Məhkəmə qərarları › İş №2-1(114)-1430/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1430/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1430/2021 29.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 29.06.2020-ci il tarixli **********1475 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 29.06.2020-ci il tarixli **********1471 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. 02 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış şikayət ərizəsindən məlum olur ki, iddiaçı qeyd edilən tarixdə hazırda mübahisələndirdiyi qərarların ləğv edilməsi ilə bağlı yuxarı inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23.09.2020-ci il tarixli, **********737100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarından görünür ki, fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarəti tədbirin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiy 02.07.2020-ci il tarixli inzibati şikayəti təmin edilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 10.09.2020-ci il tarixli, e-2-2(115)-665/2020 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, vergi borcu ödənilənədək maraqlı şəxs İddiaçı (doğulduğu tarix-08 dekabr 1978-ci il, doğulduğu yer- Azərbaycan, Samux, Ağasıbəyli kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – 4DJEB3Q şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi –AZE AA 1190111) ölkədən getmək hüqüqü müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.06.2020-ci il tarixli, **********1475 saylı və 29.06.2020-ci il tarixli **********1471 saylı qərarların ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 29.06.2021ci il tarixli sərəncam göndərilərək 29 iyun 2020-ci il tarixli **********1475 və **********14711 nömrəli qərarlarının ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizənin tərtib edilərək 27.07.2021-ci il tarixədək təqdim olunması tövsiyə olunmuşdur. Məhkəmənin sərəncamı 06.07.2021-ci il tarixdə iddiaçıya təqdim edilmiş, lakin iddiaçı məhkəmənin sərəncamında qeyd edilən tələblərə riayət etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyi üçün İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən mümkün hesab edilməməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçı tərəfindən mübahisələndirilən 29.06.2020-ci il tarixli **********1471 nömrəli qərar cavabdehin 29.06.2020-ci il tarixli **********355800 nömrəli məktubu ilə 30.06.2020-ci il tarixdə iddiaçıya məxsus elektron kabinetə göndərilmiş, onun tərəfindən 01.07.2020-ci il tarixdə qəbul edilmişdir. 29.06.2020-ci il tarixli **********1475 nömrəli qərar cavabdehin 29.06.2020-ci il tarixli **********357200 nömrəli məktubu ilə 30.06.2020-ci il tarixdə iddiaçıya məxsus elektron kabinetə göndərilmiş, onun tərəfindən 01.07.2020-ci il tarixdə qəbul edilmişdir. Sözügedən qərarların təqdim edildiyi tarix 06.07.2020-ci il tarixləri olmuşdur. Həmçinin sözügedən qərarlar iddiaçıya poçt vasitəsi ilə də göndərilmiş və iddiaçı tərəfindən 10.07.2020-ci il tarixində şəxsən qəbul edilmişdir. İddiaçının mübahisələndirilən qərarlardan şikayət verməsi üçün son tarix 04 avqust 2020-ci il olmuşdur. İddiaçı tərəfindən məhkəmə qaydasında qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməklə 14 iyun 2021-ci il tarixli iddia ərizəsi ilə mübahisələndirilmişdir. İddiaçı iddia ərizəsində qanunvericiliklə ötürdüyü müddəti etiraf etmiş və həmin müddətin yuxarı instansiya orqanına şikayət verildiyi üçün üzrlü sayılmasını məhkəmədən xahiş etmişdir. Bu mənada qeyd edilməlidir ki, mübahisələndirilən qərarların iddiaçı tərəfindən qəbul edilməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən 02.07.2020-ci il tarixdə 29.06.2020-ci il tarixli **********1471 və **********1475 nömrəli qərarların ləğv edilməsi üçün yuxarı inzibati orqana elektron qaydada müraciət etmişdir. Həmin şikayət əsasında işə baxılmış və “İnzibati şikayətin təmin edilməməsi haqqında” 23.09.2020-ci il tarixli **********737100 nömrəli qərar qəbul edilmişdir. İddiaçı 02.07.2020-ci il tarixli şikayətində müraciətinin cavabının onlayn kargüzarlıq vasitəsilə elektron qaydada təqdim edilməsini istədiyi üçün sözügedən qərar 24.09.2020-ci il tarixli **********337600 nömrəli məktubla həm də iddiaçının elektron kabinetinə göndərilmişdir. “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”a əsasən qeyd olunur ki, həmin məktubla göndərilən 23.09.2020-ci il tarixli **********737100 nömrəli qərarla İddiaçı 01.10.2020-ci il tarixdə məlumatı olmuşdur. Həmçinin iddiaçının 28.08.2020-ci il tarixə dövlət büdcəsinə yaranmış 18856 manat məbləğində, o cümlədən vergilər üzrə 225.6 manat, faizlər üzrə 1.35 manat, maliyyə sanksiyası üzrə 18629,56 manat məbləğində borcuna görə onun ölkədən germək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair müvafiq ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Sözügedən tələblə bağlı keçiriləcək məhkəmə iclası barədə İddiaçı lazımi qaydada məlumatlandırılmışdır. 10.09.2020-ci il tarixli e-2-2(115)-665\2020 saylı məhkəmə qətnaməsi 21.09.2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçının 18629,56 manat məbləğində maliyyə sanksiyası üzrə borcu məhz mübahisələndirilən inzibati aktlardan formalaşmış borcdur. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi qərarlardan şikayət verilməsi müddətinin ötürülməsinin üzrlü sayılmasını yuxarı inzibati orqana şikayət verməsi ilə əlaqələndirsə də, 01.10.2020-ci il tarixində müraciətinin nəticəsindən xəbəri olmuş, həmin vaxtdan 10 ay sonra onun üçün vergi öhdəliyi yaradan qərarları mübahisələndirmişdir. İddiaçıya məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. İş üzrə iddiaçının məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İşdə olan «Vergi ödəyicisi ilə yazışmalar barədə hesabat»lardan məlum olur ki, 29.06.2020-ci il tarixli **********1471 nömrəli və 29.06.2020-ci il tarixli **********1475 nömrəli qərarlar cavabdehin 29.06.2020-ci il tarixli **********355800 nömrəli məktubu ilə 30.06.2020-ci il tarixdə iddiaçıya məxsus elektron kabinetə göndərilmiş, onun tərəfindən 01.07.2020-ci il tarixdə qəbul edilmişdir. İşdə olan 21 iyul 2020-ci il tarixli «verilən poçt göndərişlərinin siyahısı»ndan görünür ki, hazırda mübahisələndirilən qərarlar İddiaçı poçt vasitəsilə göndərilmiş, 10.07.2020-ci il tarixli sonuncuya çatdırılmışdır ("xxxx" MMC-nin X3 filialının 26.07.2021-ci il tarixli, önc- 6/345 saylı məktubu). İşdə olan «Poçt göndərişin verilməsi haqqında xəbərnamədən» məlum olur ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-665/2020 saylı qətnaməsi 17.09.2020-ci il tarixdə İddiaçı qeydiyyatda olduğu ünvan üzrə çatdırılmışdır. Göründüyü kimi, iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş qərarları – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizəni məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar