilk dəfə xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyin edilmişdir.

28. Cavabdeh orqan iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

29. Cavabdeh orqan iddiaçının əlillik vəziyyətini tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirərək, “Diaqnozun əlillik təyin etməməsi barədə” barədə qərar qəbul edilmişdir.

30. Cavabdeh orqan iddiaçının əlillik vəziyyətini növbəti dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, “Diaqnozun əlillik təyin etməməsi barədə” barədə qərar qəbul edilmişdir.

31. Daha sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixli yeni göndəriş rəsmiləşdirilmişdir.

32. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F06.2 – Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, Üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu; Yanaşı xəstəliklər – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər – S06.0 – Baş beyinin silkələnməsi, Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi; Yanaşı xəstəliklər – T70.0 – Qulağın barotravması, Barotravma (xx.xx.2020), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosesnsor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4.5m (dörd tamm onda beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə.

33. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə 3-17-4/3-3-4647/2024 nömrəli qərar qəbul edilmişdir.

34. xx.xx.2024-cü il tarixli göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı “T92 Yuxarı ətraf travmalarının ntəciələri” diaqnozu üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, “S.06.0 Baş beyinin silkələnməsi” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X9 adına Xəstəxanada, “F06.0 Üzvi hallyüsinoz” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X2, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X2, “F06.2 Üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X3, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X2, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə stasionar müalicələr almışdır.

35. Göründüyü kimi, iddiaçıya ilkin əlillik təyinatının aparılması üçün tibb müəssisəsi tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Hansı ki, ilkin əlillik təyinatı zamanı göndərişin rəsmiləşdirilməsi üçün iki şərt vardır (göndəriş verildiyi zaman qüvvədə olan qanunvericilik normalarına əsasən): 1) şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 2) şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir).

36. Yəni, normanın məzmunundan göründüyü kimi, şəxs barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi üçün ya eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması, lakin həmin müalicəyə baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması tələb olunur.

37. Hazırkı işdə isə iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişə nəzər saldıqda iddiaçının ambulator müalicəsinin olmaması, stasionar müalicəsinin isə son 12 ay ərzində (xx.xx.2024-cü il tarixdən əvvəlki son 12 ay) “F07.0” və “F06.2” diaqnozları üzrə cəmi 92 gün olması müəyyən edilir ki, bu da 6 aydan azdır.

38. Hansı ki, qanunvericinin həmin normanın müəyyən edilməsində məqsədi ondan ibarət olmuşdur ki, şəxs reabilitasiya (yaxşılaşma, sağalma) üçün müalicə imkanlarından istifadə etmiş və tükətmiş olsun, yəni həmin xəstəlik üzrə uzun müddət müalicə olunmasına baxmayaraq, həmin xəstəlik onda sağalmamış və davam edən vəziyyətdə olsun.

39. Lakin hazırkı vəziyyətdə iddiaçının barəsində göndəriş rəsmiləşdirilərkən həmin şərtə əməl edilmədiyi, başqa sözlə bütün müalicə imkanlarından istifadə etməsi və tükətmiş olması müəyyən edilmir.

40. Eyni zamanda, iddiaçının barədə rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş və əlillik təyinatına əsas verən əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu və yanaşı xəstəlik – F06.2 – Üzvi sayıqlama (şizofreniyayabənzər” pozğunluğu olmuşdur. Hansı ki, həmin xəstəliklərin heç bir müddət gözlənilmədən göndəriş rəsmiləşdirilməsi nəzərdə tutulan (Qaydaya 1 nömrəli əlavədə qeyd olunan) xəstəlik deyildir.

41. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə:

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə: Bənd 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

44. Yekunda, məhkəmənin qənaətinə görə, iddiaçıda adıçəkilən Qaydaya 1 nömrəli əlavədə qeyd olunan (müddət gözlənilmədən göndəriş verilən) xəstəliklərin olması müəyyən olunmadığından ona göndərişin verilməsi üçün yuxarıda qeyd edilən Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddətlər (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması) gözlənilməlidir. Xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar iddiaçının müalicə müddətinin az olması ona əlillik dərəcəsinin təyini üçün yetərli deyildir.

45. İddiaçının özü tərəfindən yuxarıda qeyd olunan müddətlərdə ambulator və stasionar müalicə alması barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir.

46. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

47. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar