Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-143/2025 19.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, X6 katibliyi, iddiaçı X1 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: X2 (bundan sonra mətndə - iddiaçı) xx.xx.1952-cı ildə anadan olmuş, hazırda ünvan 1i ünvanında yaşayır. ИT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı Xanlar rayonu “Vaqif” adına heyvandarlıq tərəvəzçilik sovxozunda 1991-ci il üzrə 7 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1997-ci il üzrə 7 ay, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrləri əks olunmuşdur. İddiaçının pensiya təyini üçün cavabdehə müraciətinə xx.xx.2023-ci il tarixli, məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 7-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olan tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Təqdim edilmiş sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 35 il 2 ay 7 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3.942,72 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvələ) 285,95 manat müəyyən edilib. Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021 -ci il tarixindən 318,55 manata çatdırılıb. Qanunun 37.3.1 -ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, pensiya təyin olunduqdan sonra 6 il işlədiyiniz üçün xx.xx.2015-ci il tarixindən xx.xx.2021 -ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 12.776,40 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 496,00 manat müəyyən edilib. Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 512,86 manata çatdırılıb. Qanunun 37.3.1 -ci maddəsinə əsasən bildirilir ki, xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3.210,48 manat pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 557,45 manat müəyyən edilib. Qanuna 01.01,2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği xx.xx.2023-cü il tarixindən 574,11 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 658,51 manata çatdırılıb. Müraciətə cavab olaraq bildirilir ki, 1973-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək Ermənistan SSR-nin Amasiya rayonunun “Əzizbəyov” kolxozunda və 24.033.1984-cü il tarixindən 25.01,1989-cu il tarixinədək Qax rayonunun “Üzümçülük” sovxozunda olan əmək fəaliyyəti dövrləri əmək pensiyasının yenidən hesablanması zamanı sığorta stajına daxil edilib. Eyni zamanda bildirilir ki, ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən) hesablanmış fərq məbləği pensiyanın üzərinə əlavə edilməklə ona ödəniləcəkdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun yaşa görə əmək pensiyasının yenidən hesablanması və 17 il əmək stajının sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məlum hadisələr zamanı Ermənistan SSR-dən zorla qovulmuşlar və o, Amasiya rayonundan məcburi qaçqın statusu ilə Azərbaycana gəlib məskunlaşmışdır. xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyasına çıxmış və çıxarkən pensiya sənədləri Göygöl rayon DSMF-də rəsmiləşdirilib. Cavabdehə ərizə ilə müraciət edib pensiyasının yenidən hesablanmasını və 1973-cu il tarixindən xx.xx.1984-cü il tarixinədək Ermənistan SSR-nin Amasiya rayonunun Əzizbəyov kolxozunda və xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək Qax rayonunun Ümüzçülük Sovxozunda işlədiyi 17 illik əmək stajının sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin imtina məktubu poçt vasitəsi ilə ona çatdırılıb. Məktubda göstərilir ki, 1973-cu il tarixdən xx.xx.1984-cü il tarixinədək Ermənistan SSR-nin Amasiya rayonun “Əzizbəov” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixinədək Qax rayonunun “Üzümçülük” sovxozunda olan əmək fəaliyyəti dövrləri əmək pensiyasının yenidən hesablanması zamanı sığorta stajına daxil edilib. Eyni zamanda ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən) hesablanmış fərq məbləği pensiyasının üzərinə əlavə edilməklə ona ödəniləcəkdir. Cavabdan göründüyü kimi 17 il əmək stajının soaial sığorta stajına neçənci ildə daxil edilməsi göstərilməyib və o, 2015-ci ildə pensiyaya çıxan zaman Ermənistan SSR-nin Amasiya rayonunun Əzizbəyov kolxozunda və Qax rayonunun Ümüzçülük Sovxozunda işlədiyi 17 il iş stajı sosial sığorta stajına daxil edilmiş olsaydı yüksək məbləğdə ona pensiya təyin edilmiş olardı. Cavabdehin imtina məktubunda qeyd edilir ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 35 il 02 ay 07 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3942, 72 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvələ) 285,95 manat müəyyən edilib. Cavabın özündən məlum olur ki, ümumiyyətlə pensiya kapitalı düzgün hesablanmayıb və 17 il staj sosial sığorta stajına daxil edilməyib. Ona görə də hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi məqsədə müvafiqdir. Cavabdeh orqanın iddiaya qarşı ünvanladığı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2015-ci il tarixdə qüvvədə olan tələblərinə əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunan qanunvericilik normasına və iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən 1973-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Ermənistan SSR-nin Amasiya rayonunun "Əzizbəyov" kolxozunda və 24.033.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Qax rayonunun "Üzümçülük" sovxozunda olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 35 il 2 ay 7 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3.942,72 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvələ) 285,95 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavalarlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ilkin artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 318,55 manata çatdırılmışdır. İddiaçı pensiya təyin olunduqdan sonra 6 il işlədiyi üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12.776,40 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 496,00 manat müəyyən edilib. Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 512,86 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən bildirilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3.210,48 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 557,45 manat müəyyən edilmişdir. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 574,11 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 658,51 manata çatdırılmışdır. Qeyd olunanlara əsasən bildirilirk ki, İddiaçı yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı "yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməməlidir. Daha sonra cavabdeh orqan etiraza əlavə təqdim etmişdir. Etiraza əlavə onunla əsaslandırılmışdır ki,İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən Fondun keçmiş Göygöl rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İlkin təyinat zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı xx.xx.1970-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991 -ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001 -ci il tarixdən 01.01 2006-cı il tarixədək olan dövrlər nəzərə alınmaqla 35 il 2 ay 7 gün hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı İddiaçı barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı əmək pensiyası yenidən hesablanarkən onun təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1970-ci il tarixdən xx.xx.1970-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989cu il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü, 1973-cü ildən xx.xx.1981 -ci il tarixədək 8 il kolxozdakı əmək fəaliyyəti dövrü, Fondun Gəncə-Daşkəsən regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən əmək haqqı qeydə alınmış 1991 -ci il üzrə 5 ay, 1992-ci il üzrə 12 ay, 1993-cü il üzrə 10 ay, 1994-cü il üzrə 11 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 12 ay, 1997-ci il üzrə 5 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 30 il 9 ay 29 gün sığorta stjaı hesablanmışdır. İddiaçı xx.xx.2006-cı il tarixədək 30 il 9 ay 29 gün sığorta stajına əsasən hesablanan pensiya kapitalı: (30+(9+29/30)/12)x 170=5241,19 Həmin kapitalının xx.xx.2015-ci il tarixə indeksləşdirilmiş məbləği 9724,06 manattəşkil edir. Həmçinin iddiaçının İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək qeydə alınmış 9878,56 manat (2024-cü il tarixə indeksləşdirilmiş məbləğ) pensiya kapitalının xx.xx.2015-ci il tarixə indeksləşdirilmiş məbləği 3098,35 manat təşkil etmişdir. PSK - 9724,06+3098,35=12822,41 SH - 12822,41/144=89,04 Pensiyanın ümumi məbləği: xx.xx.2015 - 89,04+100 (baza hissə)=189,04 xx.xx.2016 - 89,04+89,04x4%+100 (baza hissə)=192,61 xx.xx.2016 - 92,61+110 (baza hissə)=202,61 xx.xx.2017 -92,61+92,61x12,4%+110 (baza hissə)=214,10 xx.xx.2018 - 214,10+214,10x5,7%=226,30 xx.xx.2019-26,30+226,30x3%=233,15 xx.xx.2020- 233,15+233,15x16,6%=271,85 xx.xx.2021- 271,85+271,85x11,4%=302,84 İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində 16893,97 manat (2024-cü il tarixə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Həmin kapitalın 2021 -ci il tarixə indeksləşdirilmiş məbləği 12776,4 manat təşkil edir. Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə əsasən, vətəndaşa pensiya təyin olunduqdan sonra 6 il işlədiyi üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 12776,4 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 480,29 manat müəyyən edilmişdir: SH- 12776,4/72=177,45 xx.xx.2021 -302,84+177,45=480,29 xx.xx.2022-480,29+480,29x3,4%=496,61 İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində 3978,67 manat (2024-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Həmin kapitalın 2022-ci il tarixə indeksləşdirilmiş məbləği 3210,59 manat təşkil edir. Qanunun 37.3.1 -ci maddəsinə əsasən vətəndaş xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 3210,59 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022- ci il tarixdən 541,2 manat müəyyən edilib. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği 01.01 2023-cü il tarixdən 557,87 manat müəyyən edilib: 541,20+(200/12)= 557,87 manat Eyni zamanda Qanunun 29.1 -ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 711,53 manata çatdırılmışdır: xx.xx.2023-557,87+557,87x14,7%=639,87manat xx.xx.2024 639,87+639,87x11,2%=711,53 Fondun Gəncə-Daşkəsən regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən İddiaçı Xanlar rayonu “Vaqif” adına heyvandarlıq-tərəvəzçilik sovxozunda 1991-ci il üzrə 7 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1997-ci il üzrə 7 ay əməkhaqqı qeydə alınmadığından həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Əməkhaqqı cədvəllərində əməkhaqqı barədə məlumatın aşkar olunmaması sözügedən dövrlərdə iddiaçının əməkhaqqı almadığını təsdiq edir və qanunvericiliyə əsasən iddiaçının əməkhaqqı almadığı dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. İddiaçı X2 və cavabdehin nümayəndəsi X5 məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,cavabdeh orqanın 3-17-1/1-F-83727/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və onun Xanlar rayonu “Vaqif” adına heyvandarlıq tərəvəzçilik sovxozunda 1991-ci il üzrə 7 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1997-ci il üzrə 7 ay, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin imtinası, iddiaçıya məxsus ИT-İ № ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti və digər sənədlər təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Hazırda irəli sürülmüş iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında və 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı onun əmək pensiyası hüququnun yarandığı xx.xx.2021-ci il tarixindən əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçı həmin dövrlərdə fəaliyyət göstərən müəssisədə işləməsi ilə bağlı əmək kitabçasını təqdim etmişdir. İddiaçının sığorta stajı iş materiallarında olan sənədlər qeyd edilən dövr ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə araşdırması zamanı görünür ki, iddiaçı Xanlar rayonu “Vaqif” adına heyvandarlıq tərəvəzçilik sovxozunda 1991-ci il üzrə 7 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1997-ci il üzrə 7 ay, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrlərdə işləyib. Qeyd olunan dövrlər iddiaçının əmək kitabçasında öz əksini tapmışdır. Qeyd olunan dövrlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut cavabdeh orqan tərəfindən təqdim edilməmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edilir. Cavabdeh orqan əmək kitabçasında qeyd olunmuş dövrlərin mötəbərliyini şübhə altına alan hər-hansı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinin 1-ci hissəsində qeyd olunur ki, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir Eyni zamanda, məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının 3-17- 1/1-F-83727/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, X1 Xanlar rayonu “Vaqif” adına heyvandarlıq tərəvəzçilik sovxozunda 1991-ci il üzrə 7 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1997-ci il üzrə 7 ay, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-143/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-143/2025
19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver