Məhkəmə qərarları › İş №2-1(114)-143/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-143/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-143/2023 11.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X6, X1, X2, X5, X12, X7 və X8) “Göygöl rayonu, Üçtəpə kəndi üzrə pay torpaq sahəsinə aid adlı siyahıda adının qeyd olunmasını nəzərə alaraq torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 nömrəli qərarı ilə Xanlar rayonu Üçtəpə kəndində torpaq islahatının aparılması ilə əlaqədar olaraq yaradılmış Komissiyanın xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərarı təsdiq edilmişdir. "xxxx" MMC-nin arxivində saxlanılan pay torpaq sahələrinə dair islahat sənədlərinə əsasən xx.xx.2001-ci il tarixli, 01 nömrəli qərar ilə təsdiq edilmiş subyektlər siyahısında İddiaçı (bundan sonra mətndə - iddiaçı) adı vardır. Həmin adlı siyahının təsdiqlənmiş çıxarışına əsasən hüquqi sənədlə 0,08 ha torpaq sahəsi verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək Göygöl rayonu, Üçtəpə kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********24 nömrəli məktubla bildirmişdir ki, aparılan araşdırma zamanı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair” JN-566 saylı dövlət aktı iddiaçının adına göstərilsə də, dövlət aktlarının qeydiyyatı kitablarında JN-566 saylı dövlət aktı qeydiyyata alınmamış və belə bir dövlət aktın nüsxəsi cavabdehə təhvil verilməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 14 nömrəli qərarına əsasən Xanlar rayonu Üçtəpə kəndinin ərazisindən ona verilmiş 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 14 nömrəli qərarına əsasən Xanlar rayonu Üçtəpə kəndinin ərazisindən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir və torpaq sahəsi həmin vaxtdan indiyədək onun istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də sonuncu bundan imtina etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2021-ci il tarixli, **********52 nömrəli etirazında imtina əsaslarını təkrarlamışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(114)-361/2021 nömrəli qərarı (hakim F.Hüseynov) ilə iddia qismən təmin edilmiş, Xanlar rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə İddiaçı ayrılmış və sonuncunun faktiki istifadəsində olan 0.08 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınması öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan verilmiş cavabdehin apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-52/2022 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(114)-361/2021 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün qaytarılmışdır. Məhkəmə prosesi gedişində iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Göygöl rayonu, Üçtəpə kəndi üzrə pay torpaq sahəsinə aid adlı siyahıda adının qeyd olunmasını nəzərə alaraq torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Cavabdeh həmin tələbə dair iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli, 3-21-3- 33/2-M-0108-8/2023 nömrəli məktubla imtina cavabı verərək bildirmişdir ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,12 ha torpaq sahəsinə iddiaçının iştirakı ilə yerində müayinə baxışı aparıldı və faktiki torpaq sahəsinin koordinatları götürüldü. Həmin torpaq sahəsinin koordinatlarının başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü səbəbindən torpaq sahəsinə plan və ölçü sənədinin hazırlanması mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, aqrar islahat zamanı ona kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, lakin dövlət aktı verilən zaman başqa şəhərdə olmuş, daha sonra səhlənkarlıq edib dövlət aktını almamışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X3 etiraz və imtina əsaslarını müdafiə etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıya aqrar islahat zamanı torpaq sahəsinin verilməsi barədə məlumat var, adlı siyahıda onun adı var, ancaq iddiaçı aqrar islahatdan sonra müraciət edərək dövlət aktı almamış və ya ümumiyyətlə adına dövlət aktı tərtib edilməmişdir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Ümumiyyətlə, mübahisəli torpaq sahəsinin yerləşdiyi Göygöl rayonu, Üçtəpə kəndində mülkiyyətçilərin əksəriyyətində sənədlərindəki torpaq sahəsi ilə faktiki istifadə etdikləri torpaq sahələri üst-üstə düşmür. Gərək bütün vətəndaşlar ərizə verə ki, bu hal aradan qaldırılsın. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2299/2022 nömrəli qərardadı ilə X11, X6, X1, X2, X5, X12, X7 və X8 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Üçüncü şəxslər məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair münasibət bildirməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində deyilir ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində deyilir ki, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Həmin Qanunun 21-ci maddəsinin dördüncü hissəsində deyilir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 7.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 8.0-ci maddədə göstərilir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 14 saylı Qərarına əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq paylarının yerquruluşu layihələri hazırlanmış, lakin iş üzrə iddiaçının adına torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilməmişdir. Halbuki, həmin dövrdə qüvvədə olan Əsasnamədə qeyd olunur ki, təsdiq olunmuş kompleks yerquruluşu layihəsi əsasında püşkatma yolu ilə torpaq paylarının mülkiyyətçiləri müəyyən olunur və onlara düşən torpaq payları qanunvericiliklə müəyyən edilmiş qaydada yer üzərində (naturada) mərzlərlə ayrılır , eləcə də həmin torpaq sahəsi üzrə torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq torpaq mülkiyyətçilərinə verilir (4-cü bənd). Müəyyən olunmuş qaydada torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq mülkiyyətçilərinə 10 gün müddətində verilir (5-ci bənd). Hazırda cavabdeh qurumun baza məlumatlarında, eləcə də "xxxx" MMC-nin arxivində saxlanılan pay torpaq sahələrinə dair islahat sənədlərində iddiaçının aqrar islahatın subyekti olması və ona 0,08 ha torpaq sahəsinin verilməsi halı öz təsdiqini tapır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxil edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»n 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaq sahəsinin planı və ölçüsünün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; 2-ci bəndinə görə nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, iddiaçya aqrar islahat zamanı torpaq sahəsi verildiyinə və iddiaçının adı adlı siyahıda qeyd olunduğu halda «Torpaq sahəsinin planı və ölçüsü»nün verilməsi mütləqdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmiş və bu imtinasını faktiki və hüquqi baxımdan əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Qanunun 15.1 və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı Göygöl rayonu, Üçtəpə kəndi üzrə pay torpaq sahəsinə aid adlı siyahıda adının qeyd olunmasını nəzərə alaraq 0,08 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar