Məhkəmə qərarları › İş №2-1(114)-1430/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1430/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1430/2024 30.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı şəhadətləndirilməsi və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun İ Qarabağ müharibəsi zamanı "Özünü müdafiə dəstələrinin" tərkibində döyüş əməliyyatlarında yaralanmağını nəzərə almaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndəriş vərəqinin düzgün tərtib edilməsi, "Özünü müdafiə dəstələrinin" tərkibində döyüş əməliyyatlarında yaralanmağının qeyd edilməsi və Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında şəhadətləndirilməsinə dair öhdəliyin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun İ Qarabağ müharibəsi zamanı "Özünü müdafiə dəstələrinin" tərkibində döyüş əməliyyatlarında yaralanmağı və təqdim etdiyi sənədlər nəzərə alınmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında şəhadətləndirilməsi müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1430/2024 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İ Qarabağ müharibəsi zamanı azyaşlı olmasına baxmayaraq Ağdam rayonu Şelli özünümüdafiə dəstəsində Qurdlar kəndi yüksəkliyində döyüşlər zamanı yaxınlığına düşən mərmidən yaralanaraq kəllə beyin travması və digər xəsarətlər almışdır. Yaralanmağı haqqında arayış epikrizi də mövcuddur. Yaralanaraq kəllə beyin travması aldığına görə TSEK tərəfindən əlilliyi təsdiqlənərək ona 3-cü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1211/2023 saylı qərarından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidməti tərəfindən müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunmuşdur. Həmin qərarda döyüş əməliyyatlarında iştirakı ilə yanaşı, təqdim etdiyi sənəd, epikriz və Ağdam Rayon İcra Hakimiyətinin təqdim etdiyi sənədlərlə döyüş əməliyatı zamanı yaralanma faktı öz təsdiqini tapmışdır. Döyüş əməliyatlarında yaralandığına görə rəsmi müraciətinə əsasən qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən göndərilmiş rəsmi məktuba əsasən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 müayinə olunmuşdur. Hərbi Həkim Ekspertlərinin müayinələrindən sonrakı rəyinə əsasən döyüş əməliyatlarında yaralanmağı təqdim etdiyi sənədlərlə uyğunluq təşkil edərək döyüşlərdə yaralanmağı öz təsdiqini tapmışdır. Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Tayon şöbəsinə təkrar ərizə və ona əlavə edilmiş qoşma sənədlərlə (döyüşlərdə yaralanmağı haqqında epikriz, arayış, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 akt və yaralanmağı haqqında məhkəmə qərarı) müraciət edərək döyüş əməliyatlarında yaralandığına görə Şəhadətləndirilməyi üçün Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasına göndəriş vərəqi verilməsini xahiş etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən ona natamam doldurulmuş (arayış, epikriz, Müdafiə nazirliyi məhkəmə tibbi ekspertiza və X4 aktı, döyüşlərdə yaralanmağı barədə Məhkəmə qərarı) və xüsusi qeydlər edilməmiş göndəriş vərəqi verildikdən sonra şəhadətləndirilməyi üçün Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasına müraciət etmişdir. Şəhadətləndirilməyi üçün Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasına göndəriş vərəqini və əlavə olaraq döyüşlərdə yaralanmağı barədə epikriz arayış, Ali Məhkəmənin qərarı və Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 döyüşlərdə yaralanmağı haqqında akt sənədlərini onlara təqdim etmişdir. Ona rəsmi və şifahi cavab olaraq bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasında yalnız hərbi xidmət zamanı yaralanmış, xəsarət almış şəxslər və hərbi xidmət zamanı digər qazanılmış xəstəliklərə görə hərbi qulluqçular şəhadətləndirilir. Əlavə olaraq ona bildirilmişdir ki, özünü müdafiə dəstəsində iştirakını hərbi xidmət kimi yazdırdığı halda hərbi həkim komissiyası tərəfindən şəhadərləndirilə bilər. Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hüquq şöbəsinin qəbulunda olmuş, şəhadətləndirilməyi üçün verilən natamam doldurulmuş göndəriş vərəqinin surətini onlara göstərmiş və özünü müdafiə dəstələri tərkibində döyüşlərdə iştirakını xidmət kimi yazmalarını xahiş etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ona cavab olaraq bildirilmişdir ki, özünü müdafiə dəstələrində döyüş əməlyatlarında iştirakı, döyüşlərdə yaralanmağı və Müharibə veteranı statusunun olması hərbi xidmət sayıla bilməz və Hərbi həkim komissiyasında Şəhadətləndirilmək üçün verilmiş göndəriş vərəqi düzgün tərtib edilərək ona verilmişdir. Belə olan halda iddiaçı hüquqlarının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası tərəfindən pozulması qənaətinə gələrək məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 314 nömrəli etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında" Əsasnamənin 7.4-cü maddəsinə əsasən, "hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınması şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Azərbaycan Respublikası SHXÇDX-nın Ağdam rayon şöbəsinin İddiaçı dair xx.xx.2023-cü il tarixli, 1317 nömrəli hərbi xidmət keçmə arayışında onun xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçdiyi göstərilmişdir. Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.1992-ci il tarixli arayışında isə İddiaçı xx.xx.1992-ci ildə xəsarət aldığı qeyd olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında" Əsasnamənin 1.2-ci maddəsinin tələblərinə əsasən, Mərkəzi Hərbi Həkim Komissiyası vətəndaşların yalnız hərbi xidmət dövründə aldıqları xəsarət və xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsini təyin edir. Lakin, İddiaçı aldığı xəsarəti (xx.xx.1992) isə hərbi xidmət dövrünə (xx.xx.1995xx.xx.1998) aid etmək mümkün olmamışdır. Bu səbəbdən də Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı yaralanmasının hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 30 aprel 2024-cü il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə baxışı iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2023-cü il tarixli Rəyindən görünür ki, İddiaçı başının sol ənsə-təpə nahiyəsində olan iki ədəd çapıq toxumalar1,5-2 ildən çox olan müddət ərzində əmələ gəlmiş yaranın sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlməsi inkar edilmir, o cümlədən 1992-ci ilin yanvar ayının 17-də döyüş əməliyyatları zamanı yetirilməsi inkar edilmir və aşkar olunan əlamətlərlə yaralanma tarixi uyğunluq təşkil edir. - Azərbaycan SSR Ağdam rayon kənd sovetinin 15 fevral 1992-ci il tarixli və Azərbaycan SSR Səhiyyə Nazirliyinin 25 yanvar 1992-ci il tarixli Arayışlarının surətlərindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Qurdlar kəndi yüksəkliyində gedən döyüşlərdə post yaxınlığına düşən mərmidən yaralanaraq kəllə-beyin travması və digər xəsarətlər almış və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək ambulator müalicədə olmuşdur. - Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti başçısının Qasımlı kənd İƏD üzrə nümayəndəliyinin 27 mart 2021-ci il tarixli, 15 nömrəli 1988-1991-ci il tarixlərdə Qarabağ hadisələri zamanı özünümüdafiə dəstələrində iştirak edən şəxslərin adlı siyahısından müəyyən olunur ki, İddiaçı həmin dəstələrdə iştirak etmişdir. - Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, Arayışından görünür ki, İddiaçı xx.xx.1995-xx.xx.1998-ci il tarixlərdə 888, N və N nönrəli hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.1998-ci il tarixdə ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1211/2023 nömrəli Qərarı ilə İddiaçı "müharibə veteranı" adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1211/2023 nömrəli Qərarından və digər sənədlərdən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixə qədər müddətli həqiqi hərbi xitmətdə olmasına baxmayaraq o, xx.xx.1992-ci il tarixdə də döyüşlərdə iştirak etmiş, Qurdlar kəndi yüksəkliyində gedən döyüşlərdə post yaxınlığına düşən mərmidən yaralanaraq kəllə-beyin travması və digər xəsarətlər almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin “c” yarımbəndinə əsasən, əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa, hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarını çıxarır. Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış etirazdan görünür ki, cavabdeh iddiaçının xəsarət aldığı tarixin (xx.xx.1992) onun hərbi xidmət keçdiyi tarixlər (xx.xx.1995-xx.xx.1998) aralığına düşməməsini əsas gətirərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Lakin, məhkəmə hesab edir ki, bu yanaşma düzgün deyil. Belə ki, iddiaçının xəsarət aldığı tarix onun həqiqi hərbi xidmət keçdiyi dövrə aid olmasa da, həmin tarixdə (xx.xx.1992) o, müharibədə iştirak etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2111/2020 nömrəli qərarında qeyd olunur ki, qanunvericiliyin tələblərinə əsasən, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adının verilməsi üçün onların adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarda qeyd edilməli və bu siyahılar döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti başçısının Qasımlı kənd İƏD üzrə nümayəndəliyinin 27 mart 2021-ci il tarixli, 15 nömrəli 1988-1991-ci il tarixlərdə Qarabağ hadisələri zamanı özünümüdafiə dəstələrində iştirak edən şəxslərin adlı siyahısından müəyyən olunur ki, İddiaçı həmin dəstələrdə iştirak etmişdir və həmin siyahı onun döyüşlərdə iştirakını sübut edən digər sənədlərlə birgə təqdim edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarına əsasən, 09 oktyabr 1991-ci il tarixdən 10 may 1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş şəxslər "Müharibə veteranı" hesab olunurlar. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının həqiqi hərbi xidmət keçdiyi tarixlərdən əvvəl müharibədə iştirak etdiyi və xəsarət aldığı tarix yuxarıda qeyd olunan Qərarda göstərilən tarixlər aralığına aid olunur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Göründüyü kimi, Əsasnamədə "şəhadətləndirilmə" anlayışı yalnız hərbi xidmətdə olan şəxslərə aid edilsə də, məhkəmə hesab edir ki, bu yanaşma düzgün deyil. Belə ki, iş üzrə İddiaçı 1992-ci il tarixdə 15 yaşı olmasına baxmayaraq, hərbi əməliyyatlarda iştirak etməsi və xəsarətlər alması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2111/2020 nömrəli qərarı ilə təsdiq olunub və ona "müharibə veteranı" adı və vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin: - 5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur; - 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbihəkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. - 7.3-cü bəndinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir; - 7.4-cü bəndinə görə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim kimissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şahədətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh tərəfindən şəhadətləndirilməli və müvafiq qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı şəhadətləndirilməsi və müvafiq qərarın qəbul edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar